525.Az

Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olundu- Fotolar


 

Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olundu- <b style="color:red">Fotolar</b>

Bu gün Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza Mükafatının təqdimetmə mərasimi keçirilib.

Mərasimi Beynəlxalq Rəsul Rza Fondunun rəhbəri, Xalq şairi Fikrət Qoca açıb: “Bildiyiniz kimi, 19 may böyük şairimiz Rəsul Rzanın doğum günüdür. Həmişə bu ərəfədə biz onun adını daşıyan Ədəbiyyat Fondunun mükafatlarını laureatlara təqdim edirik. Mükafatçıların builki say çoxluğu bizi sevindirir, çünki bu, ədəbiyyatımızın inkişafının göstəricisidir”.

Sonra F.Qoca mükafatçıları – Pərvin Nurəliyeva, Asif Cəfərov,  Şövkət Horovlu, Sayad Mustafayev, Güləmail, Mustafa Camal, Zöhrə Əsgərova və Rəşid Faxralını təbrik edərək, onlara fəxri diplomlar verib. Mərasimdə fikirlərini bölüşən Sayad Mustafayev mükafata layiq görüldüyü üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib: “Bu mükafat məni hədsiz sevindirməklə bərabər, həm də məsuliyyətimi artırır. Rəsul Rza görkəmli şair olmaqla bərabər, həm də əzəmətli şəxsiyyətdir. Böyük yazıçımız Mirzə İbrahimov Rəsul Rza haqqında deyib: “Rəsul Rza poeziyasında müasirlik həddindən artıq güclüdür”. Həqiqətən də Rəsul Rza Azərbaycan poeziyasına əsl novator kimi gəlib. Həmin o müasirlik bizim bugünkü poeziyamızın əsasını təşkil edir”.

Digər mükafatçılar da çıxışlarında bu mükafata layiq görüldükləri üçün məmnunluqlarını ifadə ediblər.

Tədbirdə çıxış edən şair Yusif Nəğməkar Rəsul Rza yaradıcılığını böyük məktəb adlandıraraq onun xatirəsinə həsr etdiyi şeiri oxuyub.

Tənqidçi Əsəd Cahangir xeyli müddətdir Rəsul Rza yaradıcılığı ilə bağlı tədqiqat üzərində işlədiyini diqqətə çatdırıb: “Rəsul Rza yaradıcılığını tədqiq etmək çox məsuliyyətli bir işdir. Hələlik bu barədə geniş açıqlama vermək istəmirəm, amma Rəsul Rzanın “Rənglər silsiləsi”nə həsr olunmuş tədqiqat üzərində işləyirəm. Adını indidən deyirəm, heç kəs bundan sonra iqtibas edib bu adda nə isə yazmasın. Tədqiqatın adı “27 gözəl” olacaq. Çünki Rəsul Rza 27 rəngdən istifadə edib. Adı Nizami Gəncəvinin “7 gözəl” əsərinə istinad edərək belə fikirləşmişəm. Tədqiqat tam hazır olduqda hamı bu barədə geniş məlumat alacaq”.

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının fikrincə, Beynəlxalq Rəsul Rza mükafatının təqdimatı mühüm bir hadisədir: “Bu gün Azərbaycanda mükafatlandırma sisteminin özü pozulub. Bir də görürsən, tanımadığın bir müəssisə, yaxud heç adını bilmədiyin mətbuat orqanı hansısa mükafatlar təsis edir. Hələ bu müəssisənin özü, ya bu mətbuat orqanı, yaxud mükafat verən qurum özü bir ictimai etimad qazanmamış başqalarını mükafatlandırır. O cəhətdən də çoxlu mükafatlar təsis edilib. Hərdən zəng vurub bu barədə deyəndə də qəribə bir vəziyyət yaranır. Çünki ölçü-biçi itib. Fikrimcə, ədəbiyyat sahəsində mükafat təşəbbüsünü yalnız Yazıçılar Birliyi öz üzərinə götürməlidir. Bu, Yazıçılar Birliyinin işidir. Yazıçılar Birliyi görür, bilir ki, bu gün ədəbi mühitdə hansı proseslər gedir və bu cild-cild yazılan kitabların içində ədəbiyyat hansıdır, antiədəbiyyat hansıdır. Təəssüf ki, bu gün antiədəbiyyat ədəbiyyatdan qat-qat çoxdur. İki-üç şeiri olanlar cildlərlə kitab çap etdirir. Bu da əslində ədəbiyyatı gözdən salmağın bir yoludur. Əlbəttə, bu ayrıca bir söhbətin mövzusudur. Rəsul Rza mükafatı Yazıçılar Birliyinin son dərəcə düşünülmüş və haqlı olan bir mükafatıdır. Çünki mükafat yalnız ədəbi məktəbi olan, Azərbaycan ədəbiyyatında iz açmış, ədəbiyyatın bütöv bir dövrünün simasını müəyyənləşdirmiş ədəbi şəxsiyyətin adına olmalıdır. Bu mənada Rəsul Rza mükafatı mütləq olmalıdır. Çünki Rəsul Rza Azərbaycan şeirində bütöv bir məktəb yetişdirib. Bu gün də o ənənə davam edir. Bizim hamımız şahidiyik ki, bir vaxtlar Azərbaycanda sərbəst şeir söhbəti faciəli, dramatik bir səviyyədə müzakirə olunurdu, “ümumiyyətlə, sərbəst şeir lazımdırmı?” tipli suallarla beyinləri məşğul etməyə çalışırdılar. O vaxtlar başda Rəsul Rza olmaqla Fikrət Qoca da, Vaqif Səmədoğlu da, Ələkbər Salahzadə də, İsa İsmayılzadə də tənqidlərə tuş olublar.  Amma vaxt keçdi, zaman göstərdi ki, doğrudan da bugünkü düşüncə ilə yanaşanda Rəsul Rza şeiri əslində həm bu günün, həm də gələcəyin şeiridir. Onun yaradıcılığı həm ifadə tərzi ilə, həm də ruhu ilə dahiyanədir. Bu şeirlər bütün zamanlarda oxunacaq. İnsanın yaşantıları, zamanın konfliktləri artdıqca  Rəsul Rza yaradıcılığının qiyməti daha da artacaq. Bu mükafatın əhəmiyyətini dərindən duyduğuma görə hesab edirəm ki, onu alanların fəxr etməyə haqqı var”. Xalq şairi daha sonra mükafatçılardan bəzilərini şəxsən tanıdığını, onların bu mükafatı almağa daha çox haqları çatdığını qeyd edib: “Mükafatı alanlardan Zöhrə Əsgərova keçmişdə iş yoldaşım olub və ilk hekayələrinin çap olunduğu vaxtdan yadımdadır. Sevinirəm ki, illər uzunu ədəbiyyatdan uzaq düşməyib, ara-sıra yazılarını oxuyuram, adını eşidirəm. Hərçənd ki, “Yazıçı” nəşriyyatından sonra uzun müddət əlaqələrimiz olmayıb. Onu mükafatı almağı münasibətilə təbrik edirəm. Şəxsən tanıdığım ikinci mükafatçı gənc yazıçı Pərvin bir yazısında Rəsul Rzanın “Rənglər silsiləsi”ndəki dəniz genişliyini hiss edib. Bu yazıda dənizin rənglərinin və rənglərin dənizinin tutuşdurulması çox gözəldir. Bu, Rəsul Rza yaradıcılığına tam yeni bir baxışdır. Ona görə də Rəsul Rza mükafatı bu gənc yazara ana südü kimi halaldır. Mənə elə gəlir ki, mükafat bəzən təkcə Rəsul Rza haqqında yazılan yazılara verilmir. Rəsul Rza ruhunu, Rəsul Rzanın ədəbiyyata yanaşmasını ifadə edən, o xətti davam etdirən qələm sahibləri də əslində buna layiqdir. Digər mükafatçı dostlarımızı şəxsən tanımasam da, mükafat komissiyasının rəhbəri Fikrət Qocanın ədəbi zövqünə bələd olduğum üçün digərlərinin də buna layiq olduğuna əminəm”.  

Sonda AYB sədri, Xalq yazıçısı Anar mükafata layiq görülənləri təbrik edib: “Deyə bilmərəm ki, bu mükafatçıların hamısının yaradıcılığına bələdəm, Amma Fikrət Qocanın obyektivliyinə, zövqünə, tələbkarlığına inanıram. Bəlkə mükafata iddiaçılar daha çox olub, yəqin ki, onlar da gələn illərdə bu mükafatı alacaqlar. Amma builki seçimi Fikrət Qoca edibsə, deməli, bunu alanların hamısı bu mükafata layiqdir. Çox sevinirəm ki, siz Rəsul Rzanı unutmursunuz, onun yaradıcılığına hörmətlə yanaşırsınız. Çünki şair fiziki cəhətdən həyatdan getsə də, oxunduğu, xatırlandığı, sevildiyi qədər mənəvi baxımdan yaşayır. Hər bir yazan insanın arzusudur ki, dünyadan köçəndən sonra onun haqqında yazsınlar, onu unutmasınlar. Buna görə də sizə həm təşəkkürümü bildirirəm, həm də təbrik edərək yeni-yeni uğurlar arzulayıram”.

Sevinc MÜRVƏTQIZI

 





20.05.2013    çap et  çap et