525.Az

Azərbaycan sosial mahiyyətli və humanist prinsiplərə söykənən dövlətdir


 

“ÖLKƏDƏ MÜASİR SOSİAL İNFRASTRUKTURUN YARADILMASI İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR YÜKSƏK QİYMƏTLƏNDİRİLMƏLİDİR”

Azərbaycan sosial mahiyyətli və humanist prinsiplərə söykənən dövlətdir<b style="color:red"></b>

Prezident İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib və mühüm uğurlar əldə olunub.

Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib.

Statistik göstəricilərə görə, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb.

Ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1.5 milyondan artıq yeni iş yeri açılıb.

Dövr ərzində 3 mindən çox məktəb, 6 yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib.

Şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi, Gənclər Evi, Tarix Diyarşünaslıq Muzeyi, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib, yeni parklar, istirahət mərkəzləri yaradılıb və digər mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib.

Bütün bunlarla bərabər, sovet dövründən qalmış əmanətlər əhaliyə qaytarılıb. Ölkə əhalisinin bütün kommunal problemləri həll edilib. 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb, ölkə ərazisi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. 11 min kilometrdən çox avtomobil yolu tikilib, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub.

Regionlardan Bakıya yeni su xətti çəkilib, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatdırılıb. Həmçinin, regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb, bununla da əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.

Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. 4 su anbarı - Taxtaköprü,  Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib.

Eyni zamanda, pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub. Habelə, Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb. 

Sosial tədbirlər çərçivəsində məcburi köçkünlərin ev-məişət problemləri də həll edilməkdədir. Bu mənada, qayğıya ehtiyacı olan bu təbəqə üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilib, ölkədə bütün çadır şəhərcikləri ləğv olunub.

Həmçinin, Azərbaycanda turizm infrastrukturunun yaradılması, bu sahənin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir, 5 ulduzlu otellər də daxil olmaqla, 300-dən çox mehmanxana tikilib.

Sosial infrastruktur və turizm sektoru üzrə həyata keçirilən siyasət çərçivəsində bölgələrdə 6 hava limanı inşa edilib, Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminalı istifadəyə verilib. 

Bu illər ərzində əhalinin maaş, pensiya təminatının yaxşılaşdırılması istiqamətində də addımlar atılıb. Bundan əlavə, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanıb, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib.

Eyni zamanda, müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər və media işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir.

Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasəti yalnız müsbət qiymətləndirilə bilər: “Əhalinin bu gün dünənkindən, sabah isə bugünkündən yaxşı yaşaması üçün bərabər imkanların yaradılması və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara xüsusi qayğı göstərilməsi rəğbətlə qarşılanır. Ən başlıcası isə özünüməşğulluq sahəsində reallaşdırılan islahatların faydalı olduğu qənaətindəyəm. Bu siyasət qısa müddətdə nəticəsini göstərəcək. Paytaxtda, iri şəhərlərdə və bölgələrdə sosial infrastrukturun qurulması da uğurlu hesab edilə bilər. Bütün bunlar dövlətimizin sosial siyasətinin çoxsaylı elementlərindən biridir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əhalinin sosial rifah halının yüksəldilməsi - vətəndaşların əmək haqları və pensiya təminatının yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, paytaxtda və bölgələrdə müasir sosial infrastrukurun yaradılması istiqamətində görülən işləri müsbət qiymətləndirir: “Azərbaycan dövlətinin yürütdüyü sosial siyasət ölkənin bütün aztəminatlı təbəqlərini əhatə edir. Prinsip etibarilə diqqət yetirsək, həm məcburi köçkünlərin, həm də əlilliyi olan vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılır”.

E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan azsaylı ölkələrdən biridir ki, burada sosial mənzil layihələri həyata keçirilir: “Bu faktiki olaraq kriteriyalara uyğun gələn vətəndaşlarımıza daha əlverişli qaydada mənzil sahibi olmaq imkanı yaradır”.

Politoloq hesab edir ki, Azərbaycan sosial mahiyyətli və humanizm prinsiplərinə söykənən bir dövlətdir: “Bu, prezident İlham Əliyevin ölkə əhalisinin problemlərinə qayğı ilə yanaşdığını, Azərbaycanda sosial ədalət prinsiplərinin bərqərar olmasına xüsusi diqqət göstərdiyini sübut edir”.

Deputat Rövşən Rzayev isə qeyd edib ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. O, SİA-ya bildirib ki, sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları həyata keçirilir: “Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemlər olsa da, ölkəmizdə insanların sosial durumlarının yaxşılaşdırılması üçün böyük layihələr icra olunur. Bildiyiniz kimi, ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib. Görülən işlərin nəticəsidir ki, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb”.

R.Rzayev hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafına önəm verildiyini də diqqətə çatdırıb: “Bir sözlə desək, ölkəmizdə bu sahədə mühüm işlər görülür, layihələr həyata keçirilir. Görülən işlərin nəticəsi olaraq deyə bilərəm ki, bizi gələcəkdə daha böyük uğurlar gözləyir”.

Ceyhun ABASOV

 





29.07.2017    çap et  çap et