525.Az

"Azərbaycan brendinin xarici bazarlara çıxması prioritetlərdəndir"


 

"Azərbaycan brendinin xarici bazarlara çıxması prioritetlərdəndir"<b style="color:red"></b>

"Azərbaycan prezidentinin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsi böyük əhəmiyyət daşıyır. Bu müşavirədə qeyd edilən sahələr üzrə əldə olunmuş nəticələrin açıqlanması qeyri-neft sektorunun inkişafını, qarşıya qoyulan hədəflərə nail olunduğunu göstərdi". 

Bu barədə millət vəkili Rövşən Rzayev avqustun 4-də keçirilmiş müşavirə ilə bağlı fikirlərini bölüşərkən bildirib.

R.Rzayev vurğulayıb ki, dövlət başçısı tərəfindən qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir: "Bu sahənin inkişafı birbaşa cənab prezidentin nəzarəti altındadır. Azərbaycanda kənd təsərrüfatı  sahəsi böyük potensiala malikdir. Bütün bölgələrimizdə çox münbit, əkinçilik üçün faydalı torpaqlar var. Bu gün bilirsiniz ki, dünya bazarlarına Azərbaycan brendi adı altında məhsullar çıxarılmağa başlayıb.

Dövlət başçısı da müşavirədə vurğuladı ki, biz xarici bazarlara öz hazır məhsulumuzu çıxarmalıyıq. Ümumiyyətlə, xarici bazarlara çıxış ən mühüm və vacib məsələdir. Bu gün Azərbaycan iqtisadiyyatının prioritetlərindən biri də ondan ibarətdir ki, Azərbaycan brendi xarici bazarlara çıxsın, satılsın və ölkəyə valyuta ehtiyatları daxil olsun. Düşünürəm ki, bu istiqamətdə atılan addımlar öz bəhrəsini verəcək".

Millət vəkili əlavə edib ki, prezidentin kənd təsərrüfatı  sahəsinə xüsusi diqqət yetirməsi, mütamadi olaraq bu sahəyə dəstəyi, fermerlərə yaradılan şərait insanları daha da ruhlandırır: "Bütün bu tədbirlər insanların, fermerlərin  gündəlik həyatını yaxşılaşdırmaq istiqamətində atılan addımlardır. Eyni zamanda, Azərbaycanın büdcəsinə böyük xeyir gətirən sahədir. Məlumdur ki, neft sektoru Azərbaycanın əsas gəlir mənbəyidir. Amma eyni zamanda, dünyada gedən proseslərə nəzər salsaq, təbii ki, kənd təsərrüfatının inkişafının Azərbaycana çox böyük uğurlar vəd etdiyini görə bilərik. Bu səviyyədə dəstək onun göstəricisidir ki, həmin nəzərdə tutulan uğurlar daha tez və daha şəffaf şəkildə uğurlu həyata keçəcək. Düşünürəm ki, qeyd edilən istiqamətində çox uğurlu addımlar atılır və hər birimiz bunu dəstəkləyirik. Azərbaycanın tütünçülük, fındıqçılıq, baramaçılıq və digər sahələrdə böyük uğurlara imza atacağına hamımız inanırıq".

Millət vəkili hesab edir ki, ölkəmizə investisiya qoyuluşuna da maraq artmaqdadır: "Azərbaycan münbit torpağlara malikdir. Dünyada aparıcı dövlətlər var ki, kənd təsərrüfatı istiqamətində uğurlar əldə ediblər. Həmin dövlətlərlə birgə müəssisələrin yaradılması və yaxud onların Azərbaycanın kənd təsərrüfatı sahəsinə yatırım etmələri gözləniləndir. Bu, ölkəmizə uğurlar gətirəcək. Azərbaycan nəinki fındıq, tütünçülük, baramaçılıq, digər sahələrdə də böyük uğurlar əldə edə bilər. Bu, taxılçılıq, üzümçülük, çuğundur və s. sahələrdir. Azərbaycanda çayçılıq da çox mühüm rol oynaya bilər. Mən Prezidentə belə vacib sahəyə göstədiyi diqqətə  və birbaşa nəzarətinə görə çox sağ ol demək istəyirəm. Dövlət fermerə dəstək verir, subsidiyalar ayırır, vergi münasibətləri tənzimlənilir. Bu gün qeyri-neft sektorunun əsas sahələri olan da kənd təsərrüfatının, turizmin inkişafı gələcək üçün böyük ümidlər verir".

Millət vəkili Hikmət Babaoğlu isə deyib ki, prezidentin regionlara səfəri və orada ümumrespublika müşavirələri keçirməsi artıq ənənə halını alıb. Onun sözlərinə görə, bu, regionların həm iqtisadi inkişafının təhlili, həm görülmüş işlər, eləcə də bütövlükdə iqtisadi rayonların xarakterik xüsusiyyətlərinin yenidən öyrənilməsi, qiymətləndirilməsi və inkişafı üçün tədbirlərin görülməsi baxımından əhəmiyyətlidir: "Ona görə də biz hər dəfə prezidentin ayrı-ayrı rayonlara səfərindən sonra dərhal dövlət başçısının Ehtiyat Fondundan həmin regionlarda müvafiq iqtisadi istiqamətlərin inkişafı ilə bağlı maliyyə vəsaitinin ayrıldığının şahidi oluruq. Azərbaycanın Şimali-Qərb iqtisadi rayonu xüsusi əhəmiyyətlidir. Bu zona iqtisadi rayonlardan biridir. Burada ölkəmizin aqrar sektorunun inkişafı ilə bağlı indiyədək çox böyük tədbirlər görülüb. Xüsusilə bu zona, region tütünçülük, baramaçılıq və fındıqçılığının inkişafı ilə bağlı çox əlverişli relyefə və iqlim göstəricilərinə sahibdir. Ona görə də cənab Prezident məhz Qaxda keçirdiyi müşavirədə regionun yerli, spesifik iqtisadi xüsusiyyətlərini nəzərə alaraq orada bundan sonrakı inkişafla bağlı öz tövsiyyələrini, tapşırıqlarını verdi.

Eyni zamanda, bugünə qədər Zaqatala, Balakən, Qax rayonlarında yaradılmış fermer təsərrüfatları, iş mərkəzləri, iqtisadi mərkəzlər ABAD layihəsi çərçivəsində həyata keçirilən işlərlə bağlı açılışlar etdi. Bütövlükdə prezident Qaxda müşavirə keçirən zaman respublikamızın ümumi iqtisadi göstəricilərinə toxunaraq qeyd etdi ki, Azərbaycanda hazırda işsizlik 5 faizdən aşağıdır. Azərbaycanın iqtisadi göstəriciləri yüksəkdir. Eyni zamanda, dövlət başçısı qeyd etdi ki, bu günə qədər regionların bu şəkildə inkişaf etməsi, yeni kommunikasiyaların qurulması, məktəblərin tikilməsi, olimpiya idman komplekslərinin yaradılması məhz Azərbaycan prezidenti tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində mümkün olub. Bu proqram davam edir. Həm sosial, həm də iqtisadi, idman sahəsində yeni-yeni layihələrin həyata keçirilməsi ilə müşahidə edilir.  Ölkə başçısı qeyd etdi ki, Azərbaycanın ən başlıca məqsədlərindən biri hazırkı iqtisadi şərtlər çərçivəsində özünü ərzaqla təmin etməsi məsələsidir. Biz bilirik ki, ərzaqla təminat məsələsi ölkənin milli təhlükəsizliyin əsas komponentlərindən biridir. Ona görə də ölkə başçısı qeyd etdi ki, hazırda biz toyuq və toyuq məhsulları ilə özümüzü 100 faiz təmin edirik. Süd və süd məhsulları ilə özümüzü təqribən 80 faiz təmin edirik. Təbii ki, bu da kifayət qədər müsbət göstəricidir. Bu fikirlərin səsləndirilməsi bir daha həmin sahənin yenə prioritet olaraq qaldığını göstərdi".

PƏRVANƏ

 





09.08.2017    çap et  çap et