525.Az

Qax müşavirəsi: yeni vəzifələr və hədəflər


 

AZƏR BADAMOV: "DÖVLƏT DƏSTƏYİ SAYƏSİNDƏ AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATINDA İNQİLABİ İNKİŞAFIN ŞAHİDİ OLACAĞIQ"

Qax müşavirəsi: <b style="color:red">yeni vəzifələr və hədəflər</b>

Xəbər verdiyimiz kimi, avqustun 3-də prezident İlham Əliyev Balakən, Zaqatala və Qax rayonlarına səfər edib.

Bölgədə sosial infrastruktur tədbirləri çərçivəsində həyata keçirilən fəaliyyət, kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımlar və görülən işlərlə tanış olan dövlət başçısı avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib.

Ölkə başçısı müşavirədə çıxış edərək son dövrlər bölgədə qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətin bu bölgə üçün xarakterik olan kənd təsərrüfatı sahələrinə diqqət və qayğısından danışaraq qeyd edib ki, şimal-qərb zonasına həm dövlət, həm də özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur: "Burada əsas investisiya qoyuluşunun payı dövlətin üzərinə düşür. Son illərdə bu bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi hesabına çox böyük investisiyalar qoyulub. Məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri - bir sözlə, bu gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Əminəm ki, verilən tapşırıqların yerinə yetirilməsi nəticəsində gələcək illərdə bu müsbət dinamika daha da güclənəcək".

Prezident bildirib ki, tütünçülük, baramaçılıq və fındıqçılıq bu bölgədə əsrlər boyu inkişaf edən kənd təsərrüfatı sahələrindəndir. Dövlət başçısının söylədiyi kimi, bu sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri var: "Burada mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz - bütün bunlar bu sahələrin inkişafına təkan verib. Azərbaycan xalqı əsrlər boyu bu sahələrdə çalışıb və yaxşı nəticələr əldə edib".

Təsadüfi deyil ki, bu gün həmin sahələrin yenidən dirçəldilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Çünki hər bölgənin özünə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa olunması və inkişafı bilavasitə regionların sosial-iqtisadi vəziyyətinə müsbət təsir edən məsələ olmaqla yanaşı, həmin coğrafiyalar üçün iqtisadi lokomotiv rolunu oynayır.

Bu mənada, müşavirədə ölkənin ümumi iqtisadi inkişaf perspektivlərindən danışan dövlət başçısı bildirib ki,  Azərbaycan iqtisadiyyatı inkişaf edir: "Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir".

Prezident qeyd edib ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ölkə tarixində çox böyük rolu var: "2004-cü ildən bugünə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməyib. Bölgələrdə lazım olan bütün infrastruktur layihələri icra edilib və Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. 30-a yaxın yeni elektrik stansiyasının tikilməsi sayəsində bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və xaricə də elektrik enerjisi ixrac edir".

Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsinin daha da aşağı düşəcəyinə əminliyini ifadə edən ölkə başçısı deyib ki, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılıb: "Bütövlükdə 2004-cü ildən bugünə qədər 1 milyon yarım iş yeri açılıb ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Son iki il ərzində kənd təsərrüfatı, sənaye sahələrində görülmüş çox böyük işlər sayəsində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan ərzaq məhsullarının böyük ixrac potensialına malik olacaq: "2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Azərbaycan özünü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edir".

Son illər dövlət tərəfindən sosial infrastruktura, ərzaq təhlükəsizliyinə, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına, ordu quruculuğuna milyardlarla vəsaitin qoyulduğunu deyən prezident qeyd edib ki, ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qalmışdı: "Bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan hazır məhsul ixrac edəcək".

Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək. Bu mənada, ölkə rəhbəri müşavirədəki çıxışı zamanı qeyd edib ki, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər sahələr uğurla inkişaf edəcək, həm fermerlər, həm də dövlət daha böyük fayda götürəcək: "Fındıqçılıq çox gəlirli və valyuta gətirən bir sahədir, fındıq istehsalı ilə bağlı bütün proseslər ölkəmizdə aparılmalıdır. Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir. 80 min hektar sahədə fındıq bağlarının salınması qarşıdakı dövrdə əsas hədəfdir".

Tütün istehsalçılarına güzəştli kreditlərin veriləcəyini deyən dövlət başçısı onu da bildirib ki, artıq 13 rayonda tütün əkini aparılıb: "2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır. Hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır. 2021-ci ilə qədər tütün əkini daha da genişləndirilməlidir. Tütünçülüklə bağlı çox ciddi proqram qəbul ediləcək".

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində dövlət başçısı ölkəmizdə texniki bitkilərin yüksək inkişafını təmin edəcək yeni vəzifələr və hədəflər müəyyənləşdirib: "Əsas hədəflərdən birisi istehsal olunacaq texniki bitkiləri xammal şəklində yox, son hazır məhsul şəklində istehsal edib ixrac etməkdir. Bu da emal sənayemizin inkişafına və nəticədə ölkəmizə daha çox valyuta gəlməsinə, işsizlik məsələsinin birdəfəlik aradan qalxmasına gətirib çıxaracaq. Kənd təsərrüfatının inkişaf etdirilməsinə göstərdiyi yüksək dövlət dəstəyi sayəsində dövlət başçımızın müəyyənləşdirdiyi bütün hədəflər icra olunacaq və biz Azərbaycanın kənd təsərrüfatında inqilabi inkişafın şahidi olacağıq".

Deputat Elman Nəsirov isə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri regionların inkişafının hər zaman dövlət başçısının diqqətində olduğunu göstərir. O, "Trend"ə bildirib ki, dövlət başçısının barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsində dediyi kimi, 2004-cü ildən indiyə qədər bölgələrdə müşahidə edilən inkişaf tarixi nailiyyətdir: "Azərbaycanda heç vaxt qısa zaman ərzində bu qədər iş görülməyib. Xüsusilə infrastruktur layihələrinin reallaşdırılması, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və həmin siyasətin sayəsində ölkəmizdə son 6 ay ərzində iqtisadiyyatda 1,7 faiz artım qeydə alınıb, qeyri-neft sektorunda 4,4 faiz, kənd təsərrüfatı sahəsində 2 faiz artım mövcuddur. Ən mühüm məsələlərdən biri heç şübhəsiz ki, ixrac potensialımızın genişləndirilməsi, idxaldan asılılığın azaldılması ilə bağlıdır. Məhz prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ölkəmizin ixracatında son 6 ay ərzində 36 faizlik artım qeydə alınıb və xüsusilə qeyri-neft ixracatında 27 faiz artım var, idxaldan asılılıq isə 15 faiz azalıb".

E.Nəsirovun sözlərinə görə, sadalanan rəqəmlər bir daha onu göstərir ki, yürüdülən siyasət düşünülmüş, məqsədyönlü siyasətdir və bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək: "Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində bu gün Azərbaycanın regionlarında yol infrastrukturu yenilənib, su, qaz və elektrik enerjisi təminatı xeyli yaxşılaşdırılıb. Bütün bunlar təbii ki, regionların inkişafına olan diqqətin birbaşa ifadəsidir".

Ceyhun ABASOV

 





08.08.2017    çap et  çap et