525.Az

Soçi görüşü regional münasibətlər kontekstində


 

"RUSİYA SİYASƏTÇİLƏRİ VƏ İCTİMAİ XADİMLƏRİ, NƏHAYƏT, AYDIN ŞƏKİLDƏ DƏRK ETMƏLİDİRLƏR Kİ, ONLARIN ƏSL DOSTU KİMDİR"

Soçi görüşü regional münasibətlər kontekstində<b style="color:red"></b>

Ötən həftə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən Soçi görüşü iki ölkə arasında münasibətlərin yaxın gələcəyinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malik idi.

Təsadüfi deyil ki, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələləri geniş müzakirə edilib. Həmçinin, danışıqlar zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələri və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir.

Bildirilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb və qarşıdan gələn dövrdə də heç bir nəticə verməyəcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunub, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elmira Axundova qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin iyulun 21-də Soçidə keçirdiyi görüş son vaxtlar ikitərəfli münasibətlərdə müşahidə edilən bəzi gərginliklərin aradan qaldırılması baxımından olduqca əhəmiyyətli oldu. O, AZƏRTAC-a bildirib ki, azərbaycanlıların Rusiyada ən böyük diaspor təşkilatının - Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ətrafında Rusiyanın dövlət strukturlarından bir sıra rəsmi nümayəndələrin Azərbaycan ictimaiyyətində təəccüb doğuran, dostluqla bir araya sığışmayan bəyanatlarını və digər məsələləri nəzərdə tutur: "Əlbəttə, bütün bu neqativ informasiyalar əsası hələ XXI əsrin əvvəlində ulu öndər Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulmuş dövlətlərarası münasibətlərimizin möhkəm təməlini sarsıda bilməz. Lakin biz başa düşürük ki, Rusiyada, o cümlədən, hökumət dəhlizlərində qəsdən çaşqınlıq yaratmaq və regionun ən qüdrətli dövləti ilə əlaqələrimizin gələcək davamlı inkişafına mane olmaq istəyən qüvvələr heç də az deyil. Buna görə də dövlət başçıları arasında şəxsi münasibətlər dünyanın müasir siyasi sistemində ən mühüm amildir. İndiki vəziyyətdə də bu, məhz belədir".

E,Axundovanın sözlərinə görə, tanınmış tarixçi, deputat Musa Qasımlı düzgün müşahidə edib ki, bu görüş Rusiyanın dövlət və ictimai strukturlarında, xüsusilə kütləvi informasiya vasitələrində özünə yer etmiş erməni lobbisinin nümayəndələrinə özünəməxsus cavabdır: "Rusiya Federasiyasının siyasətçiləri və ictimai xadimləri, nəhayət, aydın şəkildə dərk etməlidirlər ki, onların əsl dostu kimdir və kim görüntü yaradır".

Deputat vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın mühüm rolu ilə əlaqədar Azərbaycan cəmiyyətinin gözləntiləri nəzərə alınmasa, Azərbaycan və Rusiya arasında, prinsipcə, xüsusi problemlər yoxdur: "Əlbəttə, biz istərdik ki, Rusiya bu istiqamətdə böyük fəallıq və prinsipiallıq göstərsin. Ondan çox şey asılıdır. Qafqazda sülh hamıya - Azərbaycana da, Rusiyaya da, sosial-iqtisadi problemlər girdabında boğulan Ermənistanın özünə də lazımdır. Dövlətimizin başçısının Türkiyə prezidenti və ABŞ dövlət katibi ilə danışıqları kimi, iki prezidentin görüşü də Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə və ədalətli həllinə xalqımızın ümidlərini artırıb".

Deputat Cavanşir Feyziyev də qeyd edib ki, Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüşlər ikitərəfli münasibətlərin inkişafına fayda verəcək. O, "Trend"-ə bildirib ki, Azərbaycan və Rusiya prezidentləri arasında görüşlər mütəmadi xarakter alıb: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təşkil olunmuş Minsk qrupunun həmsədrlərindən əhəmiyyətli birisidir, regionda əsas güc sahibidir və Azərbaycan üçün də mühüm tərəfdaşdır. Bölgədəki münaqişələrin həlli istiqamətində Rusiya ilə daimi məsləhətləşmələr aparmaq da olduqca əhəmiyyətlidir. Eyni zamanda, Rusiya özünü Sovet İttifaqının varisi hesab edir və bu səbəbdən kökü SSRİ dövrünə gedib çıxan münaqişələrin həllində də məsuliyyət daşımalıdır. Hesab edirəm ki, Rusiya əgər bu münaqişələrin həlli istiqamətində əhəmiyyətli addımlar atmaq istəsə, bölgədəki bu problemlər qısa vaxtda həllini tapar".

C.Feyziyev qeyd edib ki, bu gün Azərbaycan Rusiya ilə müstəqil qonşuluq siyasəti aparır: "Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, ən böyük qonşusudur. Hesab edirəm ki, Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüşlər ikitərəfli münasibətlərin inkişafına fayda verəcək".

Siyasi ekspert Arzu Nağıyev isə söyləyib ki, prezident İlham Əliyevin Rusiyaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşü iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: "Bu görüşün məhz Rusiya rəhbərinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin etibarlı tərəfdaş olduğunu göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən proqnozlar da göstərir ki, regional problemlərin, iqtisadi, siyasi və hərbi məsələlərin həllində Azərbaycan əhəmiyyətli tərəfdaş və söz sahibidir. Məlumdur ki, regionda istər iqtisadi layihələr, istərsə də hərbi-siyasi məsələlərin həlli Rusiya və Azərbaycansız mümkün olmayacaq. Hərçənd ki, buna Ermənistan və Rusiya rəhbərliyində təmsil olunan ermənipərəst və anti-Azərbaycan qüvvələr mane olurlar və olacaqlar da. Ermənistan rəhbərliyinin bu ərəfədə Avropa və ABŞ-a meyllənməsi də Rusiyaya bir mesajdır. Təbii ki, Soçi görüşündə bizi maraqlandıran əsas məsələ dalana dirənmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesidir. ATƏT-in Minsk qrupunda təmsil olunan Rusiya SSRİ-nin varisi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır və Ermənistana hərtərəfli təzyiq mexanizminə malikdir. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlarla bağlı olub. İki dövlət başçısının bu məsələni təklikdə müzakirə etməsi mühüm məqamdır və düşünürəm ki, bu, münaqişənin həlli prosesinə öz töhfəsini verəcək".

A.Nağıyevin fikrincə, əsas məqamlardan biri də prezident İlham Əliyevin bu görüşdən öncə ABŞ-ın dövlət katibi Reks Tillerson və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsidir.

Ceyhun ABASOV

 





28.07.2017    çap et  çap et