525.Az

Azərbaycanda sosial layihələrin maliyyələşdirilməsi ön plandadır


 

"SİSTEMLİ ŞƏKİLDƏ HƏYATA KEÇİRİLƏN SOSİAL LAYİHƏLƏR ƏHALİNİN BÜTÜN QRUPLARINI ƏHATƏ EDİR"

Azərbaycanda sosial layihələrin maliyyələşdirilməsi ön plandadır<b style="color:red"></b>

Azərbaycan dövləti əhalinin rifah halının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirir.

Qəbul olunan dövlət proqramları bu istiqamətdə görülən işlər üçün hüquqi baza rolunu oynayıb. Nəticədə, ölkədə son 14 ildə işsizlik və yoxsulluq problemi müsbət mənada həllini tapıb. Statistik göstəricilərə görə, bu illər ərzində ölkədə həm yoxsulluq, həm də işsizlik problemi 5 faizə enib. Yaradılan yeni iş yerləri sayəsində 1.5 milyondan artıq yeni iş yeri açılıb. Həmçinin, bu illər ərzində 3 mindən çox məktəb, 6 yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib.

Bütün bunlarla yanaşı, ölkə əhalisinin kommunal problemlərinin həlli də dövlətin diqqət mərkəzində olub. Azərbaycanda 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib ki, bununla da ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Habelə, qazlaşdırma prosesi çərçivəsində ölkədə bu göstərici 51 faiz səviyyəsindən 92 faizə qalxıb. Aparılan işlər nəticəsində sovet dövründə qaz verilməyən yaşayış məntəqələri də təbii qazla təmin olunub.

Sosial tədbirlər çərçivəsində ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində 11 min kilometrdən çox avtomobil yolu tikilib, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlərarası yollar ən qabaqcıl standartlara uyğunlaşdırılıb.

Bütün bunlarla bərabər, əhalinin içməli su ilə bağlı təminatının gücləndirilməsi istiqamətində də zəruri addımlar atılıb. Regionlardan Bakıya yeni su xətti çəkilib, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatdırılıb. Həmçinin, regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb, bununla da əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.

Eyni zamanda, post-neft dövründə ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən işlər çərçivəsində kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. 4 su anbarı - Taxtaköprü,  Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib.

Görülən bu kimi tədbirlər ölkədə işsizlik probleminin həllinə müsbət nəticələri ilə yadda qalıb. Ümumilikdə, pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub. Habelə, Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb. 

Sosial tədbirlər çərçivəsində məcburi köçkünlərin mənzil-məişət problemləri də həll edilməkdir. Bu mənada, qayğıya ehtiyacı olan bu təbəqə üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilib, ölkədə bütün çadır şəhərcikləri ləğv olunub.

Bu illər ərzində əhalinin maaş, pensiya təminatının yaxşılaşdırılması istiqamətində də addımlar atılıb. Bundan əlavə, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanıb, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib.

Eyni zamanda, müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər və media işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir.

Azərbaycanda aparılan quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən danışan Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qeyd edib ki, Azərbaycanda sosial layihələrin maliyyələşdirilməsi daim ön plandadır. O, "Trend"ə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında dövlətin sosial siyasətinin mərkəzində ölkə vətəndaşının dayandığını hər zaman açıqlayıb. Azərbaycanda sistemli şəkildə sosial layihələrin həyata keçirildiyini deyən B.Sadıqov söyləyib ki, bu layihələr insanların bütün qruplarını əhatə edir: "Azərbaycanda qaçqın və məcburi köçkünlər, əlillər, sosial müdafiəyə ehtiyacı olan insanlar, təqaüdçülər, şəhid ailələri üçün müxtəlif layihələr həyata keçirilir, onlar üçün dövlət hesabına evlər tikilir. Bu sosial layihələr yalnız Bakını deyil, bütün regionları əhatə edir".

B.Sadıqovun sözlərinə görə, hazırda kəndlərin içməli su ilə təminatı və kanalizasiya şəbəkəsinin qurulması üçün işlər həyata keçirilir: "Hələlik su çəkilməsi mümkün olmayan yerlərdə sutəmizləyici qurğular quraşdırılır ki, insanlar içməli su ilə təmin olunsunlar".

Deputat əlavə edib ki, çox mühüm sosial layihələrdən biri də uşaqların ildə bir dəfə məcburi şəkildə tibbi müayinələrdən keçirilməsi ilə bağlıdır.

B.Sadıqov onu da qeyd edib ki, Azərbaycanda idman və gənclərin asudə vaxtının təşkili ilə bağlı bir sıra layihələr həyata keçirilir, eyni zamanda, bu layihələr yeni iş yerlərinin açılmasına xidmət edir.

Ceyhun ABASOV

 





04.08.2017    çap et  çap et