525.Az

“...Düşünməyi öyrədirəm”


 

“...Düşünməyi öyrədirəm”<b style="color:red"></b>

Tərtər şəhər 2 saylı
məktəb-liseyin ədəbiyyat müəllimi

“Taleyin istehzası və ya həmişə təmizlikdə” filminin baş qəhrəmanlarının söhbətində bir məqama diqqət etmisinizmi? İxtisasca ədəbiyyat müəllimi gənc qız və cərrah gənc oğlanın arasında belə bir dialoq olur:

– Şagirdlərinizə nə öyrədirsiniz?
– Mən onlara düşünməyi öyrədirəm.
– Mən isə cərraham, bizdə səhv etmək olmaz. Bir balaca səhv baha başa gələ bilər.
– Müəllim xətası ilk baxışda nəzərə çarpmır, amma sonunda o da insana baha başa gəlir.

Bəli, bir balaca xəta, kiçik yanlışlıq insanın sağlamlığını da, şüurunu da zədələyə bilir.

Son vaxtlar orta məktəblərdə elə olaylar baş verir ki, müəllimlərin durumu minaaxtaranların qismətinə bənzəyir. Bir yanlış addım və ... fəlakət.

Əvvəlki yazılarımda müəllim-şagird münasibətində şəfqətə, mərhəmətə daha çox ehtiyac olduğunu vurğulamışdıq. Ona görə də manipulyasiya etmədən digər məsələlərə önəm verək...

80-ci illərin sonunda məşhur rus satirik aktyor Xazanov Kremlin Qurultaylar Sarayında böyük bir konsertdə çıxış edirdi. Ölkənin çox sahələrini, xüsusilə təhsili tənqid edə-edə sonda dedi ki, “Azərbaycan təhsilində isə ümumiyyətlə, “böyük tənəffüs”dür”. O zamandan bu ifadə beynimə qazındı. Bəli, təhsilimizdə “böyük tənəffüs”dür, daha doğrusu, böyük boşluqdur. Təhsil “havadan tuta-tuta gedir”... Heç kəs yoxdur, sinif rəhbəri, direktor müavinləri, psixoloq yerində deyil. Əslində, heç uşaq da yoxdur...

Mən on birinci sinfə dərs deyirəm. Hər gün sinifdə iki, ya da üç-dörd uşaq var... Və hər gün Sabirin bir misrasını beynimdə təkrarlaya-təkrarlaya məktəbə gedirəm və eyni şəkildə də qayıdıram... “Bah!.. Bu imiş dərsi üsuli-cədid?!” Və əlavə edirəm: “Bah!.. Bu imiş fiaskoya uğramış dərsi üsuli-kurikulum?!”

Artıq bu başqa bir yazının mövzusu olsun. Təhsildə baş verənlər ölkənin kriminal xəbərlərinin önündə gəlir... 15-16 yaşlı uşaqlar peşəkar oğruya çevrilib, qətl törədir, evdən çıxıb geri qayıtmır, itkin düşürlər...

Bütün bunların hansı səbəbdən törəndiyini bilən yoxdurmu, buna bir çözüm yoxdurmu?!. Səbəb həmin o boşluqlar – “böyük tənəffüs”lərdir... On birincilər, ümumiyyətlə, yoxdur... Onlar küçələrdədirlər. Məktəbdən çox küçə ilə təmasdadırlar. Hərdən-birdən məktəbdə görünəndə də bunlar sanki uşaq yox, “saqqallı uşaq”lardır...

Bu boşluqları necə qapatmaq gərəkdir? Məncə, məktəbdaxili mədəni-kütləvi tədbirləri genişləndirmək lazımdır, hətta vacibdir.

Bir zamanlar bizim məktəbdə maraqlı görüşlər olurdu. Biz Səməd Vurğunun “Muğam” poemasını keçdikdən sonra ədəbiyyat müəllimimiz romanın qəhrəmanı Sarvan Salmanovu görüşə çağırmışdı. Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov (Xarqo), aktyor Şahmar Ələkbərov, şair Ağa Laçınlı, Məmməd Aslan, türkoloq Aydın Məmmədov, akademik Mahmud İsmayıl... məktəbimizin əziz qonaqları olublar... Belə görüşlər şagird şüurunda böyük təbəddülat yaradırdı. Onların davranışları, düşüncə tərzi dəyişirdi... Axı uşaqların, gənclərin tərbiyəsi ilə təkcə müəllim məşğul olmamalıdır, bütün cəmiyyət buna çalışmalıdır... Axır ki, bunun bir yolu olmalıdır...

Fridrix Nitşe “Faciənin doğuşu” kitabında belə nəticəyə gəlmişdi ki, “incəsənət həqiqətin dərin qatlarına nüfuz edən müstəqil fəlsəfi düşüncə sistemidir”. Filosofu bu qənaətə gətirən onun bir növ musiqi müəllimi olan böyük alman vətənsevəri, bəstəkar Vaqnerin nəzəriyyəsi olmuşdu. Vaqnerə görə, “incəsənət siyasi, tarixi ictimai güc qaynağıdır”. Ona görə də “faciənin doğulmaması” üçün məktəbdə tərbiyəni təhsildən bir az da qabağa keçirməkdə fayda var... Mən öz təcrübəmdən bilirəm. Şagirdlər o qədər məktəbdən uzaq düşüblər ki, heç bir-birilərinə də yaxşı, isti münasibətləri, birlikləri yoxdur... Məsələn, bu günlərdə rayonumuzda mötəbər bir mövzu ilə bağlı müsabiqə vardı. Nə baş verdi? Şagirdlər bir-birini təhqir edib, stulları aşırıb, dağılışıblar. Guya ədalətsiz qərarlar olub... Bu, dözümsüzlükdürmü, mədəniyyətsizlikdirmi? Hər nədirsə, yenə də nəsə yerində deyil və “faciənin doğuşu” baş verir...

Bu yazını yazdığım ərəfədə “göydən üç kitab düşdü”. Şair Rasim Qaraca mənə bir kitab bağlaması göndərmişdi. Kitablardan biri tərcümə toplusu – “Üst insana gedən yol”dur. Oxuduğum bəzi məqamlar ki var, yeri gəldikcə burada xatırlamamaq mümkün deyil. Kitabda Orxan Pamukla “İnastrannaya literatura” jurnalının müxbiri Qleb Şulpyakovun müsahibəsi də var. Müxbir soruşur ki, Umberto Eko sizin romanlarınıza təsir edibmi? Orxan Pamuk cavabında: “təsir sözü yetərsizdir, yeri gələndə mən bəzi şeyləri ondan çırpışdırmışam da...”

Və mən də bəzi fikirləri bu kitablardan “çırpışdırmışam”...

Nə isə, qayıdaq dərsimizə... “İnsanlar çaylara bənzəyir və bütün bu çaylarda eyni su axır, sadəcə, bəzi çaylar bir yerində enlidir, başqaları digər yerində, bir sıra çaylar girintili-çıxıntılı və şəlalələrlə zəngindir, başqaları düz və sakitdir...” Bunları Everett Şostrom yazıb. Məşhur amerikalı psixoloq “Anti-Karnegi və ya insan-manipulyator” kitabında bizləri də düşündürən problemləri araşdırmağa çalışıb.

Mən isə belə deyərdim, şagirdlərimiz çaylara bənzəyir. Biz müəllimlər həmin o “girintili-çıxıntılı” yerlərdən onları zədələnmədən keçirməyi, şəlalələrdən zövq almağı, nəhayətdə “düz və sakit” yerə çıxarmağı bacarmalıyıq, bəzən axına qarşı üzüb bu “balaca qara balıqları” yem olmaqdan qurtarmağa çalışmalıyıq... Axı, onlar yaşamağa can atır, duymağa tələsirlər...

Ümumiyyətlə, təhsilimizdə baş verən xoşagəlməzliklərdə kim günahkardır? Belə suallar ədəbiyyatda zaman-zaman bu və ya digər situasiyalarda çox verilib. “Nə etməli?” “Kimdir müqəssir?”, “Kimdir günahkar?”, “Yolumuz hayanadır?” və s...

Amma son günlərdə televiziyada baxdığım bir kadr məni dəhşətə gətirdi. Deməli, müəllim sinfə daxil olur, şagirdin biri müəllim stulunda əyləşib, ayaqlarını da qaldırıb qoyub müəllim stolunun üstünə və sırtıqcasına müəllimlə salamlaşır, hamı gülür, müəllim məəttəl durumda... Gerisi sizə məlumdur. Müəllim uşağı vurub, guya uşağın gözü zədələnib, müəllimə cinayət işi açılıb... Bəli, yuxarıda dediyim kimi, “faciənin doğuşu” baş verdi. Özü də şagirdin yox, müəllimin faciəsi. Kim necə düşünür, düşünsün...

Hələ bu şagird deyir ki, “o məni belə eliyib, gərək o da mənim kimi olsun...” Bağışla, övlad, sənin tərəfində durmayacağam. Halbuki məktəbdə daim şagirdin tərəfində olan biriyəm. Və sənə, görünür, ədəbiyyat müəllimin Axundzadənin “Sərgüzəşti-vəziri xani Lənkəran” komediyasını da fərli keçməyib – “get, sən də onun atının gözünü çıxart...” Əminəm ki, bu situasiyada rəhmətlik Ağabəy Sultanov da özünü saxlaya bilməyib bu ədəbsizə bir sillə vurardı. Hamımız deyirik ki, Cəbiş müəllim yaxşı müəllimdir. Amma o da Makedona bir sillə vurdu və dedi ki, səni niyə vurduğumu anlasan, bəlkə onda səndən bir adam olar...”

X sinfin ədəbiyyat kitabında Füzulinin bir qitəsi verilib:

 

Ey müəllim, aləti-təzvirdir əşrarə elm,

Qılma əhli-məkrə təlimi-məarif, zinhar.

Hiylə üçün elm təlimin qılan müfsidlərə,

Qətli-am üçün verir cəlladə tiği-abidar.

 

Qitənin mənası belədir ki, ey müəllim, əbəs yerə məkr əhlinə elm öyrətmə. Bu, ona baş kəsmək üçün iti qılınc vermək deməkdir...

Məndən soruşdular ki, sən belə ədəbsiz şagirdə nə edərdin? Cavab verirəm: Əsla belə bir mənzərə ilə qarşılaşmazdım. Əgər qarşılaşsam da, deyərdim ki, uşaqlar, hamınız ayaqlarınızı stolların üstünə qoyun. Təbii ki, qoymayacaqdılar... O zaman uşaqlara deyərdim ki, bu ədəbsizi bayıra atın!..

“Biz problemlərə davranış nöqteyi-nəzərdən baxmağa öyrəşmişik, hansı hadisəni müzakirə etsək, diqqət mərkəzində həmişə “kim özünü necə aparır” olur... Problemləri maraq baxımından nöqteyi-nəzərindən gözdən keçirmək daha düzgün olardı...” Hər halda məktəb döyüş meydanı deyil, “həyat hərdən dostluq və əməkdaşlıqdır. Onda düşmənlər dostlara çevrilir. Bunları da Şostromdan köçürdüm...

Neçə illərdir, təhsillə bağlı məqalələr yazıram. Çox zaman da məsələlərə tənqidi yanaşıram... Yenə də yazacağam... O vaxta qədər ki, təhsilə yeni nəfəs gələcək... O vaxta qədər ki, “böyük tənəffüs” bitəcək və içəri zəng çalınacaq...

 





20.05.2013    çap et  çap et