525.Az

2018-ci il: Ermənistanda "X" günü


 

2018-ci il: <b style="color:red">Ermənistanda "X" günü</b>

Ermənistanda son zamanlarda həyata keçirilən bütün siyasi islahatlar, gediş və taktikalar 2018-ci ildə Prezident Serj Sərkisyanın hakimiyyətdə qalmasına indekslənib. Amma bu prosessdə ciddi "sualtı qayalar'' var və Sərkisyan kəskin manevrlər etmək məcburiyyətində qalır.

Son iki ildə Ermənistanın daxili siyasətini silkələyən, gələcəkdəki siyasi mexanizmləri formalaşdıran iki hadisə baş verdi.

Birincisi, ötən ilin aprel ayında Ermənistan ordusunun atəşkəsi pozaraq işğalı altında olan Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq müzakirə masasında Azərbaycanı fakt qarşısında qoymaq istəməsi;

İkincisi, elə bu təşəbbüsün uğursuzluğa uğraması və hətta Ermənistanın nəzarətində olan bəzi strateji yüksəkliklərin Azərbaycan ordusu tərəfindən ələ keçirilməsi nəticəsində Ermənistan hökumətinin uğursuz təşəbbüsündən narazı qalan Sasna Çrer silahlı qurplaşmasının iyul ayında Erebuni post-patrul alayına hücum edərək alayı iki həftə girov saxlaması.

Ermənistanın daxili, xarici və təhlükəsizlik siyasətində qırılma nöqtəsi olaraq bilinən bu hadisələrin hər ikisi də birbaşa Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.

Ermənistanın 25 ildir davam edən və hər keçən gün bir az daha dərinləşən sosial-iqtisadi problemləri, insanların kütləvi olaraq xaricə köç etməsi, daxili, xarici və təhlükəsizlik siyasətindəki problemlər bu günə qədər aprel və Sasna Çrer hadisələri qədər dərin izlər buraxmayıb.

Aprel məğlubiyyətindən sonra hökumət özünə gəlmədən Sasna Çrer silahlı qruplaşmasının hökumətə meydan oxuması Sərkisyan rejiminin təməlini sarsdı. Ermənistanın baş naziri Ovik Abramyan 8 sentyabrda istefa verməyə məcbur oldu. Polis və xüsusi xidmət strukturlarında ciddi kadr dəyişikliyi edildi.

Öz komandası daxilində heç kimə güvənmədiyi üçün Sərkisyan 1963-cü ildə Xankəndində doğulmuş, Rusiyanın "Qazprombank''ında vitse-prezident olmuş, "Qazprom Mejregionqaz ASC''nin baş direktorunun müavini vəzifəsində olan Karen Vilqelmoviç Karapetyanı 13 sentyabr 2016-cı ildə baş nazir təyin etdi.

Ermənistanda 2017-ci il aprel ayının 2-də parlament seçkiləri keçirildi və bir çoxlarının gözlədiyi kimi parlament sədri Ara Abraamyan deyil, heç kimin tanımadığı, siyasi səhnədə xüsusi rolu, çəkisi olmayan, ölkənin baş pediatrı Ara Babloyan parlament sədri seçildi. Baş nazir və parlament sədrinin dəyişdirilməsi taktiki bir gediş idi.

Yuxarıda qeyd edilən hər iki qırılma nöqtələrindən Sərkisyan zəifləyərək keçdi. "Pirr qələbəsi'' kimi olan bu qələbə Sərkisyanın gələcək siyasi həyatında bəzi korrektələr etməsi ilə nəticələndi.

Uzun illər ərzində Ermənistanda Konstitusiya dəyişikliyi məsələsi müzakirə edilirdi və nəhayət 2015-ci il dekabrın 6-da Ermənistanda Konstitusiya islahatı barədə referendum keçirildi. Referendumun məqsədi Ermənistanda prezident üsul-idarəsindən tam parlament üsul-idarəsinə keçməyi təmin etmək idi. Referendum qəbul edildi və buna görə:

– prezident yeddi il müddətinə seçilir (əvvəl beş illiyə seçilirdi);

– prezidenti xalq yox, millət vəkilləri və yerli özünü idarəetmə orqanlarının nümayəndələri seçir. Bu nümayəndələr millət vəkillərinin sayı qədər olacaq;

– prezidentin bir dəfə seçilmə haqqı vardır;

– ali icraedici orqan dövlətin xarici və daxili siyasətini həyata keçirən hökumət olur;

– hökumət eyni zamanda dövlət idarəetmə sisteminə rəhbərlik edir;

prezident parlament seçkilərində qalib gəlmiş siyasi partiyanın və yaxud blokun liderini baş nazir təyin edir.

İndi Prezident Sərkisyanın əsas məqsədinin 2018-ci ildə keçiriləcək prezident seçkilərindən sonra baş nazir kreslosuna sahib olmaq arzusu olduğu ən yüksək səviyyədə dilə gətirilir və müzakirə edilir. Sərkisyan iki dəfə (2008 və 2013-cü illər) prezident seçilib və yeni konstutisiyaya görə üçüncü dəfə prezident seçilə bilməz. Referendumda prezidentin səlahiyyətləri məhdudlaşdırıldığı, simvolik xarakter daşıdığı, baş nazirin səlahiyyətləri artırıldığı üçün Sərkisyan baş nazir olmaqda iddialıdır. Hələlik Sərkisyan baş nazir kreslosu uğrunda mübarizə aparacağını açıq şəkildə bildirməsə də, bu post uğrunda mübarizə aparmayacağını da açıq şəkildə bildirməmişdir. Amma Sərkisyanın daxili siyasətdə gedişlərinə, kadr dəyişikliyinə diqqət etdikdə bütün bunların baş nazir postuna gedən yolda daha rahat hərəkət etməsinə xidmət etdiyini görmək mümkündür.

Karen Karapetyan baş nazir təyin edildikdən bir müddət sonra 2018-ci ildə də bu kresloda oturmaq istədiyini bildirdi. Əlbəttə, bu, Sərkisyanın maraqlarına ziddir. Karapetyan baş nazir təyin edilərkən Sərkisyan onu "qurtarıcı'' kimi təqdim edərək ölkənin sosial-iqtisadi problemlərini həll edəcək qədər təcrübəli biri olduğunu bildirsə də, Karapetyanın baş nazir postuna iddialı olduğu ortaya çıxdıqdan sonra onun fəaliyyət sahəsini məhdudlaşdırmağa başladı.

Böyük bir ehtimalla 2018-ci ildə Ermənistanda prezident seçkiləri keçirildikdən sonra parlament buraxıla və yeni seçkilər keçirilə bilər. Hazırkı parlamentlə davam etmək Sərkisyanın siyasi maraqlarına cavab vermir. Sərkisyan Ermənistanın Respublika Partiyasının sədri olduğu üçün parlament buraxıldıqdan sonra seçkilərdə iştirak edə və qalib gəldiyi təqdirdə baş nazir seçilə bilər. Bütün ssenari də bu istiqamətdə yazılıb.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda keçiriləcək prezident seçkilərində eynilə Ara Babloyan kimi heç kimin tanımadığı sürpriz biri prezident seçilə bilər. Sərkisyan güclü bir namizədin prezident seçilməsinə imkan verməyəcəkdir.

Ermənistanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər heç bir fors-major vəziyyət baş verməsə, Sərkisyanın baş nazir kreslosuna oturma ehtimalı yüksəkdir.

Newtimes.az
Hatəm Cabbarlı, siyasi elmlər doktoru

 





08.08.2017    çap et  çap et