525.Az

Aqrar sektorun inkişafında yeni mərhələ


 

ELÇİN MİRZƏBƏYLİ: "AZƏRBAYCAN DİGƏR SAHƏLƏRDƏ OLDUĞU KİMİ, AQRAR SEKTORDA DA KONKRET PROQRAMLAR ÜZRƏ HƏRƏKƏT EDİR"

Aqrar sektorun inkişafında yeni mərhələ<b style="color:red"></b>

Məlum olduğu kimi, prezident İlham Əliyev şimal-qərb bölgəsinə səfəri çərçivəsində Balakən, Zaqatala və Qax rayonlarında həyata keçirilən sosial-infrastruktur tədbirləri, abadlıq və quruculuq işləri ilə yerində tanış olub, Qaxda respublika müşavirəsi keçirərək bölgədə kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları, həyata keçirilən fəaliyyəti qiymətləndirib.

Bu gün tütünçülük, baramaçılıq və fındıqçılığın yenidən dirçəldilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Çünki hər bölgənin özünə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa olunması və inkişafı bilavasitə regionların sosial-iqtisadi vəziyyətinə müsbət təsir edən məsələ olmaqla yanaşı, həmin coğrafiyalar üçün iqtisadi lokomotiv rolunu oynayır.

Dövlət başçısının müşavirədə söylədiyi kimi, bu sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri var: "Burada mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz - bütün bunlar bu sahələrin inkişafına təkan verib. Azərbaycan xalqı əsrlər boyu bu sahələrdə çalışıb və yaxşı nəticələr əldə edib".

Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək. Bu mənada, ölkə rəhbəri çıxışında qeyd edib ki, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər sahələr uğurla inkişaf edəcək, həm fermerlər, həm də dövlət daha böyük fayda götürəcək: "Fındıqçılıq çox gəlirli və valyuta gətirən bir sahədir, fındıq istehsalı ilə bağlı bütün proseslər ölkəmizdə aparılmalıdır. Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir. 80 min hektar sahədə fındıq bağlarının salınması qarşıdakı dövrdə əsas hədəfdir".

Tütün istehsalçılarına güzəştli kreditlərin veriləcəyini deyən dövlət başçısı onu da bildirib ki, artıq 13 rayonda tütün əkini aparılıb: "2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkin sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır. Hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır. 2021-ci ilə qədər tütün əkini daha da genişləndirilməlidir. Tütünçülüklə bağlı çox ciddi proqram qəbul ediləcək".

Ölkənin ümumi iqtisadi inkişaf perspektivlərindən danışan dövlət başçısı bildirib ki,  Azərbaycan iqtisadiyyatı inkişaf edir: "Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir".

Prezident qeyd edib ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ölkə tarixində çox böyük rolu var: "2004-cü ildən bugünə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməyib. Bölgələrdə lazım olan bütün infrastruktur layihələri icra edilib və Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. 30-a yaxın yeni elektrik stansiyasının tikilməsi sayəsində bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və xaricə də elektrik enerjisi ixrac edir".

Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsinin daha da aşağı düşəcəyinə əminliyini ifadə edən ölkə başçısı deyib ki, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılıb: "Bütövlükdə 2004-cü ildən bugünə qədər 1 milyon yarım iş yeri açılıb ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Son iki il ərzində kənd təsərrüfatı, sənaye sahələrində görülmüş çox böyük işlər sayəsində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək".

Bu mənada, prezident gələcək dövr üçün qarşıya bir sıra vəzifələr qoyub. Xüsusilə, sözügedən regionun sosial-iqtisadi inkişafı ilə bağlı bölgəyə xas ənənəvi kənd təsərrüfatı sahələri olan barama, tütün və fındıq istehsalının genişləndirilməsini vacib məsələ kimi müəyyənləşdirən prezident müvafiq icra strukturları qarşısında konkret tapşırıqlar verib. Eyni zamanda, dövlət başçısı bölgədə abadlıq, quruculuq - sosial infrastruktur tədbirlərinin davam etdirilməsi, ictimai-iaşə obyektlərinin inşa edilməsi istiqamətində də vəzifələr müəyyənləşdirib, səfərdən qayıtdıqdan sonra bununla bağlı bir sıra sərəncam imzalayıb.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Balakən rayonunda əsaslı infrastruktur layihələri çərçivəsində Olimpiya İdman Kompleksi, Mədəniyyət Mərkəzi, "Gənclər Evi", Bayraq Muzeyi, müasir turizm obyektləri, təhsil müəssisələri və digər sosialyönümlü obyektlər istifadəyə verilib, "ABAD" mərkəzi, yeni istehsal müəssisələri yaradılıb, kəndlərarası avtomobil yolları yenidən qurulub, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib.

Bölgələrin sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində şimal-qərb zonasına aid Zaqatalada da mühüm infrastruktur layihələri həyata keçirilib. Rayonda Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilib, Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binası inşa edilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal və emal müəssisələri yaradılıb, 17 mindən çox yeni iş yeri açılıb və geniş abadlıq-quruculuq işləri aparılıb.

Oxşar tədbirlər Qax rayonunda da aparılıb. Nəticədə son illər ərzində rayonda Olimpiya İdman Kompleksi, "İçəribazar" qala kompleksi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün 68 mənzilli 3 yaşayış binası inşa edilib, Mərkəzi Xəstəxana, Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi əsaslı təmir olunub, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, şəhərin su təchizatı sistemi yenidən qurulub, iri istehsal müəssisələri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Aparılan sosial infrastruktur tədbirlərin davamı kimi, prezident Balakən-Qazbinə-İtitala, Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yollarının, Balakən Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi, habelə Zaqatala və Qaxda abadlıq-quruculuq işlərinin,  Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Prezidentin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatları, atılan addımları yüksək qiymətləndirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli "525"ə bildirib ki, ölkənin ixrac potensialının artması ilə bağlı açıqlanan rəqəmlər də göstərir ki, bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət öz müsbət nəticələrini verir: "Azərbaycan digər sahələrdə olduğu kimi, aqrar sektorda da konkret proqramlar üzrə hərəkət edir".

E.Mirzəbəyli qeyd edib ki, tütünçülük, baramaçılıq və fındıqçılıq Azərbaycan ənənəvi kənd təsərrüfatı sahələridir: "Şübhəsiz ki, bu və digər sahələrin inkişaf etdirilməsi sektorda yüksək nailiyyətlərin əldə olunması üçün zəmin yaradacaq. Prezident İlham Əliyevin hər dəfə bəyan etdiyi kimi, qeyri-neft sektorunun inkişafına xüsusi dəstək verilir. Ölkə başçısı hər zaman sahibkarların yanında olduğunu xüsusi olaraq vurğulayır. Bu aspektdən də Qaxda keçirilən müşavirənin təkcə konkret sahələrin deyil, bütövlükdə ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini düşünürəm".

Ölkənin digər bölgələrində olduğu kimi, şimal-qərb zonasında da həyata keçirilən quruculuq, abadlıq işlərindən danışan, sosial-infrastruktur tədbirləri çərçivəsində qəbul olunan sərəncamları yüksək qiymətləndirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, 2004-cü ildən sonrakı dövrdə regionlarda infrastrukturun formalaşması prosesi həyata keçirilib. O, SİA-ya bildirib ki, ümumiyyətlə infrastruktur investisiyaların cəlb edilməsi baxımından vacib idi: "Çünki mövcud infrastrukturun formalaşdırılması nəticə etibarilə investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar yaradır".

Ekspertin sözlərinə görə, 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları birbaşa bölgələrin infrastrukturunun formalaşmasına zəmin yaradıb: "Post-neft dövründə isə regionlarda formalaşmış infrastruktur hesabına biznes, investisiya mühitinin yaxşılaşdırılması nəticəsində regionlarda istehsalın genişləndirilməsinə əlverişli şərait yaradılıb. Hazırda regionlarda tək ənənəvi aqrar məhsulların deyil, eləcə də digər kənd məhsullarının istehsalında artımlar müşahidə edilir. Birinci yarımildə qeyri-neft ixracatı 27 faiz artıb. Bu artım da birbaşa məhz regionların hesabına baş verib".

V.Bayramov deyib ki, Qaxda prezident İlham Əliyevin sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi post-neft dövründə regionların inkişafı və eləcə də iqtisadiyyatın diversifikasiyası baxımdan vacib tədbir kimi xarakterizə edilməlidir: "Barama, tütün və fındıq istehsalı Azərbaycan üçün ənənəvi sahələrdir. Azərbaycan prezidentinin birbaşa dəstəyi ilə reallaşan regional iqtisadi islahatlar ənənəvi sahələrin yenidən inkişafına stimul yaradıb. Bu isə həmin sahələri sahibkarlar üçün cəlbedici etməklə yanaşı, məşğulluğun güclənməsi, yeni iş yerlərinin yaradılması, daxili tələbin ödənilməsi və eləcə də qeyri-neft ixracatının artırılması kimi müsbət təsirlərə malikdir. Yalnız fındıq ixracatından Azərbaycan sahibkarları ötən il 105 milyon dollar gəlir əldə ediblər. Bununla belə, ənənəvi kənd təsərrüfatı məhsullarının ixracatından əldə edilən gəlirin daha da artırılması indi əsas hədəflərdəndir. Bu isə ölkəmizə daxil olan valyutanın həcminin artırılması baxımdan vacibdir".

Ceyhun ABASOV

 





09.08.2017    çap et  çap et