525.Az

Sumqayıt səhnəsində "Ocaq"a daxili baxış


 

Sumqayıt səhnəsində "Ocaq"a daxili baxış <b style="color:red"></b>

Sumqayıt Dövlət Dram Teatrında görkəmli türk yazarı Turgut Özakmanın "Ocaq" əsərinə daxili baxış keçirilib.

Əsərin səhnə yozumu çox maraqla qarşılanıb. Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır.
 
Nənənin (əməkdar artistlər Fəranə Musayeva və Növrəstə Həşimova) xidmətçi çağırışı ilə başlayan tamaşada bir neçə dəqiqədən sonra məlum olur ki, özünü paşa arvadı zənn edən nənə xəyal buludlarının üstündə qanad çalır və hər kəs bu yalan ocağının altına köz qoymaqla nənə üçün oynayır.
 
Rejissor - Əməkdar artist Firudin Məhərrəmov oyun içində oynu məharətlə qurur. Ata (Əməkdar artist Rauf Ağakişiyev) çarəsizlik dənizində boğula-boğula saman çöpü axtarır, amma anlaya bilmir ki, saflığı və xəyalpərəstliyi onu uçuruma aparır.
 
Əməkdar artist Rauf Ağakişiyev psixoloji nüansları ustalıqla təqdim edir. Ana (Xatirə Süleymanova və Sədaqət Nuriyeva ) rejissor tərəfindən hər kəsi birləşdirməyə çalışan, pərəm-pərəm düşmüş ailəni uçurumdan qoruyan güclü obraz olaraq göstərilir. Böyük oğul - Nihat (Əməkdar artist Cəlal Məmmədov) vecsizin biridir. Ortada yeyib qıraqda gəzir, saxta qayğıkeşliyini tez-tez nümayiş etdirir. Ortancıl oğul- Fazil işləyir, mənəvi və fiziki əziyyətlərin girdabında vurnuxur, amma acı həqiqəti söylədiyindən heç kimə xoş gəlmir. İstedadlı aktyorlar Oktay Mehdiyev və Habil Xanlarov Fazilin daxili iztirabları ilə zahirdən acıdil olmağının vəhdətindən doğan faciəni məharətlə tamaşaçıya çatdırır. Üçüncü oğul Özcan da hərdəmxəyal və vecsizdir.

Obrazı canlandıran Şəmistan Süleymanlı və Amil rolun öhdəsindən gəlirlər. Evin qızı - Sevda (Şəhla Məmmədova və İlahə Səfərova) fiziki qüsurludur. Evin sıxıntısından bezən qız sevgini çöldə arayır. Lakin yanlış seçim qızın xoşbəxtliyi tapmasına mane olur. Finalda nənə pərdəni açıb "paşam gəldi" sevinci ilə qışqırır. Bu xəbəri eşidən hər kəs sükut heykəli kimi yerində donur. Məhz burda quruluşçu rejissor - Firudin müəllimin rejissor traktovkası bəlli olur. Ümidsiz olmayın, ümidsiz yaşamaq düzgün deyil. Və "hər gecənin bir sabahı, hər qaranlığın bir işığı var" mesajı verilir.

Ümumiyyətlə, tamaşa çox uğurlu alınıb. Bu uğurda rejissor ideyasından tutmuş quruluşçu rəssamın, musiqi tərtibatçısının işinə, aktyorların oyun tərzinə qədər hər kəsin payı var. Hər bir aktyor maraqlı çalarlarla öz obrazının portret cizgilərini tamamlaya bilib. Elə daxili baxışdan sonrakı müzakirədə çıxış edənlər də bu cəhətləri xüsusilə qeyd etdilər.

Qeyd edək ki, Əməkdar artist Firudin Məhərrəmovun quruluşunda "Ocaq" tamaşası yeni mövsümdə tamaşaçılara nümayiş etdiriləcək.

 





27.07.2017    çap et  çap et