525.Az

Dost hədiyyəsinin savabı...


 

XEYİRXAHLIĞIN DƏYƏRİNİ BİLMƏK, XOŞ MƏRAMA, GÖZƏLLİYƏ, İŞIĞA SEVİNMƏK ÜÇÜN SƏMİMİ, PAXILLIQDAN UZAQ ÜRƏYƏ SAHİB OLMAQ LAZIMDIR

Dost hədiyyəsinin savabı...<b style="color:red"></b>

... Mənim Bakı şəhərində öz adıma “kupçalı” evim var. Amma buna baxmayaraq dövlətimizin başçısı mənə təmirli 3 otaqlı mənzil hədiyyə etdi.

Təbii olaraq belə bir sual verə bilərsiniz: “O təzə mənzil nə üçün, hansı xidmətlərinə görə sənə verildi?” Səbrinizini basıb ardını oxuyun. “Xruşşovka”da yerləşən həmin birotaqlı, sahəsi 16 kvadratmetr olan mənzilimizin bir küncündə oğlum, o biri küncündə isə qızım dərslərini hazırlayır. Gecələr isə oğlumun dərs otağı mətbəxdir. O dörd divarın içində övladlarımın rahat və sərbəst olmalarından ötrü səhər obaşdan, gecə yarısınadək yaxınlıqdakı stadionda gəzməyə çıxıram. İyirmi illik bu vərdişimi indi də tərgitməmişəm. Əlbəttə, stadion bir bəhanədi, fəqət uşaqlardan ötrü inandırıcı bəhanədi. İmkansızlığa, sıxıntıya baxmayaraq daim şükür edir, ailəmin normal şəraitli geniş mənzilə çıxacağı günü ümidqarışıq intizarla gözləyirdim. Yəqin hər şeyi görən və bilən Uca Yaradan dualarımı eşidirmiş. Sualına cavabımla tam qane olmayan oxucumun diqqətinə onu da çatdırım ki, beş il əvvəl oğlum 651 balla ADA Universitetinə daxil oldu, indi artıq magistrdir. Qızım 9-cu sinif şagirdi, dərs əlaçısı, qızıl medala namizəddir. Bəli, Millətimiz və Dövlətimiz üçün iki layiqli vətəndaşı, mütəxəssisi biz həmin darısqal birotaqlı evimizdə yetişdiririk.

...Bu gün mənim və ailəmin sevinməyə tam haqqı çatır. İndi bizi yaxından-uzaqdan tanıyan, bu yazıdan sonra məlumatlı olan hansı həmkarımız mənzil bölgünün şəffaflığına, ədalətliliyinə şübhə ilə yanaşar? Kim və hansı cürətlə 25 illik peşəkar jurnalist stajına malik, haqqı, xidməti və ehtiyacı olan, dörd nəfərlik ailə sahibinin mənzillə təmin olunmasına ağız büzər? Bəli, müraciətlərin qəbulu, onların araşdırılması və nəhayət, mənzillərin bölgüsü prosesi şəffaf və ədalətli aparıldı, sonda da uğurla tamamlandı. Fikrimcə, bu xeyirxah missiyanın baş memarı, Azərbaycan vətəndaşına, onun probleminə daim diqqət və qayğı ilə yanaşan dövlətimizin başçısının və onun komandasının həyata keçirdiyi ən yaddaqalan sosial layihədir. Əgər bu layihədən bəhrələnən vətəndaş həm də Prezidentin özünün köməkçisi saydığı jurnalistdirsə, yaradıcı insandırsa, nə gözəl! 

Haqlı narazıların olmadığını da söyləyə bilmərik. Amma nə etməli? Mənzillərin sayı 255, müraciət edənlər isə bu saydan 10 dəfə çox. Belə şərtlər və reallıq daxilində bu mərhələdə birdən-birə hamını razı salmaq mümkün deyildi. Fəqət, bu hələ son deyil. Artıq təməli qoyulmuş 3-cü eyni layihəli binada haqqı olub kənarda qalanlara da mənzil veriləcək. 2-3 il uzun müddət deyil. Mən 21 + 4 il gözlədim. Normal mənzilə ehtiyacı olan həmkarlarıma səbir diləyir, emosiyaya uymamağı, bir qədər həssas və təmkinli davranmalarını məsləhət görür, ələlxüsus da dövlət başçımızın - dostumuzun bu nəcib təşəbbüsünə kölgə salmağa cəhd edənlərin əlində alətə çevrilməmələrini arzulayıram.

... Sosial şəbəkədə, bəzi veb-saytlarda tanıdığım və tanımadığım birilərinin haqsız, qərəzli, imzasının ölçüsündən və çəkisindən böyük “ittihamnamələrinə” rast gəldim. Şəxsiyyətinə və qələminə bələd olduğum kəslərdən isə bu davranışı, reaksiyanı görəndə xeyli təəccübləndim. Qəzetdən, efirdən oxucusuna, dinləyicisinə, tamaşaçısına halallıqdan, xeyirxahlıqdan, vətənpərvərlikdən dərs keçməyə girişən bəzi “titullu” həmkarlarımız nəinki elementar peşə etikasına riayət eləmir, hətta sadaladığım insani keyfiyyətləri belə ayaqlayırlar. Buna min təəssüf! Media mənsublarına daim sayğısı ilə seçilən Prezidentimizin bu nəcib və savab əməlini siyasi müstəvidə dartışdırmağa girişənlər də var. Ev alan jurnalistlərin siyahısını özünəməxsus şəkildə təftiş edənlərin əsas məqsədləri doğrudanmı yalnız mənzil qarınağrısıdır? Buna inanmaq bir qədər çətindir. Tamamilə əminəm ki, onların məqsədi heç də həmkarlarının sosial problemini ictimailəşdirmək yox, öz şəxsi, korporativ maraqlarını təmin etməkdir. Biz jurnalistlərlə həqiqi dost kimi davranan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təmənnasız, sidq-ürəkdən verdiyi hədiyyənin müqabilində heç bir media mənsubunun boynuna hansısa öhdəlik qoymadığı, heç kimdən tərif və alqış ummadığı kimi, heç kəsin də bu xoşməramlı əməlin üzərinə kölgə salmağa ixtiyarı yoxdur! Onun bu xeyirxahlıq jestinə sevinmək bu qədərmi çətindir? Həmkarının şad gününə sevinmək böyük savab sayılsa da, bəziləri üçün bu, doğrudan çətin imiş. Ürəyinizi bir qədər geniş tutub, ən azından özünüzə qarşı səmimi olsanız, onda bu çətinliyi rahat aşarsınız.

İmran BƏDİRXANLI
İctimai Televiziyanın Kino və dublyaj departamentinin böyük redaktoru

 





31.07.2017    çap et  çap et