525.Az

Kişinyovda iki gün


 

Kişinyovda iki gün<b style="color:red"></b>

Kişinyovun mərkəzində Azərbaycan səfirliyinin ünvanını bir moldovalı gəncdən soruşsam da, qaneedici cavab almıram, yolumu necə deyərlər, naməlum istiqamətə doğru davam etdirirəm.
 
Nəhayət, cəhdim nəticə verir, əlində portfel tutmuş ikinci şəxsə yaxınlaşıb rus dilində diplomatik korpusumuzun yerini xəbər alıram. Ortayaş, xoş çöhrəli kişi bir-iki dəqiqə sağa-sola boylanır, uzaqdan üstündə ay-ulduz bayraq yellənən binanı təbəssümlə mənə göstərir. Dərhal özümü həmin səmtə - Koqelniçanu-64 ünvanına çatdırıram. Mühafizə xidmətinin əməkdaşından səfir Qüdsi Osmanovu soruşan kimi, dinməz-söyləməz iri darvazanı açır. Həyət-bacanın səliqəsizliyi, binanın üstünə yıxılmış irigövdəli ağacın parçalanmış qol-budağı o saat üç gün öncə baş vermiş qarlı-çovğunlu tufanı, yalnız Kiyevdə teleekranda gördüyüm acı mənzərəni yadıma salır. Hələlik səhər saatlarıdır, heç kəs nəzərə çarpmır, yalnız təsərrüfat işlərinə baxan səfirlik işçisi səliqə-sahman yaratmağa çalışanlara tapşırıqlarını verir, "ağacı mişarla elə kəsmək lazımdır ki, binaya tərəf hissəsi divarı ikinci dəfə zədələməsin" - deyir. Tanışlıq ərəfəsində isə Azərbaycanın  Moldova Rerspublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanovun xidməti maşını içəri daxil olur. Əməkdaş üzrxahlıq edir, "cənab səfir gəlib, qoy qarşılayım" - cümləsini bildirməyə isə zorla macal tapır.

Mənim yaxınlaracan  Rusiya Federasiyasının ikinci paytaxtında - Sankt-Peterburqda Azərbaycanın Baş Konsulu vəzifəsində çalışan, sonra ölkə başçısının sərəncamı ilə Moskvada diplomatik fəaliyyətini davam etdirən Qüdsi müəllim haqqında müəyyən bilgim var. İndi ona daha yüksək post tapşırılıb. Qüdsi Dursun oğlunun zəngin həyat təcrübəsi, biliyi-savadı, ən çətin situasiyalardan asanlıqla baş çıxmaq bacarığı və peşəkarlığı Azərbaycan prezidenti İlham Əliyevin nəzər-diqqətindən yayınmayıb. Ona yüksək diplomatik rütbə verilib, Moldovaya 2016-cı ilin sentyabrında səfir təyin edilib.

Qərbi Azərbaycanda doğulan Qüdsi Osmanov orta məktəbdən sonra xeyli keşməkeşli həyat yolu keçib. Şimalda əsgəri xidmətini başa vurub. İdmanın bir neçə növü ilə ciddi məşğul olub, diplomlar, fəxri fərmanlar, medallar qazanıb, harda fəaliyyət  göstəribsə,  milli qürurunu qoruyub, sıradan bir nəfər olmadığını təsdiqləyib. Öncə Sankt-Peterburq Su Kommunikasiyaları Universitetinin hüquqşünaslıq və yerli dövlət universitetinin beynəlxalq münasibətlər fakültələrini bitirib. Siyasi elmlər üzrə namizədlik dissertasiyası müdafiə edib, alimlik dərəcəsi alıb, fəlsəfə doktorudur. Mükafat kolleksiyası tərcümeyi-halını daha da zənginləşdirib. O, müxtəlif vaxtlarda "Sankt-Peterburqun 300 illiyi", "Rusiya Dəniz Donanmasının 300 illiyi" və görkəmli dövlət xadimi, habelə diplomat A. M. Qorçakov adına medallara layiq görülüb.

Elə bütün bunları arıtlaya-arıtlaya, götür-qoy edə-edə xəyalımdan keçirirdim, birdən Qüdsi müəllimin mənə tərəf gəldiyini gördüm. Təcrübə və səriştə sözünü deyirdi. Qısa tanışlıqdan və xoş-beşdən sonra səfir küləklə müşahidə olunan qasırğanın vurduğu ziyandan danışdı... "Yay-qış Moldovanın təbiəti insanları kimi həmişə mülayimdir. Ancaq görünür, bütün gözlənilməzliklərə insan hazır olmalıdır. Kim bilirdi ki, qızmar istilər başlar-başlamaz hava belə sərt şəkildə dəyişəcək, yarım metrdən çox qar yağacaq, güclü külək damları uçuracaq, ağacları kökündən qoparacaq, yaraşıqlı parklar, bağlar viran qalacaq. Kişinyova xeyli ziyan dəydi. Səfirliyimizin binası bariz misaldı, təsəvvür edin ki, hələ külək tutmayan yerdi, o boyda yaşlı ağacı köklü-köməcli aşırıb. Eh, bütün bunlar Tanrının işidi, biz qarışmayaq, yarımca saat vaxtım var, tədbirə çağırıblar. İndiysə sizi nahar süfrəsinə dəvət edirəm, bir qismət çörək kəsək".

Yarım saat bir saatacan uzandı, aramsız zənglərəcən. Qüdsi müəllim bu müddət ərzində Moldovanın yerləşdiyi geosiyasi məkanından tutmuş, qonşu Rusiya və Rumıniya ilə sabiq SSRİ-dən qopan respublikalaracan bütün münasibətlərə güzgü tutdu. Dnestryanı bölgənin problemlərini siyasi-iqtisadi, etnik müstəvidə çözələdi, qardaş qaqauzların üzləşdiyi çətinlikləri açıb-ağartdı. Növbə Azərbaycanla əlaqəyə çatanda bildirdi ki, Moldova qardaş ölkədir. Həm Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, həm də Moldovanın prezidenti hörmətli İqor Dodon qarşılıqlı dostluq münasibətlərinə böyük əhəmiyyət verirlər. Biz də iki dövlət arasında iqtisadiyyat, ticarət, mədəniyyət, idman və elmi-texniki sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsində yardımçıyıq. Eyni zamanda, ümdə vəzifəmiz burda yaşayan azərbaycanlıların və hüquqi şəxslərin mənafelərini qorumaq, pozmağa qoymamaqdır.

Olduqca diqqətcil və həssas təsir bağışlayan Qüdsi Osmanov arada vaxt tapıb Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu soruşdu, onun Bakıdan gəlib-gəlmədiyini dəqiqləşdirdi. "Burda iki nəfər görkəmli həmvətənimiz var: hüquq elmləri doktoru Vüqar Novruzov və məşhur "Lukoyl" şirkətinin Moldova təmsilçisi Feyruz İsayev. Hər ikisi hörmət-izzət qazanıb, millətimizin fəxrləridir. İndicə əməkdaşımıza tapşırıq vermişəm. Sizi Vüqar müəllimlə görüşdürəcək, yəqin ki, Feyruz İsayevlə əlaqə quracaq, istəsəniz, həmfikir olarsınız" - dedi və tələsə-tələsə çağırılan ünvana yollandı.

Küçəyə çıxıb şəhərə görməmişlər kimi dördgöz baxıram. Kişinyov tərtəmiz Şərqi Avropa şəhəridir. Paytaxtın çağdaş yöndəmi bunu təsdiqləyir. Yaşıllıqlar göz işlədikcə uzanır, bəzən elə bil sıx ormanlığa çevrilir. Hər növdə quşların nəğməsi adamı ovsunlayır, valeh edir, dəvəl dələlər isə bu yabanı bağların sanki daimi sakinləridir. Burda hər qarışda ingilis dili hökmrandır.Yerli camaat hətta rusca danışan görərkən bir qədər təəccüblərini gizlətmir. 

Konqres sədri, elm adamı, biznesmen, xeyriyyəçi... 

Yarımbaşlığa çıxartdığımız bu sözlərin hamısı Vüqar Novruzovun çoxşaxəli fəaliyyətinin ayrı-ayrı detallarıdır və 1980-ci ildən bu ölkədə yaşayan soydaşımız Moldova Azərbaycanlıları Konqresinin sədridir. SSRİ dönəmindən burda məskunlaşan, sonrakı, müstəqillik illərindən taleyini bu məmləkətə bağlayan yüzlərlə, minlərlə yurddaşımızı bir araya gətirmək, yumruq halında birləşdirmək Vüqar Şahmar oğlunun qayğısı və diqqəti sayəsində mümkün olub. Sənədləri qaydasında olmayana hüquqi yardım göstərməkdə, haqqı pozulana maddi-mənəvi arxa durmaqda, çətin vaxtlarda Azərbaycanın harayını dünyaya çatdırmaqda bu laçınlı balasını əvəz edə biləcək ikinci şəxs yoxdur. O, kömək edir, əl tutur, şəxsi qazancından pay ayırır, məclislərdə, yüksək tribunalarda millətin adından danışır, Xocalı soyqırımının anım mərasimini keçirir, mahiyyətini açır, bayramlarda camaatın içində olur, müharibə və əmək veteranlarına, kimsəsiz qocalara dəyməyə vaxt tapır, bütün bunlardan isə yorulduğunu qətiyyən dilinə gətirmir. Bir sözlə, konqres sədri Azərbaycanın Moldovada tapıntısıdır, onu hər kəs tanıyır və hamı ehtiramını saxlayır.

Həmişə sərrast və rəvan, məntiqli nitqi ilə əks tərəfi susdurmağı bacaran Vüqar Novruzov hüquq elmləri doktorudur. Sovet dövründə Kişinyovda Respublika Komsomolunun Mərkəzi Komitəsində çalışıb. Yerli xalqın nəinki dilini mükəmməl öyrənib, eyni zamanda, mədəniyyətini, adət-ənənlərini kifayət qədər mənimsəyib. Həmyerlimizi fəxrlə Moldova yazıçılarının yaxın dostu və ədəbiyyatının təbliğatçısı adlandırırlar. Təsadüfi deyil ki, o, bir sıra tanınmış yerli yazarların kitablarına sponsorluq etmiş, nəşr xərclərini şəxsi vəsaiti hesabına ödəmişdir. İqor Kolnitskinin, İon Hadirkanın, Nikolae Spetarunun əsərləri dediklərimizə nümunədir. Eyni zamanda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin aforizmlərindən ibarət nəfis toplusu və xalq yazıçısı Çingiz Abdullayevin bir sıra roman və povestləri moldov-rumın dilində məhz Vüqarın xeyirxahlığı, təşəbbüsü sayəsində işıq üzü görüb.

Həmyerlimiz hazırda həm də ciddi biznes fəaliyyəti ilə məşğuldur, "Azmol Komany" şirkətinin yaradıcısı, baş direktorudur. İstiqanlı və qonaqpərvər Vüqar Novruzovun ofisində də söhbətin məcrası əsasən ədəbiyyata və mədəniyyətə tərəf yönəldi. Qeyd elədi ki, Kişinyovun mərkəzi parklarının birində ulu Nizaminin abidəsi ucaldılıb. Bu istirahət parkı yerli ziyalıların və qonaq-qaranın ən çox toplaşdığı məkandır. Mədəniyyətlərin bir-birinə yaxınlaşması, inteqrasiyası elə xalqların doğmalaşmasıdır. Bu yaxınlarda moldov ədəbiyyatşünası, publisisti, politoloqu, eyni zamanda, tərcüməçi İqor Kolnitskinin  Anarın "Ağ qoç, qara qoç" romanı barədə yazdığı, "Moldova nə zaman qara qoçun belinə "atıldı"? məqaləsi ölkənin populyar, aparıcı saytların birində (Müəllif, həmçinin həmin saytın rəhbəridir) yerləşdirilib. Bədii Tərcümə  və Ədəbi Əlaqələr Mərkəzinin elektron poçtuna göndərilən həmin yazı dəyərli dostumuz Səlim Babullaoğlunun diqqəti sayəsində yazıçı Azər Alpayın tərcüməsində "Ədəbiyyat" qəzetində dərc edilib.

  Yeri gəlmişkən, SSRİ dönəmində yazıçı təşkilatlarının bir-biriylə daha çox əlaqələri olub: gediş-gəlişlər, qarşılıqlı tərcümələr, səfərlər həmişə xalqlar arasında yaradıcılıq körpülərinin təməlini qoyub. Doğrudur, köhnə bağlar qırılıb, faydalı- faydasız o münasibətlər arxivlərə köçüb. Yeni dövr daha çevik, sivil nəticələr tələb edir. Bu mənada Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğlunun bu əlaqələrin bərpasında xidmətləri danılmazdır. Tez-tez Avropa ölkələrinə səfər edən Səlim bəy Kişinyova baş çəkməyi də unutmur. Onun Azərbaycan Konqresinin dəstəyi ilə paytaxtda təşkil elədiyi poeziya bayramına bir neçə ölkənin yazarları qatılmışdılar. Tədbir Moldovada geniş rezonans doğurub, yerli medianın diqqətindən kənarda qalmayıb.

Bakıya dönən kimi isə Səlim Babullaoğlu dostluq naminə daha bir faydalı iş görüb. Ədəbiyyat qəzetində çağdaş Moldova şeirindən çevirdiyi nümunələri dərc etdirib. Qoşa səhifədə İon Hadrikanın, Nikolas Spetarunun, Mariya Pilkinin, Nikolas Spetarunun və İvan Pilkinin yaradıcılığından seçmələr yer alıb. Maraqlıdır ki, çap olunan şeirlərinin əsas mövzusu da elə Azərbaycan həyatıdır. İon Hadrıkanın qısa "Toxunulmaz Nizami" şerinə diqqət yetirək:

Onun ecazkar
Xəmsəsini
və müdrik rübailərini
oxusam da,
"İskəndərnamə"nin səhifələrinə
bürünsün də,
Leyli-Məcnunun göz yaşları ilə
yuyunsam da,
bu il də Nizami ilə
görüşə bilmədim.

Sinəsində Moldovanın ali dövlət ödülünü - "Respublika" ordenini gəzdirən Vüqar Novruzovun xidmətlərini Vətən də qiymətləndirib. Hələ neçə il əvvəl görkəmli yurddaşımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 

"LUKOİL"in layiqli təmsilçisi 

Rusiyanın məşhur "LUKOİL" şirkətinin Moldova nümayəndəliyinin rəhbəri Feyruz İsayevi gənclik yaşlarından tanıyıram. O, uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışıb. Respublika Komsomolu Mərkəzi Komitəsinin katibliyinəcən yüksəlib. Müstəqilliyimizin ilk çağlarında Göyçayda, İsmayıllıda icra başçısı olub. Sonra taleyini Moskva ilə bağlayıb. "Lukoil"in prezidenti, həmyerlimiz Vahid Ələkbərov işə başladığı ilk günlərdən Feyruz müəllimin yüksək təşkilatçılığını, bacarığını bəyənib, onu üç ölkə - Ukrayna, Rumıniya və Moldova nümayəndəliklərinə rəhbər qoyub. Neft şirkəti xəritəsini genişləndirəndən sonra isə İsayev Moldova ilə kifayətlənib. Ölkədə nüfuzlu iş adamı kimi tanınır.

"LUKOİL"dən başqa, Feyruz İsayevin ayrı biznes sahələri də mövcuddur. Onun müasir üslubda inşa etdirdiyi doqquzmərtəbəli mehmanxanası var və bu hotel Kişinyovun ən yaxşı parkların birində fəaliyyət göstərir. Eloğlumuz qardaş Türkiyənin sərmayəçilərilə iş birliyi yapıb. Eyni zamanda, o, yaşıllıqlar qoynunda salınan,  Kişinyovun brendinə çevrilən iaşə-əyləncə mərkəzinin sahibidir. Hər il paytaxtda ölkənin 100 və ya 50 ən məşhur iş adamının adlarını müəyyənləşdirmək üçün sorğu keçirilir. Sevindirici faktdır ki, həmişə iki azərbaycanlının adı bu mötəbər sorğuda ilk yerlərdə olur: Vüqar Novruzovun və Feyruz İsayevin.

Bu qeydlərimi yekunlaşdırarkən ölkəmizin Moldova Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanovun söylədikləri, "burda iki nəfər görkəmli həmvətənimiz var: Vüqar Novruzov və Feyruz İsayev. Hər ikisi millətin fəxrləridir", fikrini xatırladım və sözlərinə haqq qazandırdım. Axı həmişə, hər yerdə milləti qabağa çəkən ayrı-ayrı fərdlərdir. Və mən iki günlük Moldova təəssüratımı elə Kişinyovda dörd dildə nəşr olunan "Nizami aforizmləri" kitabından götürdüyüm bir hikmətli beytlə başa çatdırmağı lazım bilib, nöqtə qoyuram: 

Hər əməlin üstündən
sanma keçəndi dövran,
Hər yaxşını,
yamanı yaxşı seçəndi dövran.

Ağacəfər HƏSƏNLİ
Kişinyov-Bakı

 





09.08.2017    çap et  çap et