525.Az

Qətərə qarşı embarqo siyasəti və bu hadisələrə digər dövlətlərin münasibətləri


 

Qətərə qarşı embarqo siyasəti<b style="color:red"> və bu hadisələrə digər dövlətlərin münasibətləri</b>

Giriş

İyun ayının 5-dən etibarən başda Səudiyyə Ərəbistanı olmaqla digər ərəb dövlətləri ilə Qətərin diplomatik əlaqələrinin kəsilməsi dünya mətbuatında öz yerini almış oldu.

Səbəb olaraq isə Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulması ilə onu dəstəkləmək kimi iddialar irəli sürüldü. Bu cür suallar yaranır, bəs Yaxın Şərqdə nə baş verdi? Nə üçün ərəb dövlətləri Qətərə qarşı embarqo siyasəti aparmağı seçdi? Niyə ərəb dünyası Qətəri itirmə qorxusu yaşayır?

Qətər, Ərəb Körfəzində yerləşən kiçik bir dövlət olmasına baxmayaraq, bir çox dünya dövlətlərini sıxılmış maye qazla təmin edən bir yarımada ölkəsidir. Mühüm strateji ərazilərinə gəldikdə isə bunlara biz Halul, Şraouh və Əl-Asşat adalarını misal göstərə bilərik. Bir Ərəb dövləti olaraq Qətər daha müasir və multikulturalizmə açıq bir ölkədir. Esasən inkişaf etmiş bir infrastruktura sahibdir. Dünyanın bir çox ölkələrində böyük layihələrə investisiya yatırmış ölkədir. Buna görə də hər bir dövlət Qətəri itirmək istəmir əksinə hər zaman onu güclü bir müttəfiq kimi yanında görmək istəyir.

Qətərlə Səudiyyə Ərəbistanı arasındakı münasibətdə gərginliyin artması

İlk öncə bu suala cavab tapaq, Səudiyyə Ərəbistanı ilə Qətər arasında nə baş verir? Ümumiyyətlə iki ölkə arasında ziddiyyətlər bir neçə ildir ki, mövcuddur.  Buna misal olaraq isə 2014-cü ildə baş verən hadisəni deyə bilərik. Bu zaman Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərlə münasibətləri kəsmişdi. Ancaq bu sadəcə diplomatlara aid edilmişdi. Məsələ burasındadır ki, bütün bu prosesler Səudiyyə Ərəbistanı, Misir, Qətər və İran arasında getdikcə artan gərginlik Trampın Yaxın Şərqə səfərindən sonra pik nöqtəyə çatdı. Birləşmiş Ştatların prezidenti Donald Tramp özü etiraf etdi ki, əslində Qətərə qarşı olan embarqo siyasətinin səbəbkarı məhz özüdür. [1] (http://virtualaz.org/bugun/97876) Hal-hazırki vəziyyətə görə Səudiyyə Ərəbistanı ərəb dünyasında lider olmağa ən şanslı dövlətlərdən biridir. Çünki Liviyada, Misirdə olan çevrilişlər, Suriya və İraqda vəziyyətin pisləşməsi eləcə də Birləşmiş Ərəb Əmirliyinin Səudiyyə Ərəbistanını dəstəkləməsi artıq bu dövlətin bir lider dövlət olma şansını artırır. Lakin Qətər isə bunu qəbul etmir. Özünü Ərəb dünyasının lideri kimi görür. Ərəb dövlətində liderliyə gəldikdə isə Türkiyə, İran və Pakistan Səudiyyə Ərəbistanının liderliyini dəstəkləmədikləri üçün də Qətərlə bir tərəfdə olmağı seçmiş ola bilərlər.

Son illərə nəzər saldıqda Qətərlə Səudiyyə Ərəbistanı arasında münasibətlərin soyuqlaşmasını da görə bilərik. Daha sonra isə İranla yaxınlaşmalar da bu münasibətin daha da pisləşməsinə gətirib çıxardı. Səudiyyə Ərəbistanı hər zaman görürdü ki, Qətər daim İrana qarşı jestlər edir və bu da onu bir dövlət kimi qıcıqlandırırdı. Bəs nə üçün Səudiyyə Ərəbistanı Qətərin İranla yaxınlaşmasına qarşı çıxır? Əsas səbəb isə ondan ibarətdir ki, Qətərin qaz ehtiyatları çoxdur və İranla birləşərsə yəni İran-Qətər ittifaqı yaranarsa bir qaz monopoliyası yaranacaq və digər ərəb ölkələrinin xüsusilə OPEK üzvü olan ərəb ölkələrini oyun dışı çıxaracaq. Bundan əlavə Qətərin Avropanın iri iqtisadi və maliyyə şirkətlərində, maliyyə resurslarına problemsiz daxil olma imkanlarını əldə etməsidir. Yəni qısaca Qətər bu şirkətlərdə böyük bir pay sahibi olmaqla yanaşı həm də strateji əhəmiyyətə malik bir ölkədir. Bu kimi səbəblər Səudiyyə Ərəbistanının Qətəri hər zaman yanında görmə istəyini artırmışdı. Qətərin isə onların yanında olmaması bu gündə belə bir vəziyyətin yaranmasına səbəb oldu.

Qətəri terror təşkilatına dəstək verməkdə günahlandıran digər tərəflər də özləri bir sıra terror təşkilatlarına açıq şəkildə dəstək verir. Buna misal olaraq Birləşmiş Ştatların PKK/YPG [2] (http://yenicag.az/pkk-ya-destek-veren-olkeler-siyahi/), Səudiyyə Ərəbistanının ''Əl-Qaidə'' [3] (https://news.milli.az/world/426380.html) kimi terror təşkilatlarına dəstək verməyini qeyd edə bilərik. Qısaca olaraq burdan belə bir nəticə çıxara bilərik ki, bu prosesin arxasında duran səbəblər başqadır və gələcəkdə də bu özünü göstərəcək.

Münasibətlərin yenidən həll olunması üçün ərəb ölkələri rəsmi Dohaya 13 maddədən ibarət ultimatum göndərmişdir ki, ora daxil olan şərtlər isə İranla diplomatik əlaqələrin kəsilməsi, terror təşkilatlarına dəstəyin dayandırılması, Türkiyənin Qətərdəki hərbi dəstəyinin geri çevirməsi kimi müddəalar yer alıb. Lakin Qətər bu ultimatuma müddəti başa çatmamış rədd cavabı verdi. Maraqlısı ondan ibarətdir ki, siyahıda ərəb ölkələrinin maraqları ilə yanaşı, hətta ondan daha çox, ABŞ-ın tələbləri də öz əksini tapmış olub. [4] (http://ovqat.com/manset2/4591-rblr-qtr-vaxt-verdi-13-maddlik-ultimatum.html)

Türkiyə ilə Qətərin yaxınlaşması

İllərdir ki, Ərəb dünyasının daxilində baş verən rəqabət liderlərinin olmaması ilə bağlıdır. Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı geosiyasi ziddiyyətin əsas səbəbi ərəb dünyasında liderlik qazanmaqdan ibarət olmuşdur. Ərəb ölkələrinin öz aralarında olan prosesə isə Türkiyənin müdaxilə etməsi nə dərəcədə doğru olub olmaması isə sual altındadır. Qısaca tarixə nəzər salsaq hər zaman Liviya, Misir, İraq və Suriya böhranlarında da Türkiyə tərəf rolunu seçmiş lakin bu isə onun siyasətində ağır nəticələrlə sonlanmışdı. Bəs belədirsə niyə Türkiyə bu böhranın necə bitməsini gözləmədən bu addımı atmağı özünə əsas yol kimi gördü?

Qətərə qarşı digər ərəb dövlətlərinin apardığı embarqo siyasətindən sonra Qətərin Türkiyə və İrana müraciəti başlandı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərlə 2014-cü ilin 9 dekabr tarixində bağlanmış sazişə əsasən Türkiyənin qoşunlarının Qətərə göndərməsini, iki gün sonra isə Türkiyə parlamenti türk hərbi bazasının yaradılması barədə sazişi ratifikasiya etdi. Türkiyə Qətəri aşkar şəkildə yəni siyasi, hərbi, iqtisadi baxımdan açıq aşkar dəstəkləyərək mövqeyini seçən bir ölkə statusunda oldu. Türkiyə İxracatçılar Məclisinin (TİM) iyulun 1-də açıqladığı (iyun, 2017) statistika (1,8%-lik artımla 12,1 milyard dollar) Körfəzdə narahatlıq yaratdı. May ayında 277 milyon dollar olan Səudiyyə Ərəbistanına ixrac 36,4% azalma ilə iyunda 188 milyon dollara endi. Birləşmiş Ərəb Əmirliklərinə ixracat 20,5% gerilədi və 316,5 milyon dollardan 234,6 milyon dollara düşdü. Bəhreynə ixracat 24% azaldı və may ayındakı 20,7 milyon dollarlıq məbləğ indi 15,6 milyon dollardır. Böhranın yarandığı iyun ayında Qətərə ixracat 49% artım yaşadı və 35,8 milyon dollardan 53,4 milyon dollara çıxdı. Qətər böhranının yaxınlaşdırdığı Türkiyə-İran ticarətindəki müsbət inkişaf da iyun məlumatlarına əks olundu. İrana ixrac 8,5% atımla 233 milyon dollardan 250 milyon dollara yüksəldi. [5] (http://www.milliyol.az/news.php?id=11483) Türkiyənin Qətər siyasətinə fərqli baxışları vardır. Bundan əlavə Türkiyə və İran Qətərə kənd təsərrüfatı ilə bağlı dəstəyini açıqladı. Qətərin Ərəb dövlətlərindən asılı salan əsas mənfi cəhəti isə yararlı torpaq sahələrinin məhdud olması idi ki, bu da kənd təsərrüfatının inkişaf etməməsi demək idi. Burada kənd təsərrüfatı ümummilli məhsulun cəmi 1 faizini təşkil edir. Nəticədə isə Qətər kənd təsərrüfatına olan ehtiyacını xarici dövlətlərdən idxal etməli olurdu.

Türkiyənin Qətəri dəstəkləməkdə digər əsas səbəb isə strateji investisiya ilə bağlıdır ki, buda Türkiyəni bu məsələdə daha diqqətli olmağa sövq edir. Hər iki tərəf bu vaxta qədər bir-birlərinə strateji tərəfdən önəmli olan investisiyalar yatırmışlar. Qısacası Qətər Türkiyə iqtisadiyyatına ciddi kapital yatırıb.

Nəticə

İndiki vəziyyətdə proqnozlar çox olsa da lakin nəticənin nədən ibarət olmasını hər kəs səbirsizliklə gözləyir. Qətərin xarici işlər naziri Məhəmməd Abderrəhman Əl Tani isə bu dövlətə qarşı tərəflərin sərt olmasına baxmayaraq vəziyyətin daha da gərginləşməsinə icazə verməyəcəklərini bildirib. Çünki vəziyyətin gərginləşməsi tərəflər üçün də pis nəticəyə gətirib çıxara bilər. Ancaq Qətər ərəb ölkələri ilə münasibətlərinə son dərəcə həssas yanaşır. Bu prosesin nə qədər davam edəcəyini isə zaman göstərəcək.

Newtimes.az
Günel Musayeva,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı məsləhətçisi

 





09.08.2017    çap et  çap et