525.Az

“Bu layihə əhalinin iqtisadi vəziyyətinə birbaşa müsbət təsir edəcək”


 

“Bu layihə əhalinin iqtisadi vəziyyətinə birbaşa müsbət təsir edəcək”<b style="color:red"></b>

Xəbər verildiyi kimi, prezident İlham Əliyev  bir neçə gün əvvəl Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənmiş kompleks tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirilib, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndirilib, habelə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılıb.

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının yüksəldilməsində həlledici rola malikdir.

Dövlət başçısının müvafiq sərəncamı ilə  yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin davam etdirilməsi işlərinin sürətləndirilməsi məqsədi ilə 30 (otuz) milyon manat ayrılıb. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov hesab edir ki,  Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğurudur.  A. Hüseynov bildirib ki, bu layihə iqtisadiyyatın şaxələndirilməsində ən mühüm halqalardan birini təşkil edir: “Dövlət başçısının son sərəncamları isə artıq layihənin həlledici mərhələyə qədəm qoyduğunu göstərir. Hər iki sərəncamla ayrılan vəsaitlər layihənin icrasını sürətləndirmək və onu lazımi texniki imkanlarla təmin etmək məqsədi daşıyır. Bir neçə il əvvəl biz limanın əsas prespektivini onun məhz Şərq-Qərb dəhlizi üzərində yerləşməsində görürdük. Çünki beynəlxalq yükdaşıma trafikinə nəzər salsaq bir alternativ kimi bu marşrut yük sahiblərinə bir çox üstünlüklər verir. Çindən Avropaya alternativ marşrut kimi yüklərin daşınmasında, eyni zamanda, Avropadan Orta Asiyaya daşımalarda bu ən cəlbedici marşrutudur. Nəzərə almaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Avropadan Orta Asiyaya və Çinə yüklərin daşınması üçün çox əlverişli alternativ yol yaranacaq. Son illər beynəlxalq səviyyədə baş verən siyasi proseslər isə göstərdi ki, Şimal-Cənub dəhlizi əhəmiyyətinə görə heç də Şərq-Qərb dəhlizindən geri qalmır. Bax bu məqam prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu növbəti dəfə nümayiş etdirir. Yəni yaranmış geosiyasi situasiya yeni iqtisadi çağırışları gətirir. Azərbaycan isə bu çağırışlara da hazırlıqlıdır. Bu layihənin tamamlanması və tam qüvvəsi ilə işə düşməsi ölkəmizə çox böyük iqtisadi dividentlər qazandıracaq”.

Millət vəkili bu layihənin əhalinin iqtisadi vəziyyətinə bir-başa müsbət təsir edəcəyini də deyib: “Bu layihənin işə düşməsi beynəlxalq yük- daşıma ilə bərabər, daxili yükdaşıma üçün də geniş imkanlar yaradır. Digər tərəfdən yerli məhsulların xarici bazarlara çıxarılması alternativləri artır. Bundan əlavə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çox böyük layihədir və burada on minlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ələti unikal edən xüsusiyyətlərdən biri də onun Bakıya yaxın yerləşməsidir. Bakının hazırda əsas iqtisadi mərkəz olduğunu, istər özəl şirkətlərin əksəriyyətinin, istərsə də insan resursunun əsasən paytaxtda cəmləşdiyini nəzərə alsaq, bu özü də böyük üstünlüklər yaradır. Qeyd edilməli digər məqam da burada xüsusi iqtisadi zonanın yaradılmasıdır ki, bu da sahibkarlar üçün öz fəaliyyətlərini genişləndirmək fürsəti deməkdir. Bu isə öz növbəsində yenə əlavə iş yerlərinin açılması deməkdir”.

PƏRVANƏ

 





05.08.2017    çap et  çap et