525.Az

Vaşinqton-Moskva qarşıdurması: "soyuq müharibə" illərinə qayıdış


 

"AMERİKA-RUSİYA GƏRGİNLİYİ MİNSK QRUPU FORMATININ FƏALİYYƏTİNİ ÇƏTİNLƏŞDİRİR"

Vaşinqton-Moskva qarşıdurması:<b style="color:red"> "soyuq müharibə" illərinə qayıdış</b>

"Kremlin ABŞ prezidenti Donald Trampa olan ümidləri özünü doğrultmadı. Ağ Ev sahibi rusiyalı həmkarı və Rusiya ilə dostlaşmaq istəsə də, bu, alınmadı".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Amerikadakı anti-Rusiya siyasəti güclənib və Birləşmiş Ştatlar prezidenti bu siyasətin əleyhinə olaraq Kremllə yaxınlaşa bilməzdi: "Bunun nəticəsi olaraq Donald Tramp Konqresin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar haqqındakı qanun layihəsini imzaladı".

Politoloq hesab edir ki, ABŞ - Rusiya münasibətlərinin normallaşması üçün Moskva Ukraynadakı separatçılara dəstək verməməli, Krımı Ukraynaya geri qaytarmalıdır: "Ancaq Kreml bu addımları atmayacaq. Ona görə də ABŞ-Rusiya münasibətləri yaxın illərdə normallaşmayacaq, tam əksinə, gərginləşməkdə davam edəcək. Bunu ABŞ vitse-prezidenti Maykl Pensin Estoniya, Gürcüstan və Çernoqoriyaya səfəri də sübut edir. Bu o ölkələrdir ki, Rusiyanın təzyiqi ilə üz-üzədirlər. Vaşinqton bu ölkələrə dəstəyini artıracaq və bu dövlətləri Rusiyanın təzyiqlərindən qoruyacaq. Bu münasibətlər də faktiki "soyuq müharibə" illərinə qayıdışdır".

E.Şahinoğlunun fikrincə, Rusiya Gürcüstan və Ukraynanı parçalamasaydı, başqa ölkələrə kiber hücumlar təşkil etməsəydi, bu gün Vaşinqtonla Kreml arasında münasibətlər tamamilə fərqli olacaqdı: "Bəlkə də Moskvanın çox arzuladığı beynəlxalq terrorçulara qarşı vahid əməkdaşlıq mərkəzi qurulacaqdı. Ancaq Moskvanın siyasəti buna imkan vermədi və beynəlxalq aləmdə və dövlətlərarası münasibətlərdə gərginlik artdı".

Mərkəz sədri qeyd edib ki, Rusiya hakimiyyəti işğalçı Ermənistana dəstək verir, bu ölkəyə yeni modern silahlar göndərir, birgə hərbi birliklər yaradır: "Buna baxmayaraq, rəsmi Bakı Tiflis kimi birmənalı şəkildə Amerika ilə müttəfiqliyə çalışmır. Rəsmi Bakı Amerika-Rusiya qarşıdurmasında tərəf tutmaq, seçim etmək istəmir. Rəsmi Bakı həm Rusiya, həm də Amerika ilə tərəfdaş münasibətlərini davam etdirmək istəyir".

ABŞ-ın Azərbaycanın iştirakçısı olduğu enerji layihələrinə dəstək verdiyini xatırladan E.Şahinoğlu qeyd edib ki, Vaşinqton Azərbaycanın təşəbbüskar kimi çıxış etdiyi TAP və TANAP layihələrinin reallaşdırılmasına tərəfdardır: "Bu Vaşinqtona ona görə lazımdır ki, Avropanın Rusiyadan qaz asılılığı azalsın".

Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin başa çatdığını deyən politoloq bildirib ki, bu dəmir yolu ilə Çindən çıxan mallar Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınacaq: "Moskva bu layihəni də özü üçün təhlükəli sayır. Çünki Moskva Çində istehsal olunan malların dəmir yolu ilə yalnız Rusiyadan Avropaya çatdırılmasına çalışır. Doğrudur, Çin Rusiyanın dəmir yolları ilə Avropaya mal daşıyır, ancaq bu yol etibarlı deyil, bir tərəfdən ləngimələr var, digər tərəfdən bir sıra Avropa dövləti həmin malların Rusiya üzərindən qəbuluna müsbət yanaşmırlar. Ona görə də Bakı-Tiflis-Qars dəmiryolu Çinin diqqətini çəkəcək və Pekin mallarının Avropaya çatdırılmasının diversifikasiyasına üstünlük verəcək. Əlbəttə, Vaşinqton birbaşa Bakı-Tiflis-Qars layihəsinə dəstək verməyib, ancaq Çin mallarının Rusiyadan yan keçərək Avropa bazarına çatdırılmasında maraqlıdır".

Mərkəz sədri əlavə edib ki, son zamanlar Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılması mövzusu yenidən aktuallaşıb: "Vaşinqtonun bu layihəyə də marağı artıb ki, bu da Moskvada narahatlıqla qarşılanır. Amerika-Rusiya gərginliyi Minsk qrupu formatının fəaliyyətini də çətinləşdirir. Onsuz da həmsədrlik institutu münaqişənin həllini sürətləndirə bilmir. Ancaq bundan sonra bu format çərçivəsində Rusiya ilə Amerikanın birgə çalışması, münaqişənin həlli ilə bağlı ortaq prinsipdən çıxış etməsi problematikdir".

Ceyhun ABASOV

 





03.08.2017    çap et  çap et