525.Az

"Türkiyəyə üz tutan küveytli turistlərin çoxu artıq Azərbaycana gəlirlər"


 

"Türkiyəyə üz tutan küveytli turistlərin çoxu artıq Azərbaycana gəlirlər"<b style="color:red"></b>

"Azərbaycan və Küveyt arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan Küveyt üçün mühüm bir dövlətdir".

Bunu Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi deyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında son illər turizm sahəsində əlaqələr də inkişaf edib. Diplomat bildirib ki, hazırda Azərbaycan və Küveyt arasında birbaşa təyyarə reysləri fəaliyyət göstərir. Bu reyslər həftədə 5 dəfə həyata keçirilir. İki hava yolu var - Əl-Cəzirə və Əl-Vataniya (Wataniya Airways). Hər ikisi həftədə iki dəfə uçuşlar təşkil edir. AZAL isə həftədə bir dəfə uçuşlar həyata keçirir. Bu da Küveyt vətəndaşlarının, turistlərinin Azərbaycana gəlişini çox asanlaşdırıb.

Səfir deyib ki, bu il ərzində Küveytdən Azərbaycana gələn turistlərin sayı artıb: "Onlar Bakı ilə yanaşı regionlarda, o cümlədən, Quba, Qəbələdə olublar. Həm gəziblər, həm də alış-veriş ediblər. Azərbaycan turizm imkanları baxımından fərqli bir ölkədir. Azərbaycanın gözəl havası, təbiəti, gülərüz, xoşxasiyyətli insanları turistləri özünə cəlb edir. Ötən illər Türkiyəyə üz tutan turistlərin çoxu artıq bu ildən Azərbaycana gəlməyə başlayıblar".

Azərbaycanlıların Küveytə turizm baxımından marağına gəlincə, diplomat vurğulayıb ki, Küveyt turizm ölkəsidir: "Amma indi bizim ölkədə havanın temperaturu çox yüksək olur. 40-60 dərəcə arası dəyişir. Yalnız Küveytdə deyil, digər körfəz ölkələrində də belədir. Bu cür isti havada ora getmək də münasib deyil. Ən yaxşı vaxt noyabr-mart aylarıdır. Azərbaycandan bir çox iş adamları tez-tez Küveyti ziyarət edirlər. Həmçinin, Küveytin iş adamları da son vaxtlar Azərbaycana səfərlər edirlər. Küveytdə təşkil olunan beynəlxalq sərgidə bütün ölkələrdən olan iş adamları öz sənaye məhsullarını nümayiş etdirə bilirlər. Azərbaycanın Küveytdəki səfirliyi vasitəsilə sizin iş adamları da sərgidə iştirak edə, məhsullarını tanıda bilirlər".

Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi əlavə edib ki, ölkəsindən Bakıya turistlər adətən qrup şəklində gəlirlər: "Beş günlük, yaxud bir həftəlik. Turistlər Bakıya gəlir, daha sonra Qəbələyə, yaxud digər regionlara gedirlər. Onların hamısı Azərbaycandan razı qayıdırlar. İndiyə kimi narazılıq eşitməmişik. Həmçinin, birbaşa reyslərin açılmasından sonra 1 saat 50 dəqiqəyə Küveytə çatırlar. Əvvəllər mən özüm digər xarici ölkələrə Dubay, Qətər vasitəsilə gedirdim və hardasa, tranzitlə birgə 7 saata yaxın başa gəlirdi. İndi isə iki saatdan az vaxta çatırıq və bu bizim üçün olduqca rahatdır. Bura çoxu ailə ilə gəlir. Yaxşı da istirahət edirlər. Restoranlarınız, Azərbaycanın zəngin  mətbəxi küveytlilərin çox xoşuna gəlir. Ticarət mərkəzləri, insanların turistə olan münasibəti də çox yaxşıdır. Biz səfirlik olaraq turistlər üçün məlumat hazırlamışıq. Həmin məlumatlar muzeyləri, tarixi məkanları, restoranları, ticarət mərkəzlərini, bazarları əhatə edir. Yəni məsləhət olunan yerlərin hamısını qeyd etmişik. Həmin məlumat vasitəsini turistə təqdim edirik, o da baxır, dəyərləndirir. Elə turist var ki, marağı qədim tarixi yerləri görməkdir, eləsi var alış-verişdə maraqlıdır. Yəni turistlər özləri seçirlər".

Bundan əlavə, Küveyt-Bakı-Tbilisi reysinin açılması da nəzərdən keçirilir: "Bildiyimə görə, Əl-Vataniya Hava Yolları davamlı olacaq. Hazırda bu hava yolları Bakıdan Tbilisiyə reyslərin reallaşdırılmasını araşdırır. Bunun sərfəli olub-olmayacağı nəzərdən keçirilir. Yəni Əl-Vataniyə davamlı olacaq. Əl-Cəzirəyə gəlincə, hələlik bilmirəm. Elə turist var ki, qış aylarında gəzmək istəyir, indi bütün reyslər dolu gəlir,  yəni bilet tapa bilmirik".

Səfir onu da vurğulayıb ki, bir müddət əvvəl keçirilən Küveyt-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclasında ölkəmizin maliyyə və ticarət nazirliyi ilə Azərbaycanın iqtisadiyyat, maliyyə nazirlikləri arasında görüşlər keçirilmişdi. Orda bir çox məsələlər müzakirə olunub: "Həmin iclasın davamı olaraq Küveytdə birgə komissiyanın iclası keçiriləcək. Həmin iclasda iki ölkənin xarici işlər nazirləri iştirak edəcək. İclasda bir çox məsələlərin öz həllini tapacağını gözləyirik. İclas bölgədə vəziyyət sabit olmadığı üçün təxirə salınıb və dəqiq tarix hələlik bəlli deyil".

PƏRVANƏ

 





04.08.2017    çap et  çap et