525.Az

Göygöl rayonunda şəkər çuğunduru əkini sahələri artır


 

ŞƏMKİRÇAY SU ANBARINDAN ÇƏKİLƏN KANALLAR SAYƏSİNDƏ SUVARMA SİSTEMİNİN YAXŞILAŞDIRILMASI FERMERLƏRİN İMKANLARINI YÜKSƏLDİB

Göygöl rayonunda şəkər çuğunduru əkini sahələri artır<b style="color:red"></b>

Azərbaycan Regionlarının Sosial-İqtisadi İnkişafına dair Dövlət proqramlarında yerlərdə kənd təsərrüfatı istehsalının artırılması üçün suvarma sistemlərinin yaxşılaşdırılması üzrə mühüm layihələr də həyata keçirilir.
 
Göygöl rayonunda da son illərdə suvarma sisteminin yaxşılaşdırılmasının əkin sahələrinin genişləndirilməsinə, o cümlədən, fermerlər üçün daha gəlirli bitkilərin istehsalına müsbət təsir edib.

Bu il Gəncə bölgəsinin, o cümlədən, Göygöl rayonunun əkin sahələrində bol məhsul müşahidə olunur ki, bu da ötən illərlə müqayisədə suvarma məsələsinin  yaxşılaşması ilə bağlıdır. Su bolluğu ilk növbədə Regionların Sosial-iqtisadi İnkişafı üzrə Dövlət proqramı çərçivəsində Şəmkirçay dəryaçasının istifadəyə verilməsi ilə bağlığdır. Dəryaçadan çəkilən kanallar hesabına nəinki mövcud əkin yerlərinin, həmçinin təkcə Göygöl rayonu üzrə əlavə olaraq əkin dövriyyəsinə qatılmış daha 4 min hektar ərazinin suvarılması təmin edilib. Su ötürücü sistemlərin tutumunun əhəmiyyətli dərəcədə artması suvarma qurğularının istismarında əlavə texniki işlərin həyata keçirilməsinə də zərurət yaradıb. Kənd təsərrüfatı işlərinin qızğın çağı olduğundan. Göygöl rayonu Suvarma Sistemləri İdarəsi də gücləndirilmiş iş rejiminə keçib.

"Kanalların, arxların məcrasının lildən təmizlənməsi işlərinin intensivliyini artırmışıq. Su həcminin çoxalması ikinövbəli, istər gündüz, istər də gecə suvarma aparmağa imkan verir. Həmçinin, balansımızda olan 10 nasos stansiyası da tam texniki saz vəziyyətə gətirilib"- deyə, idarənin rəisi İlqar Məhərrəmov bildirir.

Şəmkirçay anbarından gətirilən suyun hesabına suvarmanın köklü şəkildə yaxşılaşdırılması yerli fermerləri öz əkin sahələrini genişləndirərərək yeni, sənaye əhəmiyyətli texniki  bitkilər əkməyə də sövq edib. Məsələn, Göygöl rayonunda bu il şəkər çuğundurunun əkin sahələri  10 dəfəyədək  artıb. Belə ki, ötən il rayonda şəkər çuğunduru üzrə əkin sahələri cəmi 67 hektar olduğu halda, bu il 598 hektara yüksəlib. Son illər  ölkədə şəkər çuğunduru istehsalçılarına dövlət qayğısından yararlanan fermerlər öz sahələrini ildən-ilə genişləndirməkdə maraqlıdırlar. Rayonda öz təsərrüfatlarında çuğundur becərən elə fermer yoxdur ki, bu bitkinin əkin sahəsini ən azı iki dəfə artırmamış olsun.

"Ötən il şəkər çuğundurunu 5 hektar sahədə əkmişdim, indi onu 10 hektara çatdırmışam. Məhsuldarlıq da yüksəkdir - hər hektardan 60-70 ton. Çünki artıq sudan korluğumuz yoxdur"- deyə, yerli fermer Mirdamət Verdiyev suvarma məsələsinin köklü surətdə həll edildiyindən məmnunluğunu bildirir.

Ən vacib məqam odur ki, çuğundur əkən fermerlər  öz məhsullarınu elə yerindəcə birbaşa əlaqədə olduqları şəkər istehsalı müəssisələrinə əlverişli qiymətə sata bilirlər. Həmçinin, həmin müəssisələrin nümayəndələri yerlərdə istehsalçı fermerlərin aqrotexniki təchizatı, o cümlədən, gübrələrlə təminatına yardımçı olurlar. 

"Şəkər çuğundurunun kiloqramı keçən il 52 manat idi, bu il isə məhsulu fermerlərdən daha əlverişli qiymətə, kiloqramı 62 manata alacağıq. Müəssisəmiz əkin dövründə fermerlərə lazımi qədər gübrə də verir. Onun dəyərini yalnız məhsulu alarkən fermerdən tuturuq"- deyə, respublikada iri şəkər istehsalı müəssisələrindən birinin aqronomu Alik Abbasov bildirir.

Şəmkirçay dəryaçasının suyunun əkin sahələrinə çəkilməsi Göygöl rayonunda, həmçinin dənli, yem, bostan və bağ bitkilərinin məhsuldarlığına da birbaşa müsbət təsir göstərəcək.

Zakir Muradov
Göygöl

 





08.08.2017    çap et  çap et