525.Az

Dövlət kənd təsərrüfatının inkişafına dəstəyini davam etdirəcək


 

“PREZİDENT İLHAM ƏLİYEVİN İMZALADIĞI STRATEJİ YOL XƏRİTƏSİNƏ UYĞUN OLARAQ QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI İSTİQAMƏTİNDƏ CİDDİ ADDIMLAR ATILIR”

Dövlət kənd təsərrüfatının inkişafına dəstəyini davam etdirəcək<b style="color:red"></b>

Məlum olduğu kimi, avqustun 3-də prezident İlham Əliyev Balakən, Zaqatala və Qax rayonlarına səfər edib.
 
Bölgədə sosial infrastruktur tədbirləri çərçivəsində həyata keçirilən işlərlə tanış olan dövlət başçısı Balakən Su Elektrik Stansiyası, Zaqatala və Qaxda tikilərək istifadəyə verilən elektrik yarımstansiyalarının, o cümlədən, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yollarının, Qorağan-Qax-Zaqatala magistralının Qorağan-Qax hissəsinin açılış mərasimlərində iştirak edib. Həmçinin, rayonlarda fəaliyyət göstərən tütün emalı (Zaqatala) və qəbulu (Qax) müəssisələrində yaradılan şəraitlə tanış olan ölkə başçısı “ABAD” Mərkəzi, körpələr evi-uşaq bağçası kimi ictimai əhəmiyyətli yeni infrastruktur obyektlərinin açılışını edib.

Avqustun 4-də isə prezident İlham Əliyevin sədrliyi ilə Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Çıxışında son dövrlər bölgədə aparılan qurucluq işlərindən danışan dövlət başçısı qeyd edib ki, şimal-qərb zonasına həm dövlət, həm də özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur: “Burada əsas investisiya qoyuluşunun payı dövlətin üzərinə düşür. Son illərdə bu bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi hesabına çox böyük investisiyalar qoyulub. Məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri - bir sözlə, bu gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Əminəm ki, verilən tapşırıqların yerinə yetirilməsi nəticəsində gələcək illərdə bu müsbət dinamika daha da güclənəcək”.

Müşavirənin bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına həsr edildiyini deyən prezident tütünçülük, baramaçılıq və fındıqçılığın bölgədə əsrlər boyu inkişaf etdiyini qeyd edib. Ölkə başçısının söylədiyi kimi, bu sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri var: “Burada mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz - bütün bunlar bu sahələrin inkişafına təkan verib. Azərbaycan xalqı əsrlər boyu bu sahələrdə çalışırdı və yaxşı nəticələr əldə edirdi. Statistikaya baxdıqda görürük ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilib. O vaxt bu sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün bu sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib. Biz bu ənənəvi sahələri bu gün bərpa edirik”.

Ölkənin ümumi iqtisadi inkişaf perspektivlərindən danışan ölkə başçısı bildirib ki,  Azərbaycan iqtisadiyyatı inkişaf edir: “Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir”.

Prezident qeyd edib ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ölkə tarixində çox böyük rolu var: “2004-cü ildən bugünə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməyib. Bölgələrdə lazım olan bütün infrastruktur layihələri icra edilib və Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. 30-a yaxın yeni elektrik stansiyasının tikilməsi sayəsində bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və xaricə də elektrik enerjisi ixrac edir”.

Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsinin daha da aşağı düşəcəyinə əminliyini ifadə edən ölkə başçısı deyib ki, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılıb: “Bütövlükdə 2004-cü ildən bugünə qədər 1 milyon yarım iş yeri açılıb ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Son iki il ərzində kənd təsərrüfatı, sənaye sahələrində görülmüş çox böyük işlər sayəsində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan ərzaq məhsullarının böyük ixrac potensialına malik olacaq: “2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Azərbaycan özünü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edir”.

Son illər dövlət tərəfindən sosial infrastruktura, ərzaq təhlükəsizliyinə, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına, ordu quruculuğuna milyardlarla vəsaitin qoyulduğunu deyən prezident qeyd edib ki, ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qalmışdı: “Bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan hazır məhsul ixrac edəcək”.

Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək. Bu mənada, ölkə rəhbəri müşavirədəki çıxışı zamanı qeyd edib ki, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər sahələr uğurla inkişaf edəcək, həm fermerlər, həm də dövlət daha böyük fayda götürəcək: “Fındıqçılıq çox gəlirli və valyuta gətirən bir sahədir, fındıq istehsalı ilə bağlı bütün proseslər ölkəmizdə aparılmalıdır. Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir. 80 min hektar sahədə fındıq bağlarının salınması qarşıdakı dövrdə əsas hədəfdir”.

Tütün istehsalçılarına güzəştli kreditlərin veriləcəyini deyən dövlət başçısı onu da bildirib ki, artıq 13 rayonda tütün əkini aparılıb: “2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır. Hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır. 2021-ci ilə qədər tütün əkini daha da genişləndirilməlidir. Tütünçülüklə bağlı çox ciddi proqram qəbul ediləcək”.

Fermerlər tərəfindən baramaçılığa da çox böyük marağın olduğunu deyən prezident söyləyib ki, dövlət baramaçılığın inkişafı ilə bağlı hər şeyi öz üzərinə götürüb, bütün lazımi materiallar, subsidiyalar verilir, tinglər əkilir: “Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçaları üçün ipliyin istehsalına başlanacaq. Hazırda 30 rayonda barama istehsal olunur, gələn il 500 ton, 2025-ci ilə qədər 6 min ton barama tədarükü gözlənilir. Damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması üçün qəbul məntəqələri və yeni ipək kombinatı yaradılmalı, “Şəki İpək” ASC-nin fəaliyyəti daha da gücləndirilməlidir”.

Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, prezident İlham Əliyevin Qaxda rayon icra başçılarının, müvafiq nazirliklərin, şirkət rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə etdiyi nitq ölkəmizdə kənd təsərrüfatının inkişafına yönəldilmiş dövlət siyasətinin mahiyyətini və başlıca istiqamətlərini aydın şəkildə göstərir: “Fındıq, barama və tütünçülük sahələrinin inkişaf etdirilməsinin başlıca məqsədi kənd əhalisinin işlə təmin olunması, pul gəlirlərinin artması, həyat şəraitinin daha da yaxşılaşdırılması, məhsul bolluğunun yaradılması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının artırılmasıdır”.

M.Qasımlı hesab edir ki, müşavirədən sonra yerlərdə sahibkarlığın inkişafı üçün daha geniş imkanlar açılacaq, müvafiq icra strukturları dövlət başçısının qarşıya qoyduğu vəzifələri qüsursuz yerinə yetirəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov isə bildirib ki, 2016-ci ildə strateji yol xəritəsi dəstəklənərək qeyri-neft sektorunun müəyyən olunmuş 15 istiqamət üzrə inkişafa nail olmaq üçün fəaliyyətə başlanılıb: “Pambıqçılıq, baramaçılıq, tütünçülük və fındıqçılıq kimi sahaləri əhatə edən proqram üzrə verilən tapşırıqlara uyğun olaraq xeyli işlər həyata keçirilib”.

V.Əhmədovun sözlərinə görə, fındıqçılıq sahəsindən əldə olunan gəlirlər hesabına cari ilin ilk altı ayı ərzində Azərbaycanın ixrac potensialında artım müşahidə olunub: “2017-ci ilin birinci yarısında fındıqçılıqdan yüz milyona yaxın gəlir əldə olunub. Çünki fındıqçılıq emalı və yetişdirilməsi ilə bağlı bir sıra zəruri addımlar atılıb. Əlbəttə ki, 2017-ci ilin sonunda ölkəmizin ixrac potensialında daha böyük artım qeydə alınacaq. Çünki digər bölgələrdə də fındıqçılıq sahəsi xüsusi rol oynayır”.

Deputat qeyd edib ki, ümumiyyətlə prezident İlham Əliyevin imzaladığı Strateji Yol Xəritəsinə uyğun olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atılır: “Təbii ki, kənd təsərrüfatı sahələri üzrə müəyyən problemlər də özünü göstərir. Bunlardan ən vacibi əkin yerlərinin suvarılması zamanı üzləşilən su çatışmazlığı məsələsidir. Ancaq həyata keçirilən fəaliyyətə nəzər salsaq, üstünlüklərin, əldə olunan nailiyyətlərin olduqca çox olduğunu deyə bilərik”.

V.Əhmədov hesab edir ki, 2018-ci ildə Azərbaycan öz ixrac qabiliyyətini müəyyən qədər artıa bilər: “2017-ci ilin birinci yarısında Azərbaycanda ixrac idxalı üstələyib. İlin altı ayını ölkəmiz 1,7 milyard dollara yaxın müsbət saldo ilə başa vurub. Bu o deməkdir ki, həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində ölkədə qeyri-neft sektorunun inkişafı üzrə ciddi nəticələrə nail olmaq mümkündür”.

Ceyhun ABASOV

 





05.08.2017    çap et  çap et