525.Az

Bakı-Moskva əlaqələri intensivləşib


 

"SOÇİ GÖRÜŞÜ ERMƏNİLƏRİN AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNİN KORLANMASI ÜÇÜN GÖSTƏRDİKLƏRİ BÜTÜN SƏYLƏRİ HEÇƏ ENDİRİB"

Bakı-Moskva əlaqələri intensivləşib<b style="color:red"></b>

Məlum olduğu kimi, iyulun 21-də Rusiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev həmkarı Vladimir Putinlə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələləri geniş müzakirə edilib. Həmçinin, danışıqlar zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələri və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir.

Bildirilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb və qarşıdan gələn dövrdə də heç bir nəticə verməyəcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunub, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

Beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə qeyd edib ki, Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşü göstərib ki, prezidentlər arasında münasibətlər o qədər səmimidir ki, onlara müəyyən məsələləri həll etmək üçün xüsusi protokol lazım olmur. O, SİA-ya bildirib ki, Rusiyanın dövlət başçısına Azərbaycan prezidentinin xahişi kifayət edir ki, onlar Soçiyə gəlib mühüm məsələləri sərbəst şəkildə çözsünlər: "Təbii ki, bu, böyük göstəricidir".

Son aylar Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərdə müəyyən müəmmalı məsələlərin ortaya çıxdığını deyən ekspert söyləyib ki, Soçi görüşü ermənilərin Azərbaycan-Rusiya münasibətlərinin korlanması üçün göstərdikləri bütün səyləri heçə endirib, silə bilər: "Hətta prezidentlərin görüşündə də qeyd edilib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bəzi regional qüvvələri, yəni, Ermənistanı və beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri kənardan belə müdaxilə cəhdlərinin baş tutmasına imkan verməyib. Çox maraqlı vəziyyət yaranır. Adətən Rusiya-Ermənistan birgə hərbi qruplaşması ilə bağlı bəyanatları nədənsə yalnız erməni tərəfi verir və ya yalnız öz xeyrinə şərh edir. Onlar da bunu elə təqdim edirlər ki, guya bu qruplaşma məhz Azərbaycana qarşı yaradılıb. Amma Rusiya tərəfindən heç bir rəsmi şərh və ya reaksiya yoxdur. "İskəndər" raketlərinin Ermənistana verilməsi ilə bağlı şərhləri də yalnız Ermənistan tərəfi verib, Rusiya tərəfdən heç bir açıqlama olmayıb. Ona görə də, raketlərin hansı şərtlərlə, hansı məqsədlər üçün verildiyi müəmmalıdır. Bəli, Ermənistan çalışır ki, Rusiya-Azərbaycan münasibətləri korlansın".

İ.Vəlizadənin sözlərinə görə, buna səbəb son illər bu münasibətlərin səviyyəsinin çox yüksəlməsi və onun intensiv dinamikaya malik olmasıdır: "Təkcə onu demək yetər ki, Rusiya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı, ölkəmizdə qeyri-neft sektoruna sərmayə qoyan 3 ölkədən biridir. Bundan başqa, turizm sektorunda əlaqələrdə irəliləyiş müşahidə edilir. Bunun nəticəsidir ki, Rusiyadan Azərbaycana gələn turistlərin sayında çox böyük artım var. Həmçinin, "Şimal-Cənub" nəqliyyat dəhlizi reallaşmaq üzrədir. Bununla bağlı bir neçə gün əvvəl iki ölkənin dəmir yol idarələrinin rəhbərləri görüşərək konkret məsələləri müzakirə ediblər. Təbii ki, bütün bunlar Ermənistan tərəfində narahatlıq doğurur. Rusiyanın Azərbaycanla münasibətləri dərinləşdikcə Ermənistana maraq azalır. Rusiya sərmayələri Ermənistana yox, Azərbaycana axır. Düzdür, bütün bunlarla yanaşı, son vaxtlar bir qədər gərginlik, təşkilatlar, məmurlar arasında münasibətlərdə müəmma hiss olunurdu. Məhz bu səbəbdən də prezidentlər Soçidə görüşməklə sözügedən məsələlərə aydınlıq gətirib, onlarla bağlı qərar qəbul ediblər".

Ekspert əlavə edib ki, görüş zamanı hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa isə hesab edir ki, prezident İlham Əliyevin Rusiyaya səfəri və Vladimir Putinlə Soçidəki görüşü Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Rusiya tərəfindən müəyyən addımların yumşaldılması, ermənilərə dəstəyin azaldılması istiqamətində danışıqların aparılmasının vacibliyini vurğulayan deputat söyləyib ki, Azərbaycan ilə Rusiya bir sıra problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır: "Bundan əlavə, iki ölkə arasında sərhədyanı problemlər gündəmə gəlib, ermənilərin uşaq ölümləri ilə bağlı atdığı addımlar da narahatçılıq yaradır. Bu baxımdan Azərbaycanla Rusiya arasında söhbət aparıb bu məsələlərin həllini tapmaq hər kəsin marağındadır".

F. Mustafa Soçi görüşünün faydalı olduğunu dilə gətirməklə yanaşı, yaxın gələcəkdə görüşün müsbət nəticələrinin olacağını da qeyd edib: "Rusiyada yaşayan azərbaycanlıların da turizm və digər problemləri məsələləri var. Bu məsələlərin həlli baxımından Soçi görüşü çox faydalıdır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, prezidentlərin Soçi görüşü iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həll yollarının müzakirə edildiyini xatırladan deputat söyləyib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün daha çox Rusiya ilə təmasda olmalı, problemi müzakirə etməlidir: "Çünki hər kəsə bəllidir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın forpostudur. Belə olan halda, düşmən ölkənin qərar qəbul etmək imkanı yoxdur".

Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasən Rusiyadan asılı olduğunu dilə gətirən Q. Həsənquliyev qeyd edib ki, Rusiya ilə yanaşı, Minsk qrupunun digər həmsədr ölkələri olan Fransa və ABŞ da problemin həllində öz sözünü demək imkanına malikdir: "Bütün bunları nəzərdən keçirdikdə prezidentlərin Soçi görüşünü əhəmiyyətli hesab edirəm. Bu görüş, eyni zamanda, Azərbaycan-Rusiya əlaqələrinin inkişafı aspektindən də mühümdür".

Ceyhun ABASOV

 





27.07.2017    çap et  çap et