525.Az

Məmməd bəy Cavanşirin xəzinəsi və Çingiz xanın itən məzarı


 

Məmməd bəy Cavanşirin xəzinəsi və Çingiz xanın itən məzarı<b style="color:red"></b>

Neçə əsrlərdi dünyanın bütün araşdırmaçıları, arxeoloqları Çingiz xanın məzarını axtarır. Axatırırlar, amma tapa bilmirlər.

Əmir Teymur vəsiyyət etmişdi ki, mənim məzarına toxunmayın, yoxsa qan su yerinə axacaq. Vəsiyyətini eşitmədilər, həm birinci dünya müharibəsinin, həm də ikinci dünya müharibəsini başlanmasındanbir az əvvəl Ulu Xaqanın məzarını açdılar, dünya qan içində üzdü. Belə bir fərziyə də var ki, əgər Çingiz xanın məzari tapılıb açlarsa, bütün dünya məhv olar. Təbii ki, alimlər Əmir Teymura inanmadıqları kimi Çingiz xanla bağlı bu ehtimala da inanmırlar. Amma Çingiz xanın məzarı tapılıb açılmasa da, deyəsən elə dünyanın sonudu.

Çingiz xanın məzarının itməsi ilə bağlı müxtəlif ehtimallar var. Biri də belədir:

Xan ölüm qabağı özünün ən inanılmış 25 əsgərini çağırır və deyir ki, məni heç kəsin ağlına gəlməyən bir yerdə dəfn edərsiz və bu sirri ömrü boyu heç kimə açmazsınız.

Sonra xan daha ən inanılmış 50 əsgərini yanına çağırır və deyir ki, gözləyin, məni dəfn edib qayıdanların hamısını qırın.

Sonra daha inanılmış 100 əsgərini çağırır və deyir ki, gözləyin, məni dəfn edib qayıdanları qıran əsgərlərin hamısını sonra siz qırarsınız. Və beləliklə, məzarının yerinin sirr olmasını önləyir.

Görəsən, Çingiz xan niyə məzarının itməsini istəyirmiş? Təbii ki, bu suala cavab vermək çox çətindi. Xanlar xanı, dünyanın sahibi Çingiz xan Göy Tanrıya inanırdı. Göy Tanrı da təbii ki, laməkandı və gözə görünməzdi. Çingiz xan da öz dönəmində belə demək mümkünsə, Yer üzündə Tanrının türklərə göndərdiyi bir elçisiydi. Görünür, elə ona görə də Tanrıya qovuşarkən Tanrı kimi laməkan olmaq istəmişdi.

Belə bir hədis də var ki, Məhəmməd peyğəmbər (ə.s) də məzarının itməsini istəyirmiş. Ona görə də vəsiyyət edir ki, mən öləndən sonra bir nurani kişi gələcək, tabutumu bir dəvəyə yükləyib verərsiniz həmin nurani kişiyə və onu izləməzsiniz.

Peyğəmbər Allaha qovuşandan sonra həmin o nurani kişi gəlir və peyğəmbərin vəsiyyətini xatırladır. Peyğəmbərin tabutunu bir dəvəyə yükləyirlər və verirlər həmin adama. O da üz tutur səhraya. Xeyli gedəndən sonra hiss edir ki, onu izləyirlər. Çevrilir izləyənlərə qəzəblənir, günah işlətdiklərini deyir və qeyb olur.

Sonra peyğəmbərin vəsiyyətini yerinə yetirməyənlər Onun nəvələrinin başlarını kəsdilər.

Və daha sonra məzarının yerini dəyişmək istədilər. Bu təxminən ötən əsrin 20-ci illərində olub. Həmin zaman Atatürk Səudiyyə Ərəbistanın kralına kiçik bir məktub göndərir. Məktubda yazılır: «Səudiyyə kralı! Eşitmişəm Peyğəmbər həzrətlərinin məzarını söküb başqa yerdə dəfn etmək istəyirsən. O məzara toxunarsan, İstiqlal savaşını buraxıb qoşunlarımı götürüb enərəm aşağı!»

Səudiyyə Kralı da Atatürkün qorxusundan fikrindən daşınır. Belə-belə işlər!

Gələk Məmməd bəy Cavanşirin xəzinəsinə. Mən Çingiz xanını məzarıyla bağı fərziyələri oxuyarkən yadıma Pənah xanın nəvəsi, qarabağ qoşunlarının sərkərdəsi Məmməd bəy Cavanşir Batmanqılınc düşdü.

Tarixdən məlum olduğu kimi, Ağa Məhəmməd şah Qacar sübh namazından sonra Tiflisə hücum edir və günorta namazını da Tiflisdəki Şah Abbas məscidində qılır. Yəni bir neçə saata Tiflisi götürür. Və Tiflisdən çıxarkən də onun üzünə ağ olan vassalı İraklinin xəzinəsini də özü ilə götürür…

… İndi gopa basırıq ki, Qacar 40 gün Şuşanı mühasirəyə aldı, amma tuta bilmədi. Azərbaycan nağıllarından biri. Bir neçə saata Tiflisi ələ keçirən Qacar pah attonan Şuşanı 40 günə ala bilmədi?! Şuşanı dağıtmaq istəmirdi, yandırmaq istəmirdi. Çünki özünün din qardaşları yox ey, qan qardaşlarıydı, qohum-əqrəbasıydı. Ona görə də Şuşanı yandırmadı, dağıtmadı, camaatını qırmadı. Yalnız onun qabağını kəsən Məmməd bəyin Hindarx bölgəsində qoşunları ilə savaşdı və təbii ki, qalib gəldi və Şuşaya yollandı. Məmməd bəy bir az da Əsgəran qalasında müqavimət göstərdi, amma möhtəşəm Qacarın qarşısnda duruş gətirə bilmədi. Ona görə də Qacar Şuşaya çatanda xəbər göndərdi ki, sizi Tiflisin gününə salaram, qapıları açın! Şuşa da Qacarın önündə diz çökdü və qalanın açarlarını İbrahim xanın vəziri statusunda Molla Pənah Vaqif Qacara təhvil verdi…

… Qacarın ölümündən sonra müvəqqəti hakimiyyətə gələn Məmməd bəy Cavanşir Batmanqılınc Qacarın gətirdiyi xəzinəyə də sahib olmuşdu. Sonra Məmməd bəy Car-Balakəndə olan əmisinə elçi göndərmişdi ki, gəl, xanlığını təhvil al. Uzun müddət İbrahim xan qorxmuşdu ki, Məmməd bəy anasının və sevigilsini intiqamını ondan alar, Şuşaya qayıtmağa ürək eləməmişdi. Nəhayət, Məmməd bəyin çox təkidindən sonra təmtəraqlı Şuşaya qayıtmışdı. Bundan sonra Əbülfət ağa (İbrahim xanın oğlu) Məmməd bəyin yanın gedib deyir ki, atam səni öldürtmək istəyir. Təbii ki, İbrahim xan istəməzdi ki, iki qoçun başı bir qazanda qaynasın. Məmməd bəy də əmisindən inciyib Qacarın xəzinəsini də götürüb Şuşanı tərk eləmişdi.

Ehtimala görə, bu xəzinə təxminən 13 ton yarım qızıl və ləl-cəvahirat imiş.

Həmin xəzinənin də itməsi bağlı müxtəlif fərziyələr var.

Fərziyələrin də biri budu ki, Məmməd bəy öz nökərlərinə həmin xəzinəni Qarabağ dağlarının harasındasa basdırıb. Və sonra həmin nökərlərin hamısını qılıncdan keçrib ki, xəzinənin yerini kimsə bilməsin.

Amma Məmməd bəyin nəvəsi Əhməd bəy Cavanşir bu fərziyəni tamamilə təkzib edir. Yazır ki, Məmməd bəy Ağdam bazarından Qarabağı yaxşı tanımayan İran hamballarını götürüb, sonra onların gözlərini bağlayıb və aparıb dağlarda xəzinəni onlara basdırdıb. Sonra da gözübağlı qaytarıb Ağdam bazarına və bazarda gözlərini açıb.

Təbii ki, mən birinci ehtimala üstünlük verirəm.

Bu hadisədən bir az keçmiş Şəki xanı tərəfindən aldadılaraq Şəkiyə dəvət olunan Məmməd bəy Cavanşirə yemək zamanı bihuşdar verilir, yatırdılır, sonra elə yatdığı çarpayıya sarıyaraq Şamaxı xanına hədiyyə göndərilir. Şamaxı xanının da beş oğlunu Məmməd bəy Cavanşir döyüşdə öldürmüşdü. Amma xanın özünü öldürməmişdi, gözlərini çıxarmışdı. Demişdi ki, mən atasızlıqdan nə çəkmişəmsə, sən də get oğullarıyın o acısını çək! Çünki Şamaxı xanı Məmməd bəyin atası Mehralı xanı Şamaxıya qonaq çağıraraq namərdcəsinə öldürmüşdü.

Və beləcə, Məmməd bəyin qəfləti ölümü ilə də xəzinənin yeri itdi.

O xəzinəni də uzun illər axtardılar, tapa bilmədilər. Hətta qüdrətli Sovet hökuməti də 70 il Qarabağın dağlarını deşik-deşik elədi, xəzinəni tapa bilmədi. Sovetin xəzinəni axtarışının da özüm də dəfələrlə şahidi olmuşam, elə şuşalılar da, qarabağlılar da.

Yəqin ki, indi ermənilər axtarır, x.. taparlar.

Məmməd bəy haqqında «Batmanqılınc» adlı bir tarixi roman yazmışam. İki dəfə Azərbaycanda, bir dəfə də Türkiyədə yüksək tirajlarla nəşr olunub. Çox sevdiyim bir qəhrəmandı. Və Qarabağda onun haqqında çox əfsanələr dolaşır. Xaincəsinə öldürüləndə 35 yaşı varmış.

İndi Çingiz xanın itmiş məzarı haqqında oxuyanda istər-istəməz Məmməd bəyi xatırladım.

Və sonda. Şuşada Xəzinə qayası deyilən bir yer var. Ona görə Xəzinə qayası deyirdilər ki, guya Məmməd bəy xəzinəni orada basdırıb. Sovet hökuməti də oranı ha dəlik-deşik elıdi bir şey tapmadı.

Çox qəribədi ki, İbrahim xan ölüm hökmü çıxardığı adamları həmin Xəzinə qayasından atdırırdı.

 





28.07.2017    çap et  çap et