525.Az

Müdriklik və əzmkarlıq yolu


 

Müdriklik və əzmkarlıq yolu<b style="color:red"></b>

Yaradıcılıq yaşla ölçülmür. Onunla ömrün istənilən vaxtında məşğul olmaq mümkündür.

Tədqiqatçı-yazar 77 yaşlı Süleyman Kəbirli öz fədakar yaradıcılıq fəaliyyəti ilə bunu bir daha sübut edib. O, həyatının ahıl dövründə geniş araşdırmalar apararaq qədim türk tayfalarından olan kəbirlilərin tarixinin və mənşəyinin öyrənilməsi istiqamətində önəmli addımlar atıb. Tədqiqatçı son illər qələmə aldığı "Tarixi mahal-Kəbirli eli" (2013) və "Kəbirlilərin genologiya tarixindən" (2017) adlı kitablarını nəşr etdirməklə öz yaradıcılıq imzasını təsdiq etməyi bacarıb. Sözügedən tədqiqat əsərləri elmi ictimaiyyətin və mütəxəssislərin diqqətini çəkib. Müəllif böyük həvəs və zəhmət hesabına ərsəyə gətirdiyi bu əsərlər üzərində işləyərkən mövcud ədəbiyyat və arxiv materialları ilə yanaşı, özünün zəngin həyat təcrübəsindən, bilgilərindən yetərincə faydalanıb. İxtisasca kənd təsərrüfatı mütəxəssisi olan Süleyman Kəbirli sovetlər dönəmində uzun illər rəhbər vəzifələrdə çalışıb. O, həmin illərdə də tarixi araşdırmalar aparmaq, el-obalarımızla bağlı yazılar dərc etdirmək fikrində olub. Lakin həmin vaxt buna imkan tapa bilməyib. Yalnız Ağgöl Dövlət Qoruğunun direktoru vəzifəsində işləyərkən bir sıra elmi tədqiqatlar aparıb, gölün flora və faunası, eləcə də ekologiya, təbiətin mühafizəsi ilə əlaqədar məqalələr yazıb, çap etdirməklə kifayətlənib.

Tədqiqatçı-yazarın məhsuldar yaradıcılıq fəaliyyəti müstəqillik dövrünə təsadüf edir. Müstəqillik qazanıldıqdan sonra respublikamızda soykökümüzə qayıdış, milli kimliyimizin, tariximizin öyrənilməsi üçün geniş imkanlar yaranıb. Bu imkan və şəraitdən lazımınca istifadə edən yazar öz çoxdankı arzularını gerçəkləşdirməyə nail olub. Bununla əlaqədar bir çox tanınmış tarixçi alimlərlə görüşüb, onlardan dəyərli məsləhətlər alıb. O, eyni zamanda, ara-sıra müxtəlif mövzularda məqalələr yazıb, dərc etdirməyi də unutmayıb. Həmin dövrdə onun "Tərəkəmə" qəzetinin redaktoru kimi fəaliyyətə başlaması mühüm əhəmiyyət kəsb edib. Süleyman Kəbirli burada yaradıcı insanlarla sıx təmasda olub, qəzet səhifələrində, almanaxlarda maraqlı faktlara söykənən yazılarla çıxış edib. Tədqiqatçı-yazar sonrakı illərdə yaradıcılıq fəaliyyətini, arışdırmalarını uğurla davam etdirib. 2012-ci ildə "Qızıl qələm" media mükafatına layiq görülüb. 2013-cü ildə işıq üzü görən "Tarixi mahal-Kəbirli eli" adlı kitabı mətbuatda geniş rezonas doğurub, ölkəmizdə, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən ünvanına saysız-hesabsız məktublar, müraciətlər daxil olub. Bundan ruhlanan tədqiqatçı mühüm tarixi məqamları əks etdirən "Kəbirlilərin genologiya tarixindən" adlı ikinci kitabını da oxuculara yenicə təqdim edib.

Süleyman Kəbirli haqqında "Ədalət", "525-ci qəzet", "Əsrin ziyalıları, "Yeniləşən Azərbaycan", "Yurd həsrəti", "Aran" və sair qəzetlərdə, Eko-sivilizasiya beynəlxalq jurnalında, "XX-XXI əsərlərin yaradıcı və ziyalı insanları" ensiklopediyasında maraqlı yazılar dərc olunub, onun ədəbi, elmi fəaliyyət yüksək dəyərləndirilib.Tarixçi alim Əlvan Əliyevin "Türkistan" qəzetində çap olunmuş "El-oba savadlısı" adlı məqaləsi bu baxımdan çox səciyyəvidir. Azərbaycanda yaşayan türk tayfalarının tanınmış tədqiqatçılardan sayılan Ənvər Çingizoğlu da onun ünvanına xoş sözlər səsləndirib. Onların birgə dərc etdirdikləri "Bahadurilər" adlı məqalə mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Süleyman Kəbirli bu gün də böyük həvəs və məsuliyyətlə çalışır, tarixi araşdırmalarını daha da genişləndirir. Yorulmaq bilməyən bu insan İran, Türkiyə və digər Şərq ölkələrinə səfərlər edərək Kəbirli eli haqqında daha ətraflı məlumatlar toplayıb yeni bir kitab yazmaq haqqında düşünür. Ağcabədi rayonunun Salmanbəyli kəndində yaşayıb-yaradan Süleyman Kəbirli adıçəkilən bölgədə, eləcə də bütün Qarabağda sayılıb-seçilən ağsaqqallardandır. Böyük hörmət və nüfuz sahibi kimi o, regionun ictimai həyatında, xeyir-şər məclislərində, mərasimlərdə, el şənliklərində, mühüm siyasi, elmi, mədəni tədbirlərdə yaxından iştirak edir. Onun 75 illik yubileyi ictimaiyyət tərəfindən təntənə ilə qeyd edilib.         

Yeni Azərbaycan Partiyasının fəal üzvü, Ağcabədi rayon ağsaqqallar şurası sədrinin müavini olan Süleyman müəllim əhali arasında geniş ictimai-siyasi iş aparır, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində əlindən gələni əsirgəmir. Onun cəsarətli çıxışları, müdrik sözləri və məsləhətləri hər kəsdə ruh yüksəkliyi yaradır, sabaha olan inam hissini daha da artırır.

Yəhya PAŞAZADƏ

 





25.07.2017    çap et  çap et