525.Az

Cocuq Mərcanlı toxucuları “Azərxalça”da işlə təmin olunacaqlar


 

Cocuq Mərcanlı toxucuları “Azərxalça”da işlə təmin olunacaqlar<b style="color:red"></b>

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri avqustun 3-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər.

Görüşdə kənd sakinləri, rayon icra hakimiyyətinin nümayəndələri, toxucular və KİV nümayəndələri iştirak ediblər. 

Görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça” ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. kimi məsələlər müzakirə olunub, əhalini maraqlandıran suallar cavablandırılıb.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov qeyd edib ki, Cəbrayıl rayonun ərazisi Azərbaycanın  tarixi xalçaçılıq mərkəzlərindən biri olub: “Burada Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli kaloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunub. Cəbrayılda xalçaçılıq Azərbaycanın digər rayonlarında da olduğu kimi, qadınların kütləvi şəkildə məşğul olduqları sənət sahəsi olub. Biz Qarabağ xalçaçılığına dair tədqiqatlarımız çərçivəsində hal-hazırda işğal altında olan Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı, Xocavənd, Xankəndi rayonlarının, o cümlədən Cəbrayıl rayonunun xalçaçıları haqqında da məlumatlar toplamışıq. “Azərxalça”-nın apardığı təhlillər, hesablamalar göstərir ki, respublikamızın bütün rayonlarında xalçaçılıqla məşğul olmaq istəyən toxucuların, həmçinin bu sənətə həvəs göstərənlərin sayı yetərincədir. Bu görüşümüz zamanı həmin toxucuların Cəmiyyətin Füzuli filialında işlə təminatı məsələsi müzakirə edildi. Bu kənddən 20-25 nəfər xalçaçı sözügedən filialda daimi iş yeri ilə təmin olunacaq. Həvəsi olanlar xalçaçılıq-tədris hazırlıq kurslarına cəlb ediləcək.  Biz əminik ki,  yaxın gələcək də işğal altında olan bütün rayonlarımız düşmən tapdağından azad olunacaq. Xalçaçılıq, indi Cocuq Mərcanlıda olduğu kimi, bərpa olunan ərazilərdə əhalinin əsas məşğulluq sahələrindən birinə çevriləcək”.

Şahanə MÜŞFİQ      

 





04.08.2017    çap et  çap et