525.Az

Hüseyn Bağıroğlunun şeirləri


 

Hüseyn Bağıroğlunun <b style="color:red">şeirləri</b>

Bu qürbət dünyanın qərib yolçusu

 

İşığı azalmaz, nuru azalmaz,

Tanrının mərhəmət çırağı kimi.

Sevgidən özgə bir marağı olmaz,

Göylərin yerlərdə dayağı kimi.

Aclara çörəkdi, susuzlara su

Bu qürbət dünyanın qərib yolçusu.

 

Nəfəsi dəyməsə dünya durulmaz,  

Azar dumanlarda haqqın yolları.      

Hər kəsin ruhuna nur qatar bir az,   

Bir az da güc tapar haqqın qolları.  

Göylərin hökmüdü, yerin arzusu

Bu qürbət dünyanın qərib yolçusu.

 

Gözləri  əbədi eşqin səması,

Yerə də, göyə də gün dilər belə.

Özünə qaytarar eşqin mənasın

Dirilər min illik ölülər belə.

Odur hər vicdanın aydın güzgüsü

Bu qürbət dünyanın qərib yolçusu.

 

İlahi, kim duyar, kim anlar onu,

Məhşər ayağına çəkərlər yenə.

Yenə daşa basar nadanlar onu,

Qanın ovuc-ovuc içərlər yenə.

Susar qəmli-qəmli dildə duası

Bu qürbət dünyanın qərib yolçusu.

 

Hər sözü açardı, açar göylərə,

Qəlbini süfrə tək açar göylərə.

Yerin ağrısını çəkib canına,

Bir qanlı çarmıxdan uçar göylərə.

Ruhunda tükənməz eşqin acısı

Bu qürbət dünyanın qərib yolçusu.

 

Nəyin var uduzmağa...

 

Bəxtin yıxılıb yatdı, tək qaldın ayaq üstə,

Azdın sən öz yolunu yolların hamarında.

Bir əlin ürəyində, bir əlin varaq üstə,

Uça bilmir sözlərin hələ öz qatarında.

 

Hansı nəfəs soldurur, İlahi, bu gülləri,

Sözüm yamaya bilmir bu sınıq könülləri.

Lələklər qarğış kimi örtür yenə çölləri,

Bir kainat qərq olur bir durna havarında.

 

Məhəbbət zərrə-zərrə qorxuya çevriləndə,

Hər adam bir qaranlıq quyuya çevriləndə,

İnsanın damarında qan suya çevriləndə,

Qan axır su yerinə torpağın damarında.

 

Bir saralmış nəğmədi hər payızın son ayı,

Boğazında qəhərdi ürəyinin harayı...

Sevinci şəhid olmuş bir ömürdən savayı,

Nəyin var uduzmağa taleyin qumarında?!

 

Bilmirəm necə deyim

 

Hamıya gərək olan,

Hamıya gərək olmur.

Ha yazsam da bu şeiri,

Bu ömrə dirək olmur.

 

Bilmirəm necə deyim,

Xətri qalmasın Göyün.

Gercəklər bir şey deyil,

Röyalar gerçək olmur.

 

Bu insan bu həyatda

Özünə sirdi hətta.

Ağır fikirlər altda

Yeyin yerimək olmur.

 

Mən ürəkdə qalan sözə bənzərəm

         

Mən bir gündə min xəyala düşərəm,

Hərdən qışa, hərdən yaza bənzərəm.

Çalxalanıb haldan-hala düşərəm,

Hərdən oda, hərdən buza bənzərəm.

       

Nə şeytan yaşadım, nə də ki mələk,

Dərd oldu dərdimdən dərdiyim çiçək.

Az mənim külümü sovur, ay külək,

Mən kül altda qalan közə bənzərəm.

       

Eşqin yaşıl bulağında gəz məni,

Gəl mey bilib badələrə süz məni.

Hardan biləcəksiz axı siz məni,

Mən ürəkdə qalan sözə bənzərəm.

       

Yol

         

Mən biləni şeytan bilə bilməz ki,

Ha səslərəm amma yola gəlməz ki.

Hər adamın yolu ola bilməz ki,

Sevgi dolu ürəklərdən ötən yol.

         

Gözümüzdə yeri-göyü boz eylər,

Könlümüzün atəşini buz eylər.

Ömrümüzün günlərini toz eylər,

Ruhumuzu pambıq kimi didən yol.

         

Gözlərin dolmasın qəlbin qəmindən,

Heç də qəm yağmasın hər qədəmindən.

Keçər bu dünyanın cəhənnəmindən,

O dünyanın cənnətinə gedən yol.

         

Baxışım gül açmır yanağın üstə

        

Yəqin nəfəsindən şaxta gəlibdi,

Baxışım gül açmır yanağın üstə.

Ox kimi dəyirəm gözünə hər gün,

Adım zəhər dadır dodağın üstə.

        

Bir ömür olmadı bu eşqin ömrü,

Çaşıb yaşayıram bu çaşqın ömrü.

Sənin ürəyində, yar, eşqin ömrü,

Bir şeh ömürüymüş yarpağın üstə.

        

Bu sevda gözümü tor kimi örtdü,

Həsrətin qəlbimi qar kimi örtdü.

Nahaq yaşıl-yaşıl nəğmələr ötdüm,

Yarpağı saralmış budağın üstə.

        

Qışla ölüb gedən yazla dirilsə,

Xoş halına könül sazla dirilsə.

Şeirlə yaşarmı, sözlə dirilsə, –

Bu sevgi bu gündən varağın üstə.

        

Göylərin uca bir qatına çıxdım

 

Başıma göylərdən yağan daşları,

Bir-bir ayağımın altına yığdım.

Qaldı aşağıda göyün quşları,

Göylərin uca bir qatına çıxdım.

         

Gəldi mələklərdən bir səs, bir səda,

“Tanrı səni seçdi, səni bəyəndi,

Söylə günah dolu yerə əlvida,

Gəl, gəl, bu gördüyün göylər sənindi.”

         

İndi yerdəkilər daş atır mənə,

Daş atıb deyirlər, düş gəl aşağı.

Elə bilirlər ki, çıxmaq asandı,

Belə ucalara, zalım uşağı.

 

 





21.05.2013    çap et  çap et