525.Az

Səfir: "Banqladeşin Azərbaycanda səfirlik açmaq niyyəti var"


 

Səfir: "Banqladeşin Azərbaycanda səfirlik açmaq niyyəti var"<b style="color:red"></b>

"Banqladeşlə Azərbaycanın siyasi əlaqələrinin səviyyəsi çox yaxşıdır və ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur".

Bunu Banqladeşin Azərbaycandakı səfiri (iqamətgahı Türkiyə) Allama Siddiki deyib. Lakin diplomat iki ölkənin iqtisadi sahədə əlaqələrinin mövcud potensiala cavab vermədiyini əlavə edib. Onun sözlərinə görə, bu istiqamətdə müzakirələrin aparılması labüddür: "Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi yüksək səviyyədə deyil. Bunun üçün Azərbaycan və Banqladeşdən olan iş adamları, biznes icması birgə çalışmalıdır. Ölkələrimiz iki müxtəlif coğrafi mövqedə yerləşir. Biri Mərkəzi Asiyada, ikincisi isə Yaxın Şərqdə, Asiyanın cənubunda. Coğrafi məsafə də bu məsələdə öz sözünü deyir. Hazırda Azərbaycanın Hindistandakı səfirliyi Banqladeşin Türkiyədəki səfirliyi iki ölkə arasında əlaqələrin inkişafı üçün fəal çalışırlar".

Diplomat Azərbaycanda səfirlik açmaq məsələsinə də toxunub. Onun sözlərinə görə, Banqladeş hökumətinin belə bir planı mövcuddur: "Biz Azərbaycanla dost ölkəyik, çox yaxşı əlaqələrimiz var. Beynəlxalq forumlar çərçivəsində də əməkdaşlıq edirik. Banqladeş hökumətinin Azərbaycanda səfirlik açmaq niyyəti var və əminəm ki, yaxın gələcəkdə bu, baş verəcək. Düzdür, səfirlik açılması bir qədər vaxt ala bilər, lakin belə bir niyyət var". Diplomatın sözlərinə görə, Banqladeşin dünya ölkələrində səfirlikləri azdır. Belə ki, cəmi 60 ölkədə səfirlik və 12 konsulluq fəaliyyət göstərir. Səfir əlavə edib ki, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin  keçirilməsi gündəmdədir: "İki ölkə XİN-ləri arasında bununla bağlı saziş var. Siyasi məsləhətləşmələrin birincisi iki il əvvəl Bakıda keçirilib. Biz Azərbaycandan nümayəndə heyəti dəvət etmişik. Bu il ərzində növbəti məsləhətləşmələr Dəkkədə olacaq. Bundan əlavə, gələn il Banqladeş Bakıda Milli Gününü qeyd etməyə hazırlaşır".

Banqladeş Azərbaycanda öz turizm imkanlarını da təbliğ etmək niyyətindədir. Bunun üçün isə gələn il Bakıda keçiriləcək növbəti turizm sərgisində iştirak etməyi planlaşdırır. A.Siddiki Banqladeşin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq qətnamələr əsasında sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Diplomat deyib ki, Xəzər dənizinin  sahilində yerləşən Azərbaycan çox gözəldir: "Banqladeş və Azərbaycan bir-birini çox məsələlərdə dəstəkləyir və düşünürəm ki, gələcəkdə bu imkanlar daha geniş olacaq. Bizim siyasi və iqtisadi əlaqələrimiz var, mədəni əməkdaşlıq məsələləri üzərində işləyirik. Azərbaycan insanı da banqladeşli kimi çox istiqanlı və mehribandır. Doğrudur, rəsmi səfərə getdiyimdən gəzmək üçün zamanım az oldu. Amma bir dəfə Azərbaycan paytaxtını və regionlarınızı gəzmək niyyətindəyəm. Sizin mətbəxinizi - şorbaları, salatlarınızı, kompotlarınızı çox sevdim. Bayaq vurğuladığım kimi, bir-birinə bənzəyən yeməklərimiz də var.  Tolerantlıq məsələlərinə gəlincə, qeyd etdiyiniz kimi, bizim ölkə də Azərbaycan kimi çoxmillətlidir. Orada müsəlmanlar, buddistlər, xristianlar yaşayır. Bu baxımdan ölkədə məscid, ehram və kilsələr var. Azərbaycanın maraqlı və qədim tarixi var. Bilirəm ki, ölkəniz XIX əsrdə iki yerə bölünüb. Tarixən isə Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşib. Hər zaman da müxtəlif xalqlara, dinlərə məkan olub. Banqladeşdə insanlar harmoniya içində yaşayırlar. Əhalinin 90 faizini müsəlmanlar, 9 faizini hinduslar, 1 faizini isə buddistlər təşkil edir. Biz sülh və əmin-amanlıq içində yaşayırıq. Biz benqal mədəniyyəti ilə fəxr edirik: çünki bu, sülh mədəniyyətidir. Azərbaycanda da müxtəlif xalqlar tarixən sülh içində yaşayıblar. Mən ölkənizə gedərkən bunun şahid oldum. Bakını və insanlarınızı çox sevdim. İki ölkənin daha geniş əməkdaşlıq imkanları ola bilər. Banqladeş iqtisadi baxımdan inkişaf edir, əhalisinə görə dünyada ilk yerlərdən birini tutur. Bu mənada da ölkələrimizin əməkdaşlıq səviyyəsi yüksələ bilər".

PƏRVANƏ

 





02.08.2017    çap et  çap et