525.Az

“Əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ciddi addımlar atılır”


 

“Əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ciddi addımlar atılır”<b style="color:red"></b>

“Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosial yönümlü iqtisadi inkişaf strategiyasının Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dövrün reallıqları nəzərə alınmaqla uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizdə istənilən sahədə inkişaf nəzərə çarpır. Məhz bu inkişafın nəticəsidir ki, gənclər üçün xüsusi şərait yaradılır və eyni zamanda, ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır”.

Bu sözləri “525”ə açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

M.Seyidov bildirib ki, prezident İlham Əliyev xalqın rifahını hər zaman əsas tutub: “Uğurla həyata keçirilən sosial dövlət siyasətində statistik göstəricilərə əsasən onu demək olar ki, yoxsulluğun ümumi göstəricisi aşağı düşüb. Dövlət başçısının həyata keçirdiyi islahatların nəticəsində bu gün yetişməkdə olan gənc nəsil artıq özündən əvvəlki nəslin yaşadığı çətinliklərlə üzləşmir. Ölkə prezidenti ailələri evlə təmin edir, yardım fondları vasitəsilə vətəndaşlara dəstək göstərilir. Hər il əmək haqlarının, təqaüdlərin, sosial müavinətlərin artırılması buna sübutdur. O cümlədən, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Qarabağ əlillərinin, sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır”.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həllini böyük diqqət ayrıldığını deyən “İrəli” sədri söyləyib ki, indiyədək bu məqsədlə Azərbaycanda 100-dək qəsəbə inşa edilib və mənzillər məcburi köçkünlərin ixtiyarına verilib: “Eyni zamanda, sosial siyasət çərçivəsində ölkədə səhiyyə xidmətinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Bu istiqamətdə atılan addımlardan biri də icbari tibbi sığortanın tətbiqidir ki, bu da Azərbaycanda əhaliyə səhiyyə sahəsində xidmətin yaxşılaşdırılmasına ciddi təsir göstərir”.

O, qeyd edib ki, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da hər zaman əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində fəaliyət aparıb, təhsil, elm, sağlamlıq mərkəzlərinin yaradılması kimi mühüm əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edib.

M.Seyidovun sözlərinə görə, ölkə prezident İlham Əliyev dəfərlərlə bildirib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Son illər ərzində ölkəmizdə həyata keçirilən siyasətin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır: “Bütün bu işlərin nəticəsidir ki, Azərbaycan ciddi uğurlara imza atır, genişmiqyaslı beynəlxalq layihələr həyata keçirir. Ümumilikdə onu qeyd etmək olar ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasət uğurla davam etdirilir, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır”.

Ceyhun ABASOV

 





02.08.2017    çap et  çap et