525.Az

"Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindəndir"


 

"Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindəndir"<b style="color:red"></b>

Prezident İlham Əliyevin tövsiyəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, "Erasmus+", "ALADDİN layihəsi" və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən "Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya" adlı V Beynəlxalq multikulturalizm yay məktəbi iyulun 27-də Qaxda işini davam etdirib.

AzərTAc xəbər verir ki, yay məktəbinin dördüncü günü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun "Azərbaycan Respublikasının multikulturalizm siyasətinin onun xarici siyasətinə təsiri" mövzusunda mühazirəsi dinlənilib.

Etibar Nəcəfov bildirib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Ölkəmizdə multikulturalizm siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaradıb.

Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Etibar Nəcəfov deyib: "Ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə dövlət səviyyəsində yüksək önəm verilməsini, ilk növbədə, Azərbaycan Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını qeyd etmək olar. Mərkəzin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, həmçinin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir. Multikulturalizmi təbliğ edən Azərbaycan onu azərbaycançılıq məfkurəsinin tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırıb. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına və dövlət siyasətinə çevrilməsi ilə bağlıdır".

Mühazirədə vurğulanıb ki, multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin mühüm istiqaməti kimi, ölkənin xarici siyasət fəaliyyətinə də müsbət təsir göstərir: "Multikulturalizm Azərbaycan Respublikasının uğurlu xarici siyasətinin mühüm amili kimi çıxış edir. Bu, özünü, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında göstərir. Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Ölkənin uğurlu xarici siyasəti isə öz növbəsində, onun daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasətinə müsbət təsir göstərir, bunun daha da davamlı olmasına şərait yaradır" - deyə Etibar Nəcəfov bildirib.

Mühazirəçi sonra iştirakçıların mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları günün ikinci yarısında Qəbələ rayonunun tarixi məkanları ilə tanış olacaq, "Tufandağ" yay-qış turizm istirahət kompleksinə ekskursiya edəcəklər.

Tədbirdən sonra jurnalistlərə açıqlama verən Etibar Nəcəfov deyib: "Azərbaycanda Beynəlxalq multikulturalizm yay və qış məktəbləri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ildən keçirilir. Builki Beynəlxalq multikulturalizm yay məktəbinin böyük əhəmiyyəti var və sayca beşincidir. Bu gün Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bu baxımdan Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nailiyyətləri bütün dünyaya çatdırmaqda belə tədbirlər çox böyük rol oynayır".

Ötən illərki tədbirlərdən fərqli olaraq, builki yay məktəbinin keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, UNESCO, Azərbaycanın Gənc Dostları Klubu, "Erasmus+" və "ALADDİN layihəsi" təşkilatlarının da yaxından iştirak etdiklərini diqqətə çatdıran Etibar Nəcəfov deyib: "Yay məktəbində 26 ölkədən 60-dək tələbə, magistr və alim iştirak edir. Tələbələrin əksəriyyəti xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmi fənnini öyrəniblər. Hazırda bu gənclər nəzəri şəkildə öyrəndikləri, əldə etdikləri bilikləri Azərbaycan gerçəkliyində öz gözləri ilə görür, canlı şahidi olurlar".

Etibar Nəcəfov Azərbaycan həqiqətlərinin, ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərin təbliğində, dünyaya çatdırılmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

 





28.07.2017    çap et  çap et