525.Az

Prezident şimal-qərb bölgəsinin inkişafıyla bağlı sərəncamlar imzaladı


 

AYDIN MİRZƏZADƏ: "ÖLKƏ BAŞÇISININ REGİONLARA SƏFƏRİ HƏM ÜMUMDÖVLƏT, HƏM DƏ YERLİ ƏHƏMİYYƏTLİ MƏSƏLƏLƏRİN OPERATİV HƏLL OLUNMASINA İMKAN VERİR"

Prezident şimal-qərb bölgəsinin inkişafıyla bağlı sərəncamlar imzaladı<b style="color:red"></b>

Prezident İlham Əliyev şimal-qərb bölgəsinə səfərini yekunlaşdırdıqdan sonra, avqustun 5-də Balakən, Zaqatala və Qax rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra sərəncam imzalayıb.
 
Regiona səfəri çərçivəsində həyata keçirilən sosial-infrastruktur tədbirləri, abadlıq və quruculuq işləri ilə yerində tanış olan, Qaxda respublika müşavirəsi keçirərək bölgədə kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları, həyata keçirilən fəaliyyəti qiymətləndirən ölkə başçısı gələcək dövr üçün qarşıya bir sıra tapşırıqlar qoyub. Xüsusilə sözügedən regionun sosial-iqtisadi inkişafı ilə bağlı bölgəyə xas ənənəvi kənd təsərrüfatı sahələri olan barama, tütün və fındıq istehsalının genişləndirilməsini vacib məsələ kimi müəyyənləşdirən prezident müvafiq icra strukturları qarşısında konkret vəzifələr qoyub. Eyni zamanda, dövlət başçısı bölgədə abadlıq, quruculuq - sosial infrastruktur tədbirlərinin davam etdirilməsi, ictimai-iaşə obyektlərinin inşa edilməsi istiqamətində də tapşırıqlar verib.

Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Balakən rayonunda əsaslı infrastruktur layihələri çərçivəsində Olimpiya İdman Kompleksi, Rayon Mədəniyyət Mərkəzi, "Gənclər Evi", Bayraq Muzeyi, müasir turizm obyektləri, təhsil müəssisələri və digər sosialyönümlü obyektlər istifadəyə verilib, Balakən "ABAD" mərkəzi, yeni istehsal müəssisələri yaradılıb, kəndlərarası avtomobil yolları yenidən qurulub, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Aparılan sosial infrastruktur tədbirlərin davamı kimi, prezident Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ilkin mərhələdə 3 milyon manat, Balakən Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat vəsait ayrılması barədə qərar qəbul edib.

Bölgələrin sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində şimal-qərb zonasına aid Zaqatalada da mühüm infrastruktur layihələri həyata keçirilib. Nəticədə rayonda Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binası inşa edilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal və emal müəssisələri yaradılıb, 17 mindən çox yeni iş yeri açılıb və geniş abadlıq-quruculuq işləri aparılıb. Həyata keçirilən sosial-infrastruktur tədbirlərinin davam olaraq prezident İlham Əliyev Zaqatalanın Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 8,9 milyon manat, habelə rayonda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətinə prezidentin ehtiyat fondundan 6 milyon manat ayrılmasını qərar alıb.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq Qax rayonunda da infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib. Nəticədə son illər ərzində Olimpiya İdman Kompleksi, "İçəribazar" qala kompleksi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün 68 mənzilli 3 yaşayış binası inşa edilib, Mərkəzi Rayon Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi əsaslı təmir olunub, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, şəhərin su təchizatı sistemi yenidən qurulub, iri istehsal müəssisələri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Növbəti dövrdə rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün ölkə başçısı prezidentin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayırıb.

Regionların ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər bu sahədə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib.  Bu tədbirlərin davamı olaraq, Qax rayonunda da su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, həcmi 2x500 kubmetr olan beş su anbarında tamamlama işlərinin başa çatdırılması, həcmi 2x500 kubmetr olan bir su anbarının, diametrləri 110-160 mm, uzunluğu 14,4 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-500 mm, uzunluğu 1,35 km olan kanalizasiya şəbəkəsinin tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 7722 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb. Bu məqsədlə prezident İlham Əliyevin Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 2,99 milyon manat vəsait ayrılması barədə qərar qəbul edilib.

Prezidentin rəhbərliyi ilə ölkənin digər bölgələrində olduğu kimi, şimal-qərb zonasında da həyata keçirilən quruculuq, abadlıq işlərindən danışan, sosial-infrastruktur tədbiləri çərçivəsində qəbul olunan sərəncamları yüksək qiymətləndirən Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə "525"ə bildirib ki, ölkə başçısı Azərbaycanın hər bir regionuna səfər etdikdən sonra həyata keçirilən sosial infrastruktur tədbirləri və həllini gözləyən məsələlərlə yaxından tanış olur və bu istiqamətdə işlərin davam etdirilməsi, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verir, imzaladığı sərəcamlarla vəsaitlər ayırır: "Bu, bütün regionlarda sosial-iqtisadi inkişafın sürətlənməsinə, yerli əhalini narahat edən  problemlərin operativ şəkildə həll edilməsinə gətirib çıxarır. Bir qayda olaraq bütün bunlar yerli əhəmiyyət daşıyan infrastruktur və yaxud mənzil fondunun təmiri ilə bağlı zəruri məsələləri özündə ehtiva edir. Ölkə prezidentinin tez-tez Azərbaycanın bütün regionlarına səfər etməsi həm ümumdövlət, həm də yerli əhəmiyyətli məsələlərin operativ həll olunmasına imkan verir".

A.Mirzəzadənin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin hər bir regionun sosial-iqtisadi inkişafı ilə bağlı işlərin davam etdirilməsi üçün əlavə vəsaitlərin ayrılması ilə bağlı sərəncamlar imzalaması bölgələrdə əhalininin sosial vəziyyətinin yaxşılaşmasına, yeni iş yerlərinin yaradılmasına, infrastruktrunun yenilənməsinə, həllini gözləyən məsələlərin qısa vaxt ərzində müsbət nəticələnməsinə, ümumilikdə isə ölkənin inkişafına gətirib çıxarır: "Bu praktika uzun müddətdir tətbiq olunur və daima özünün müsbət nəticələrini verir".

Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, dövlət başçısının regionlara səfəri və regionlarda respublika müşavirələri keçirməsi artıq ənənə halını alıb. O, "Trend"ə bildirib ki, dövlət başçısının hər səfərində regionlarda görülən işlər qiymətləndirilir, ayrı-ayrı iqtisadi zonalar üzrə perspektivlər müəyyənləşdirilir və inkişafın davam etdirilməsi üçün yeni tədbirlər həyata keçirilir: "Qaxda keçirilən bu müşavirə də həm regionun inkişaf perspektivi, həm də iqtisadi göstəricilərin təhlil edilməsi və müvafiq qərarların qəbul edilməsi baxımından olduqca əhəmiyyətli idi. Azərbaycanın iqtisadi rayonlarının özünəməxsus xüsusiyyətləri var və prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın şimal-qərb zonası xüsusilə tütünçülüyün, ipəkçiliyin və fındıqçılığın inkişafı ilə hər zaman əlamətdar olub. Ona görə də bu sahələrin inkişafı ilə bağlı xüsusi tədbirlər proqramı qəbul olunub və onlar həyata keçirilir".

Deputatın sözlərinə görə, artıq uzun illərdir ki, regionların inkişafı ilə bağlı xüsusi dövlət proqramları qəbul olunur və bu proqramlar çərçivəsində regionlarımız abadlaşır, yeni kommunikasiya yaranır, yeni yollar çəkilir, yeni infrastruktur formalaşdırılır, məktəblər, xəstəxanalar, idman kompleksləri və digər sosial-mədəni obyektlər tikilir: "Bütün bunlar regionlarımızın simasını dəyişir. Regionlarımızda yerli xüsusiyyətlər nəzərə alınmaqla, böyük layihələr həyata keçirilir. Bu gün ölkəmizə valyuta gətirəcək bir sıra kənd təsərrüfatı sahələri var ki, onlar ixraca görə əhəmiyyətlidir. Ona görə də prezident İlham Əliyev bu sahələrin inkişafına xüsusi diqqət ayırır və hər dəfə regionlardan qayıtdıqdan sonra təsbit etdiyi sahələr üzrə maliyyələşdirmə aparır və regionların inkişafına yeni təkan verir".

Ceyhun ABASOV

 





08.08.2017    çap et  çap et