525.Az

Ana dilimizi və milli poetik düşüncəni yaşadan poeziya - Fotolar


 

GÜNEY AZƏRBAYCANLI ŞAİR HADİ QARAÇAYIN ŞEİRLƏR TOPLUSUNUN TƏQDİMATI OLUB

Ana dilimizi və milli poetik düşüncəni yaşadan poeziya - <b style="color:red">Fotolar</b>

İyulun 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Güney Azərbaycandan olan şair Hadi Qaraçayın "Barışa inanma, Fərihcəm!" şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə tanınmış yazarlar, ədəbiyyatşünaslar, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Kitabın tərtibatçısı və ön sözün müəllifi, AMEA Nizami adına Ədəbiyyat İnsititutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad Hadi Qaraçayın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O qeyd edib ki, bu kitab əslində aprel ayında təqdim olunmalı idi, ancaq şairin Azərbaycana gəlişi gecikdiyindən təqdimat da uzanmalı oldu. E.Fuad H.Qaraçayın şeirlərinin dilini xüsusi qeyd edib və deyib ki, onun dili təmiz Azərbaycan türkcəsidir: "Hadi bəy fars rejiminin hakim olduğu mühitdə doğulub böyüsə də, öz ana dilini - Azərbaycan türkcəsini heç zaman unutmayıb. O, bu dili sevən, qoruyan, onu bayraqdar edən, onun inkişafı üçün fədakarcasına çalışan, töhfələr verən bir şairdir. Onun bütün yaradıcılığında türk kimliyi vulkan kimi püskürür. Məhz bu bağlılığının nəticəsidir ki, Hadi bəy də yüzlərlə, minlərlə güneyli soydaşımız kimi orada yaşamaq hüququndan məhrum edilib. Məhz türk dilində təhsil arzusu onun ali təhsil almağına mane olub. Hadi bəy özü kitabın çapını o qədər önəmli hesab etməsə də, mən düşündüm ki, onun yaradıcılığını əhatə edə biləcək bir kitaba ciddi ehtiyac var. Çünki bundan əvvəl çıxan üç kitab kiçik həcmli idi. Mən onun yaradıcılığındakı bu yanğıya, həsrətə, əzaba biganə qala bilməzdim. Mən düşündüm ki, axı niyə Azərbaycan oxucusu Hadi Qaraçayı olduğu kimi tanımasın? Hadi Qaraçay cəmi bir obrazın adını çəkməklə onun arxasında elə dərin mənalar verir ki, bu, şairin poetik ustalığıdır".

E.Fuad çıxışında Hadi Qaraçayın məhəbbət mövzulu şeirlərinə də toxunub: "Mən Güney azərbaycanlı şairlərin bir xüsusiyyətini sevirəm ki, əksəriyyətində, məhəbbət mövzulu şeirləri bir qadına, qıza, yəni bir fərdə sevgi ilə başlayıb yüksələn xətlə inkişaf edir və torpağa, vətənə məhəbbətə çevrilib, elə bu məhəbbətlə də bitir. Hadi Qaraçayın şeirlərində Bayat qızı obrazı var. Bununla da biz onda kökünə bağlılığı müşahidə edirik. Kökə bağlılıq şairin əbədiliyinin təminatçısıdır. Onun dilində "Orxon-Yenisey" abidələrindən gəlmə ifadələr belə var".

E.Fuad gələcəkdə gənc ədəbiyyatşünasların, tənqidçilərin Hadi Qaraçayın yaradıcılığını və kitabını tədqiqat mövzusu kimi araşdırıb öyrənəcəklərinə inandığını da deyib.

Tanınmış ədəbiyyatşünas professor Cavanşir Yusifli Hadi Qaraçayın şeirlərinin poetikasından, bədii məziyyətlərindən söz açıb: "Hadi Qaraçayı qiyabi olaraq on beş ilə yaxındır tanıyıram. Təkcə Hadi bəy deyil, Avropada yaşayıb bizim dildə yazan bir çox güneyli şairin yaradıcılığı ilə tanışam. Onun şeirlərinin poetikası, intonasiyası məxsusidir, orijinaldır. O, müasiri olduğu poeziyada öz dəsti-xətti ilə seçilən şairlərdəndir. Hadi Qaraçayın şeirlərini səsli oxuyarkən xüsusi intonasiya yaratmağa, səslə oynamağa ehtiyac yoxdur, şeir, sözlər bunu özü yaradır. Onun qəribə obraz, metafora, epitet yaratmaq xüsusiyyəti var. Sanki bu şeirlərdə hər şey anidən yaranır və yox olur. Bu da yeni-yeni obrazların, çalarların yaranmasına meydan açır. Onun şeirlərini oxuyarkən dərk edirsən ki, əvvəlki biliklərdən imtina etmək lazımdır. Onun şeirlərinə əvvəl öyrəndiyin biliklərlə, qəliblərlə yanaşmaq olmur. Bu şeirlər irrasional gerçəkliklə reallığın kəsişdiyi nöqtədə yaranır. Kitabın dizaynı haqqında deyə bilərəm ki, şairlə tərtibatçının adının bir arada yer alması orijinal bir nüansdır. Şeirlər kitabının forması çox önəmlidir. Şair öz kitabını hiss etməlidir. Çünki kitab dərin bir anlayışdır".

AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz Hadi Qaraçayın Güney Azərbaycan ədəbiyyatındakı yerindən danışıb, onu ədəbiyyatda sözünü demiş şair adlandırıb: "Hadi bəy haqqında danışmaq həm asan, həm də çətindir. Ümumən Cənubi Azərbaycan ədəbiyyatından danışmaq çətindir. Çünki hamı yazır, ancaq əsas məsələ kimin nə yazdığı, necə yazdığıdır. Təsəvvür edin ki, belə bir mühitdə qələm və söz sahibi olmaq necə çətindir. Hadi Qaraçay mənim təsəvvürümdə bir növ Əhməd Şamlını xatırladır. Onun bəzi şeirləri mənim yaddaşımda çox ciddi şəkildə yer edib. Hadi Qaraçay şair və ədəbiyyatçı kimi öz sözünü demiş qələm sahibidir. Mən çox istərdim ki, AYB-də də Hadi Qaraçayın yaradıcılıq gününü keçirək".

Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı H.Qaraçayın yaradıcılığındakı ağrılara, vətən həsrətinə, yurd sevgisinə toxunub: "Həmişə düşünmüşəm ki, böyük ədəbiyyat ağrıdan doğulur. Ya da belə də demək olar, ədəbiyyat ağrıdan doğulanda böyük görünür. Bu kitabda toplanan poeziya nümunələri də böyük ədəbiyyatın bir zərrəsidir. Çünki onlar da ağrıdan doğulub. Bu ağrı bir şairin ağrısı deyil. Bu ağrı torpağı parçalanmış, taleyi yaralanmış bir millətin ağrısıdır. Bu şeirlər ona görə bu qədər əzab yüklüdür ki, müəllifin gözləri həmişə yol çəkib, o taydan bu taya, bu taydan o taya həsrətlə baxıb, ana dili dar ağacında pərçimlənib, doğma dilinə qadağalar qoyulub. Mən arzu edərdim ki, bu ağrıların nəhayət sonu yetişsin".

Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə öz çıxışında Hadi Qaraçayın poeziyasında Şərq-Qərb sintezi məsələsinə toxunub: "Adətən, biz özümüzü şərqə aid edirik. Ancaq son zamanlar poeziyamızda "ağ şeir" adlanan bir inqilab baş verir. Biz Hadi bəyin yaradıcılığında bu inqilabın ictimai-siyasi istiqamətini görürük. Bu şeirlərdə biz müəllifin qərbi, dünyanı necə mükəmməl mənimsədiyini, qloballaşmanın nüanslarını necə dərindən duyduğunun, ifadə texnologiyasına sahib çıxmağının şahidi oluruq. Özü də bunları ali təhsili, əsasən də ədəbiyyat təhsili olmayan birisinin duyması və öz şeirlərində əks etdirməsi daha böyük heyrətə səbəb olur. Bu şeirlərdə həm də gözəl bir sintez var: Şərq təfəkküründən gələn ənənəvi forma, məzmun, ideya yenilikçi Qərb təfəkkürü ilə çuğlaşır".

Q.Mirzəzadə kitabın tərtibatçısı Esmira Fuadın Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi yolunda gördüyü işlərdən də söz açıb: "Mən Cənubi Azərbaycan ədəbiyyatını öyrənmək, orada gedən ədəbi prosesin üslub-təmayülü izləmək baxımından Esmira xanımın yaradıcılığını çox yüksək qiymətləndirirəm. O, bizə məlum olmayan, adlarını belə eşitmədiyimiz bir sıra müəllifləri öz zəhməti hesabına araşdırıb üzə çıxarır, bizə tanıdır. Artıq orada ədəbi tənqid də inkişaf etməyə başlayıb, yazıçıların özü belə ədəbi prosesə qiymət verməyi bacarırlar. Bu, yalnız yazıçı tənqidi deyil, həm də tənqidçiliyin özünü hərəkətə gətirən, canlılıq yaradan bir lokomotivlərdir. Düşünürəm ki, bu cür kitabların hazırlanması və belə yüksək səviyyədə təqdimatının keçirilməsi ədəbi əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcək".

Hadi Qaraçayı yeni kitabı münasibətilə təbrik edən filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı onunla tanışlığından danışıb: "Mən Hadi bəyi çoxdan tanıyıram. Hətta onun ilk dəfə Azərbaycana gəldiyi vaxtlardan tanışlığımız var. Onu gördüyüm ilk gündən onun enerji qaynağı olduğunu düşünmüşəm. Sanki o, bunca ağrının, acının, sıxıntının, məhrumiyyətlərin deyil, son dərəcə müasir, dili, mədəniyyəti inkişaf etmiş bir yerdən gəlib. Onun şeirləri də özü kimi qəribədir. Dünyada başqa bir nümunə tapmaq mümkün deyil ki, bir xalqa 200 il öz dili qadağan olunsun. Öz dilində qəzeti, məktəbi, sənədləşməsi yasaqlansın, ancaq həmin xalq bu qadağan olunmuş dildə gözəl, saf, təmiz ədəbiyyat yaratsın. Mən güneydə olarkən onların bir-biri ilə təmiz Azərbaycan türkcəsində danışığına sadəcə heyrət edirəm. Axı, bu xalq bu qədər məhrumiyyətlərin, qadağaların içərisində bunu qoruyub saxlamağı necə bacarıb? Bu da çox böyük sevgi və istedad tələb edir. Hələ nəzərə almalıyıq ki, Hadi Qaraçay yad yerdə - Avropada yaşayır. Bu faktın özü belə ona bu cür təmiz dildə şeirlər yaratmağa mane ola bilmir".

Daha sonra Mənzər Niyarlı, Abdulla Cavanşir, Qumru Şəhriyar, Kəmalə Abıyeva, Səfurə Quliyeva, Şahbaz Şamıoğlu və başqaları Hadi Qaraçayı yeni kitabı münasibətilə təbrik edib, təşəbbüsə görə Esmira Fuadı alqışlayıblar.

Tədbir boyunca Esmira Fuad Hadi Qaraçayın kitabda yer almış "Mənim otuz yaşıma, yurdumun bayraqsız başına şeir", "Bir qadın tanıyıram" şeirlərini səsləndirib.

Sonda Hadi Qaraçay başda Esmira Fuad, AMEA MEK-in rəhbərliyi olmaqla kitabın araya-ərsəyə gəlməsində əziyyəti keçən, tədbirdə çıxış edən hər kəsə təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 





27.07.2017    çap et  çap et