525.Az

Ömürləşən illərin nə ağırmış şələsi- Şeirlər


 

Ömürləşən illərin nə ağırmış şələsi- <b style="color:red">Şeirlər</b>

Rəşid Faxralı

 

Bircə gün Bakının küləyi kəsə 

 

Bircə gün Bakının küləyi kəsə,

Bircə gün saçını mən sığallıyam.

Gözəlim, saçını yarıya bölüb

taraz sığallıyam, tən sığallıyam. 

 

Yarpaqlar bir səhər külək yerinə

Ruhumdan süzülən səsimi uda.

Yer göyə, göy yerə boylana, yenə

şehli bənövşəni bir gülmək tuta. 

 

Təzə şikəstəyə köklənən anda

Uçunan səsimdən tutub gələsən.

Əlindən ağ yellər tutmuşdu onda,

İndi nəfəsimdən tutub gələsən. 

 

Göylər üzə gülür...

Göylər – gümüşü,

Sən gələn yollara gur işıq düşə.

Sənin gülüşünlə göyün gülüşü

Göz açıb yumunca qarışıq düşə. 

 

...Göyün kürlüyünü gün batan çağı

savaba tən olan xata biləsən.

Bu boyda, biçimdə xeyirxahlığı

Sevgimə ad olan buta biləsən.

Bircə gün Bakının küləyi kəsə,

Bircə gün səsimdən tuta biləsən... 

 

 deyir bizə?! 

 

Yamyaşıl çəməndə şehli güllərin

Xumarı varıymış, məsti varıymış.

İndi anladm ki, ötən illərin

Rəşid Faxralıynan qəsdi varıymış. 

 

Sərin külək əsə yuxularında

yanan ocaqların odu sönməmiş.

Gözləri ovula intizarın da,

Qərib qəriblikdə daşa dönməmiş... 

 

Yox, yox, yük olmayıb illərə inan,

Qoymayıb izini yellər daraya...

Yellər də bilib ki, əlindən tutan

yolu hardan gəlib, gedir haraya.

Göyün göy üzündə görünən dolu

kimi hədələyir göz görə-görə?

Üzü astarına çevrilən yolu

gileyə bələyir göz görə-görə. 

 

Bir haray hönkürür gecələrində,

Bir haray hönkürür qulağı səsdə.

Ömrünü dağlayır gecələrin də;

Durna qatarına dönən diləyi

içindən köç edir dəsdəbədəsdə. 

 

Bu haray nə vaxtdı durubdu qəsdə,

Elə bil göyün də çatmır havası.

Beş addım o yanda bir daşın üstə

döşəli qalıbdı bir quş yuvası... 

 

Elə bil çatıbdı, axır saatdı,

Ağac da, budaq da bihuş görünür.

Dağılan yuvanın çöpləri altda

qanadı qırılmış bir quş görünür. 

 

...Ömrün payızını demirəm...

Bu an

Payızın küləyi nə deyir bizə?!

Yuvası daş üstə döşəli qalan

bu quşun taleyi nə deyir bizə?! 

 

Quzu 

 

Gülürsən, güləyən quzu,

Gülüşüylə dan yerini

Büküb-bürmələyən quzu,

Göy üzünün göylüyünü

yerə kürmələyən quzu,

Gülərüz üzləri görüb

şirincə mələyən quzu,

Bilmirsənmi başın üstə

Domokl qılıncı durur.

Səni bunca əzizləyən

taleyinə tələ qurur. 

 

Səni əzizləyən səni

yamaca, döşə çəkəcək.

Başına sığal çəkənlər

ətini şişə çəkəcək... 

 

Səbr çiçəyi 

 

Müəllimim, professor Cahangir

Məmmədliyə sevgilərlə 

 

İllərdi incəliklə

dilində dincəlir söz.

Könlündən şəbnəm içib

bir az da incəlir söz.

Könlün – Əmrə ocağı,

Dilin – təkbir çiçəyi. 

 

Hər ömür – bir bilməcə...

Kükrədi, əsdi yellər,

İlin-günün bu vaxtı

necə tələsdi yellər...

Necə soldurdu, necə

təkbir-təkbir çiçəyi...

Təzə görüb elə bil

Təzə qəbir çiçəyi... 

 

Ömürləşən illərin

 ağırmış

 şələsi.

Hər ölüm – vaxtsız ölüm,

Yığvalsız, baxtsız ölüm

gecənin dan üzünə

qurtuluşsuz tələsi...

Ustadımız, ustadım,

Ömrün bundan beləsi

sənə səbr çiçəyi... 

 

 

   Heyif...  

 

A baxtavar, elə bilmə

yadam mən Akif Səmədə.

Akif Səməd 

 

Təbərrik edə bilmədik

o anı Akif Səmədə.

Üzərrik edə bilmədik

amanı Akif Səmədə. 

 

Neçə yoxu var elədi,

Duyduğunu car elədi,

Öz kəlamı dar elədi

dünyanı Akif Səmədə. 

 

Yolu bürüsə də çisək,

Mənzil yordu çitək-çitək,

Tanrı vermişdi butatək

irfanı Akif Səmədə.

Ölüm bir sınaq elədi,

 boyda günah elədi!..

Görən kim urcah elədi

Şeytanı Akif Səmədə? 

 

 bilirik, incə bilək,

Ruhu dillənincə bilək...

İndən belə İncə* bilək

zamanı Akif Səmədə. 

 

–——————————

*  İncədərəsi anılır. 

 

Biz görüşən yerdəki gül 

 

Yadındamı, bir sən idin,

bir mən idim, bir də ki, gül.

Göyü yerə səsləyirdi

biz görüşən yerdəki gül. 

 

Niyə günüləyir bizi? –

Yox, belə deyildi yağış.

Yağdı, qoşa izimizi

birdəfəlik sildi yağış. 

 

Göylər bizi aldatmadı,

Gördük ki, gümüşdü yağış...

Yarpaqları islatmadı,

Aramıza düşdü yağış. 

 

Yolumuzu gözləmədə

Yol-iz, çəmən, bir də ki, gül.

Xal cücərdib ləçəyində

biz görüşən yerdəki gül... 

 

Daş düşəydi kaş... 

 

Dənəbir-dənəbir qar yağa...

Gülüm,

Saçında dincələ qar dənələri.

Əl əldə isinə, xatırlayaydıq

ilk görüş gününü, sonra nələri...

Neçə illər keçib...

Bir vaxtlar sən də

Ömrümə çökürdün qar dənəsitək.

Elə bilirdim ki, göyün üzündə

bu biçim qar daha görünməyəcək. 

 

...Qar yağa...

Hər tərəf ağ paltar geyə,

Sovruq da tələsik ötüşəydi kaş.

Ürkəcək qar yağa...

Qar əvəzinə

Görüş yerimizə daş düşəydi kaş... 

 

Dan yeri sökülməsin 

 

Gecədir...

Gecə vaxtı

Mən oyağam,bir də ki

Şeirlərim oyaqdı... 

 

Ləngiyən saatların

Ömrünü içir gecə.

Dəqiqələr keçincə

canından keçir gecə... 

 

Gecənin can köynəyi

İlmə-ilmə sökülür,

Yenə çılpaq yuxusu

hara gəldi tökülür,

Gözlərimə çırpılır

dan yerinin qoxusu... 

 

Yenə pəncərənizin

gözünə gün düşəcək.

Səni aparıb gedən

yollar düyün düşəcək. 

 

İçin-için güləcək

həsrət gecə uzunu.

Şeirlərim siləcək

dan yerinin üzünü.  

 

Yenə ləngiyəcəksən,

Yollar tünlük olacaq.

 ümidim qəfildən

çilik-çilik olacaq. 

 

...Gecə – intizarımın

təklənən güman yeri...

Belə söküləcəksə,

Sökülməsin dan yeri... 

 

Gəl... 

 

Küsüb getdin,

Ümidimin ilməsini

Birdəfəlik üzüb getdin,

Küsənim, gəl,

Qərənfilim,          

yasəmənim,                

süsənim, gəl.

Sular kimi axıb gedən,

Yellər kimi əsənim, gəl... 

 

Gəl ki, göylər,

Gəl ki, yerlər

“Gözün aydın!” deyə bilsin

taleyinə gün doğana.

Göy üzünün göy qurşağı –

Göyqurşağı

yeri-göyü qucaqlasın

Günbatandan Gündoğana!.. 

 

Yol gedirəm 

 

Ürəyimdən enib yanar,

Dindirməsən dinib yanar,

Sözüm oda dönüb yanar

Ürəyimdən diliməcən. 

 

Kim deyir uzağam, yadam,

Özünə yad olmaz adam.

Əl uzadan çoxdu, atam,

Kösöyümdən külüməcən. 

 

Əridəmməz ömürü qəm,

Dərdinə dönən mürüdəm.

Yol gedirəm, ömürümdən

içimdəki ölüməcən. 

 

lll 

 

Qədər dedik axıb gedən axına da,

Sinəmizin çalın-çarpaz dağına da,

Qardaş olduq uzağa da, yaxına da,

Ağır sınaq səninkidi, mənimkidi. 

 

Dərə boyu dərə boyda daş axıdan,

Daş axıdan, tərs axıdan, çaş axıdan,

Sənin, mənim əvəzimə yaş axıdan

axar bulaq səninkidi, mənimkidi. 

Yoldan-izdən daş qopardıb dizlərimiz,

Yuxumuza dar gəlibdi gözlərimiz.

Dilimizdə közə dönüb sözlərimiz,

Çatan soraq səninkidi, mənimkidi... 

 

Axın-axın hara gedir bu köç belə

Yol-yolağı dizləriylə silə-silə.

Necə uyub, niyə uyub şirin dilə,

Sönən ocaq səninkidi, mənimkidi. 

 

Bizsiz qalan ata yurdu üşüyəcək,

Haylamaqdan dilinə ağ bəz düşəcək...

Dözə-dözə dözümü də üyüşəcək,

Ağlar qınaq səninkidi, mənimkidi. 

 

lll 

 

Görən yuxu görürmü heç

Gecələr gözləri açıq

yatmışlara gülən adam.

Gecələr dirilər kimi

Görən yuxu görürmü heç

Ölmüş adam, ölən adam? 

 

Ölüm bir ayrı çək-çevir,

Ölüm bir ayrı qan-qada,

Nələr çəkir ölən adam? – 

yanında bir kimsəsi yox

ki, gördüyü yuxusunu

Tələsik yuya, danışa...

Su yoxdu suya danışa, 

 

Son nəfəsindən ayrılan

Ruhunu almır yaxına

Bu daracaq, bu dar kaha.

Əli çatmır salavata,

Dili dönmür bismillaha... 

 

Ömür bir az unutdurur

Qəbirdəki yuxuların

yozumsuzluq qorxusunu...

Bəlkə elə Allah yozur

Ölənlərin yuxusunu?.. 

 

... o tək palıd, bir də ki, mən 

 

Bu dağ həminki dağ deyil,

Həminki dağ deyil bu dağ.

Yamacdakı tək palıdı

Yerə dartışdırır budaq. 

 

Yaddaşımda qımıldanır,

Palıd, palıdın kölgəsi;

Günçıxandan günbatana

Palıd dağın köləsiydi,

Biz ağ kölgənin köləsi. 

 

Bizi görcək boy verərdi,

Sovuşardı əndişəsi.

Qoymazdı ki, üstümüzə

Yağış yağsın, Gün döşəsin. 

 

...İllər keçib...

Yaş altımış,

Unutmaram o ərki mən.

Gülüm, səni yaşadacaq

o tək palıd, bir də ki, mən...

 

 





20.05.2013    çap et  çap et