525.Az

Sanksiyalar Rusiyanın valyuta bazarına təsir edəcək


 

VÜQAR BAYRAMOV: "RUBLUN YENİDƏN DƏYƏRSİZLƏŞMƏSİNİN QARŞISINI ALMAQ ÇƏTİN OLACAQ"

Sanksiyalar Rusiyanın valyuta bazarına təsir edəcək<b style="color:red"></b>

"ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi göstəricilər sindromu ilə üz-üzə qoya bilər".

Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov deyib. O qeyd edib ki, bu sanksiyalar tam reallaşacağı halda, Rusiya əsas regional layihələrdə iştirakdan məhrum olmaqla yanaşı, hətta bu ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək: "Təbii ki, bu kontekstdən rublun kursu yenə də gündəmə gəlməkdədir. Aydındır ki, sanksiyalar Rusiyanın valyuta bazarına da təsirsiz ötüşməyəcək. Buna görə də, sanksiyaların necə tətbiq olunması və eləcə də Avropa Birliyinin mövqeyi rublun taleyi baxımdan əhəmiyyətli olacaq".

V.Bayramovun sözlərinə görə, rəsmi statistikada neftin dünya bazar qiyməti aşağı düşdükdən sonra xarici valyuta ehtiyatlarını təxminən, 88 milyard dollar itirərək 343 milyard dollara ehtiyata malik olan Rusiya Mərkəzi Bankının da intervensiya imkanları qısa müddətli dövrdə mümkün olsa da, uzun müddətli zaman üçün yetərli deyil: "Digər tərəfdən, 529 milyard dollarlıq xarici borcu olan Rusiyada borc öhdəlikləri rezervlərdən 34 faiz çoxdur. Bu isə Rusiyada "sığorta yastığının" çox həssas olduğundan xəbər verir. Unutmayaq ki, 2017-2019-cu illər üçün orta hesabla 1.3 faiz iqtisadi artım proqnozlaşdıran beynəlxalq maliyyə qurumları isə bu qənaətə yeni sanksiyalardan öncə gəlmişdilər".

Mərkəz sədrinin fikrincə, şimal qonşumuzun makro-iqtisadi göstəricilərinin təhlili deməyə əsas verir ki, yeni sanksiyalar tam miqyası ilə tətbiq olunduğu halda rublun yenidən dəyərsizləşməsinin qarşısını almaq çətin olacaq: "Təbii ki, hələlik sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyi gözlənilir və bu baxımdan da, xarici valyutaya tələb artarsa da Moskva rublu müəyyən müddət qorumağa çalışacaq. Amma sanksiyaların tam gücü ilə tətbiq olunacağı və xüsusən də Avropa Birliyinin əsas dövlətlərinin bu qadağalara qoşulacağı halda ilin sonuna doğru rubla təzyiq kəskin artacaq. Bu halda rublun yenidən dəyərsizləşməsi qaçılmaz ola bilər".

İqtisadçı alim hesab edir ki, Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan bizim üçün də arzuolunan deyil: "Çünki bu Rusiyaya ixracatımıza, orada yaşayan həmyerlilərimizin iqtisadi aktivliyinə təsir göstərir. İxrac olunan kənd təsərrüfatı məhsullarımızın 90 faizinin Rusiya bazarına göndərildiyini, remitensinin həcminin 1 milyard dollardan çox olduğunu nəzərə alsaq, bu təsirləri qiymətləndirmək çətin olmaz. Ucuz rubl manatın məzənnəsi üçün də arzuolunan deyil. Bu baxımdan, Rusiyaya tətbiq edilən yeni sanksiyalardan sonra Azərbaycan Mərkəzi Bankı rubl ilə bağlı bədbin ssenarilərin valyuta bazarımıza təsirini minimumlaşdırmağa öncədən hazır olmalıdır".

Ceyhun ABASOV

 





10.08.2017    çap et  çap et