525.Az

Azərbaycan xalçaları Bolqarıstanda nümayiş etdirildi


 

Azərbaycan xalçaları Bolqarıstanda nümayiş etdirildi<b style="color:red"></b>

İyulun 28-dən 30-dək “Made in Azerbaijan” brendinin tanıdılması və təşviqi məqsədilə Bolqarıstanın Burqas şəhərində keçirilmiş “Wine Fest Burgas 2017” şərab festivalında ölkəmizin Bolqarıstandakı Səfirliyi tərəfindən Azərbaycan istehsalı olan şərabların təqdimatı və dequstasiyası təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib, “Gəncə Şərab-2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan “Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü ziyarətçilərin diqqətinə çatdırılıb. 30 şərab istehsalçısı tərəfindən 200-dən çox şərabın təqdim edildiyi bu tədbirdə Azərbaycanın yerli üzüm növü olan “Mədrəsə”dən hazırlanmış “İvanovka bağları.1954.Mədrəsə” və “İvanovka bağları.1954.Kəmşirin” adlı şərablar böyük maraqla qarşılanıb.

Şərab festivalı ilə bərabər olaraq eyni məkanda açıq havada “Xalça Yolu” adlı xalça festivalı keçirilib.

Festivalda Azərbaycan xalçaları da nümayiş etdirilib, tədbir iştirakçıları Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılıb. Xalçaçılıq üzrə Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionlarının ixtisaslaşdığı, hər regionun xalçaların naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələrin daha sıx yerləşdiyi və bu səbəbdən onların daha uzun istifadə müddətinə malik olduğu tədbir ziyarətçilərin diqqətinə çatdırılıb.

Festivalda Azərbaycan ilə yanaşı Bolqarıstan, İran, Mərakeş, Pakistan və Cənubi Amerika regionunun xalçaları nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın xalçaçılıq sənəti silsilə olaraq Bolqarıstanın müxtəlif regionlarında tanıdılmaqdadır. Belə ki, Azərbaycan xalçaları Burqas şəhərindən əlavə cari ilin 23-25 iyun tarixində Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilən “Adət-ənənələrin canlı alovu” adlı festivalda, həmçinin, 15 iyun-30 iyul 2017-ci il tarixlərində Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində keçirilənş “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə nümayiş etdirilib.

Ceyhun ABASOV

 





01.08.2017    çap et  çap et