525.Az

Litvada Azərbaycan yazarının əsərləri çap edilib


 

Litvada Azərbaycan yazarının əsərləri çap edilib<b style="color:red"></b>

Tanınmış yazıçı və dramaturq, ədəbiyyat üzrə nüfuzlu ödüllərin sahibi Elçin Hüseynbəylinin dörd hekayəsi bu ilin fevral – aprel aylarında Litvanın ədəbiyyat və incəsənət nəşrlərində litva dilində işıq üzü görüb.

Vilnüsdə buraxılan “North Atenai” (“Şimal Afinası”) ədəbiyyat və incəsənət həftəlik qəzetinin 1 fevral 2013-cü il tarixli 5-ci sayında yazıçının “Nənəm, babam və kommunizm” adlı hekayəsi çap edilib.

Nasirin yaradıcılığından edilmiş digər tərcümələr isə Litva Yazıçılar Birliyinin ədəbi-bədii  nəşrlərində yer alıb. Belə ki, “Literatura ir Menas” (“Ədəbiyyat və İncəsənət”) həftəlik mədəniyyət jurnalının 1 mart 2013-cü il tarixli 9-cu sayında onun “Sular günəşə nəğmə oxuyanda” əsəri nəşr olunub. “Nemunas” (“Neman”)  ədəbiyyat və incəsənət həftəliyinin 2013-cü ilin mart ayında çıxmış 10-cu sayında E. Hüseynbəylinin “Məzar gəlini” hekayəsi dərc edilib. “Metai” (“İlin fəsilləri”) adlı ədəbi-bədii  jurnalın 2013-cü ilin aprelində işıq üzü görmüş 4-cü sayında Azərbaycan yazarının “Gözünə gün düşür” hekayəsi Litva oxucularına təqdim olunub.

Sözügedən hekayələrdən ikisi – “Məzar gəlini” və “Gözünə gün düşür” – Qarabağ olayları mövzusunda yazılmış əsərlərdir.

“Gözünə gün düşür” adlı hekayə ilə bağlı vurğulamaq istərdik ki, yazıçı E. Hüseynbəyli onun 2010-cu ilin fevral ayında yazılmış bu əsərinin ideya və süjetinin erməni kinoçuları tərəfindən plagiat olunaraq götürüldüyünü və bunun əsasında onların Qarabağ müharibəsi barədə “Əgər hamı...” adlı film çəkdiyini iddia edir. Ermənistan “müəllifləri” çəkdikləri həmin filmi 2012-ci ildə hətta “Oskar mükafatına təqdim etmişdilər və Hollivudda keçirilən “Arpa” kinofestifalında lentin premyerası da keçirilmişdi.

Amma buna baxmayaraq bir sıra xarici ölkələrdə bu filmin başlıca məfkurəsinin və süjet olaraq seçilmiş olayların məzmun vektorunun Azərbaycan müəllifinə məxsus olmasını təsdiq edən konkret tədbirlərin həyata keçirilməsinə başlandı. Həmin tədbirlər çərçivəsində “Gözünə gün düşür” hekayəsi rus, gürcü, türk, fars, ərəb və ingilis dillərinə çevrildi. Beləliklə, bu dillərdə yaradan və ünsiyyət saxlayan xalqların geniş ictimai dairələri tərcümə vasitəsilə əsərlə tanış oldular və həqiqətin kimin tərəfində olduğunu bildilər.

İndi isə bu hekayənin Vilnüsdə işıq üzü görməsi sayəsində litvalı oxucular və ədəbiyyatşünaslar da əsərdən bədii zövq almaqla yanaşı, həm də onun qayəsi və leytmotivi, cərəyan edən hadisələrin ana xətti timsalında Ermənistan kinoçuları tərəfindən Azərbaycan mədəniyyətindən növbəti dəfə ədəbi oğurluq edilməklə bağlı deyilmiş iddiaların əsaslı olub-olmamasına ana dillərində əmin olmaq imkanı əldə ediblər.

Yuxarıda göstərilən Litva ədəbi-bədii nəşrlərində E. Hüseynbəylinin hekayələri ilə bərabər, həmçinin onun həyat və yaradıcılığı haqqında bioqrafik bilgilər də yer alıb.

Əsərləri orijinaldan Litva dilinə tanınmış türkoloq alim və diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, mütərcim Halina Kobetskayte və Litva azərbaycanlıları cəmiyyətinin sədri, Azərbaycanın əməkdar jurnalisti Mahir Həmzəyev tərcümə edib.

Qeyd etmək lazımdır ki, E. Hüseynbəyli Litva mədəniyyəti üçün heç də yad şəxsiyyət deyil. O, yaxın keçmişdə bir neçə dəfə Litvada olub, Druskininkay və Vilnüs şəhərlərində keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycan ziyalılarını təmsil edib. Litva ziyalıları – yazıçılar, jurnalistlər, rəssamlar, muzey işçiləri və digər sənət adamlarıyla əlaqələr yaradıb. 2006-cı ildə Vilnüsdə Prezident Sarayında keçirilmiş  beynəlxalq konfransda E. Hüseynbəyli Litvanın dövlət başçısı Valdas Adamkusla görüşərək onunla maraqlı fikir mübadiləsi aparıb.

Həmin səfərlər zamanı Litva jurnalistlərinin Vilnüsdə E. Hüseynbəyli ilə apardığı müsahibələr nüfuzlu kütləvi məlumat vasitələrində yer alıb. O, Litvada keçirdiyi çoxsaylı görüşlərdən, həmçinin ölkənin ictimai-siyasi, mədəni və dini həyatından aldığı təəssüratları publisistik yazılarında ifadə edib. Bu minvalla Azərbaycan yazarının yaradıcılığında Litva mövzusu yer alıb.

E. Hüseynbəyli hər dəfə Litva azərbaycanlıları cəmiyyətini də ziyarət edir və diasporun fəaliyyətilə yaxından maraqlanır. O, öz kitablarından Cəmiyyətin kitabxanasına hədiyyələr edib. Yazıçı bu gün də Litva azərbaycanlıları cəmiyyətinin xəttilə Litva mədəniyyət xadimləri və buradakı qələm qardaşları ilə yaradıcılıq əlaqələri saxlayır, dostluq münasibətlərini davam etdirir.

Onun hekayələrinin Litva dilində nəşr edilməsi, litvalı oxucuları müasir Azərbaycan nəsrinin önəmli nümunələrilə tanış etmək, həmçinin Qarabağ müharibəsilə bağlı həqiqətləri və onun indiki ağrı-acılarını bədii vasitələrlə onlara çatdırmaqla bərabər, yüz illərlə tarixi olan Litva – Azərbaycan ədəbi əlaqələrinin genişləndirilməsi, xalqlarımızın mədəniyyətlərarası dialoqunun gücləndirilməsi və qarşılıqlı anlaşma ənənələrinin zənginləşdirilməsi işinə xidmət edir.

 





20.05.2013    çap et  çap et