525.Az

Ənənəvi aqrar sahələr regionların iqtisadi lokomotivinə çevrilir


 

MİRCAVİD HƏSƏNOV: "DÖVLƏTİN MÜƏYYƏNLƏŞDİRDİYİ PRİORİTET SAHƏLƏR FERMERLƏR ÜÇÜN MAYAK ROLUNU OYNAMALIDIR"

Ənənəvi aqrar sahələr regionların iqtisadi lokomotivinə çevrilir<b style="color:red"></b>

"Azərbaycanda kənd təsərrüfatı potensialına görə heç də iqtisadiyyatın digər aparıcı sektorlarından geri qalmır. Hətta daha çox üstünlük təşkil edə bilər".

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ-Biznes İnkubatorunun direktoru, iqtisadçı ekspert Mircavid Həsənov prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda barama, tütün və fındıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi ilə bağlı fikirlərini bildirərkən deyib.

M.Həsənov hesab edir ki, kənd təsərrüfatı iqtisadiyyatın digər sahələri kimi institusional səviyyədə idarə olunmalıdır: "Bu sahə ilə məşğul olan əksər fermerlərin sektor üzrə dünya bazarlarında baş verən proseslər barədə kifayət qədər informasiyalara, iqtisadi biliklərə sahib olmaması bir sıra problemlərə yol açır".

UNEC ekspertinin sözlərinə görə, son illər kənd təsərrüfatının bir sıra sahələrinin -  fındıqçılıq, pambıqçılıq, şəkər çuğunduru, baramaçılıq, tütünçülük və digərlərinin prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi və bu sahələrə dövlət dəstəyinin göstərilməsi fermerlər üçün mayak rolunu oynamalıdır: "Azərbaycan fındıq istehsalı üzrə dünyada 4-cü yeri tutur. Əgər ən azı 2000 hektar fındıq bağları salınsa, Azərbaycan 1-ci yerə çıxa bilər. Fındıq ağacı məhsuldar olmasa da, satış qiyməti dünya bazarında ildən-ilə artır. Həm də nəzərə alınmalıdır ki, fındığın quru məhsul olması onun anbarlarda 3 ilə qədər saxlanmasına imkan verir. Bu səbəbdən fındıq istehsalı bütün dünyada ildən-ilə artır. Azərbaycanda fındıq istehsalı üçün iqlimin əlverişli olması bu məhsulun 2000 hektardan da çox ərazilərdə əkilməsini mümkün edir. Bu da Azərbaycanın ixrac potensialının yüksəldilməsində, ölkəyə əlavə xarici valyuta axınının təmin olunmasında fındıqçılığın aparıcı sahə kimi rol oynamasını şərtləndirəcək".

İqtisadçı ekspert qeyd edib ki, bu gün tütünçülük, baramaçılıq və fındıqçılığın yenidən dirçəldilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biridir: "Çünki hər bölgənin özünə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa olunması və inkişafı bilavasitə regionların sosial-iqtisadi vəziyyətinə müsbət təsir edən məsələ olmaqla yanaşı, həmin coğrafiyalar üçün iqtisadi lokomotiv rolunu oynayır. Ölkə rəhbəri İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər sahələrin inkişafı həm fermerlər, həm də dövlət üçün böyük fayda götürəcək".

Regionlarda aparılan abadlıq-quruculuq işlərinə də toxunan M.Həsənov bildirib ki, prezident gələcək dövr üçün qarşıya bir sıra vəzifələr qoyub: "Xüsusilə, sözügedən regionun sosial-iqtisadi inkişafı ilə bağlı bölgəyə xas ənənəvi kənd təsərrüfatı sahələri olan barama, tütün və fındıq istehsalının genişləndirilməsini vacib məsələ kimi müəyyənləşdirən prezident müvafiq icra strukturları qarşısında konkret tapşırıqlar verib. Dövlət başçısı bölgədə abadlıq, quruculuq - sosial infrastruktur tədbirlərinin davam etdirilməsi, ictimai-iaşə obyektlərinin inşa edilməsi istiqamətində də vəzifələr müəyyənləşdirib, səfərdən qayıtdıqdan sonra bununla bağlı sənədlər imzalayıb. Bu tədbirlərdən biri də bölgədə yol infrastrukturunun yenidən qurulması ilə bağlıdır. Ümumilikdə davam etdirilən sosial-infrastruktur tədbirləri kənd təsərrüfatının inkişafında da öz müsbət nəticələrini göstərəcək. Çünki infrastrukturun yüksək səviyyədə olması investorların da bu bölgəyə marağını artıracaq, regionu cəlbedici iqtisadi məkana çevirəcək. Eyni zamanda, fermerləri düşündürən əsas məsələlərdən biri nəqliyyat problemi ilə bağlıdır ki, bu məsələnin də gündən-günə həllini tapması, eləcə də fermer və sahibkarların dövlət dəstəyi və güzəştlərdən faydalanması ümumi işin yalnız xeyrinə olacaq".

Ceyhun ABASOV

 





10.08.2017    çap et  çap et