525.Az

Səlim Babullaoğlu Yardımlıda oxucuları ilə görüşüb


 

Səlim Babullaoğlu Yardımlıda oxucuları ilə görüşüb<b style="color:red"></b>

Mayın 17-də Yardımlı Rayon Mədəniyyət Evində şair Səlim Babullaoğlu ilə görüş keçirilib. Yardımlı Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə Yardımlı şairləri və ziyalıları, poeziyasevərlər, məktəblilər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Elman Mustafayev Səlim Babullaoğlunun keçdiyi yaradıcılıq yolu barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra Köyrədi məktəbinin direktoru Mehralı Mustafa şairin yaradıcılığının təhlilinə həsr olunan məruzəylə çıxış edib. Şair və qiraətçi Əlisəfa Əhmədoğlu, şairlər Sakit İlkin, İqbal Nəhmət, Yardımlı mədəniyyət və turizm idarəsinin rəhbəri Ayaz Əliyev, Nadir Əliyev çıxış ediblər, şeirlər oxuyublar. Görüş boyu məktəblilər – Vüqar Bəşirov və Elgün Bəşirli Səlim Babullaoğlunun şeirlərini səsləndiriblər.

Görüşün sonunda Səlim Babullaoğlu oxucuların çoxsaylı suallarına cavab verib. Sonra isə ikinci nəşri yeni işıq üzü görmüş “Polkovnikə heç kim yazmır” kitabının 30-a yaxın nüsxəsini oxuculara hədiyyə edərək imzalayıb.

Görüşlə bağlı təəssüratlarını bölüşən Səlim Babullaoğlu deyib: “Əlbəttə, hər bir şair üçün öz oxucuları ilə görüşmək çox xoş, sevindirici hadisədir. Çünki məhz bu cür görüşlər zamanı şeirin, poeziyanın diri olduğunu, lazımlılığını hiss eləmək olur. Bu görüşü təşkil etmiş Yardımlı Xeyriyyə Cəmiyyətinə, sədr Elman Mustafayevə təşəkkürümü bildirirəm...”

Görüşün təşkilinə Yardımlı rayon İcra Hakimiyyətinin yaxından dəstək verdiyini deyən şair Səlim Babullaoğlu bununla əlaqədar icra başçısı Sevindik Hətəmova təşəkkür məktubu ünvanlayıb:

“Hörmətli Sevindik müəllim!

Yardımlı Xeyriyyə Cəmiyyətinin İcra Hakimiyyətinin dəstəyi ilə mayın 17-də Yardımlı Mədəniyyət Evində keçirdiyi görüşə, orda olduğumuz müddətdə bizə göstərilən qayğı və səmimiyyətə görə Sizə dərin təşəkkür etmək istəyirəm. Həm Yardımlı oxucuları və ziyalıları ilə olan o unudulmaz görüş, eləcə də ikigünlük səfər boyu Sizinlə həyatımızın müxtəlif sahələri ilə bağlı etdiyimiz maraqlı və səmimi söhbətlərə, ev sahibi kimi bizə göstərdiyiniz həssaslıq, diqqət və qonaqpərvərliyə görə çox sağ olun.

Sevindirici haldır ki, indi Yardımlıda bir çox yığılıb qalmış problemlər həllini tapmaqdadır, tikinti abadlıq işləri aparılır, rayon mərkəzində yeni su və kanalizasiya xəttləri çəkilir, parklar salınır, bir çox infrastruktur layihələrinin gerçəkləşdirilməsinə başlanılıb, bəzi şeyləri biz vaxtın verdiyi imkan qədər öz gözlərimizlə gördük. Əlbəttə, bütün bunlar ilk növbədə respublikada görülən böyük iqtisadi inkişaf layihələrinin tərkib hissəsidir. Amma bu eyni zamanda həm də Sizin və komandanızın zəhmətidir ki, səfər boyu biz müxtəlif peşə adamları görüşlərimizdə bu fikirləri çoxları səsləndirdi.

Orda olduğumuz müddətdə həmsöhbətlərimizin biri dedi, Lənkəranda respublika baş prokurorunun iştirakı ilə zona müşavirəsi keçirilib, həmin müşavirədə cənub rayonlarından olan insanların şikayət ərizələrinə baxılıb. Və Yardımlıdan olan ərizələrin sayı digər rayonlarla müqayisədə hətta on dəfələrlə az olub. Əlbəttə, nə qədər idealistcəsinə görünsə də, təkcə ata-baba yurdum olan Yardımlıda yox, bütün rayonlarımızda həmvətənlərimizin problemsiz bir həyat yaşamalarını istəyirəm. Eyni zamanda Yardımlı sakinlərinin heç bir probleminin olmaması qənaətinə gələcək qədər sadəlöhv deyiləmsə də, bu xəbəri bizimlə bölüşən insanın üzündəki qürur və səmimi sevinc hissini də başa düşürəm.

Mədəniyyət Evindəki görüşdən sonra Yardımlı Tarix-Diyarşünaslıq muzeyində qeyd olunan Muzeylər Günündə qısa vaxt ərzində iştirakım, muzeyin rəhbəri, fədakar mədəniyyət işçisi Əli İsgəndərovun dolğun çıxışı da məndə rayon haqqında təəssüratımı xeyli dərəcədə dolğunlaşdırdı. Dünyanın 20-ə yaxın muzeyində olsam da, özü açıq hava altında bir muzey Yardımlıdakı, ərazisi kiçik, amma 6000 minə yaxın eksponatı olan bu zəngin muzeydə məndə daha xoş duyğular yaratdı desəm, yəqin mübaliğəyə yol vermərəm. Həmin muzeyin son bir ildə xeyli dərəcədə zənginləşməsi də, rayon icra hakimiyyətinin muzeyə artan diqqəti də sevindirici haldır.

Biz Sizinlə xeyli məsələ haqda – Yardımlının problemlərindən, bu günü, görülən və görülməli olan işlər barədə söhbət etdik. Yardımlının turizm perspektivi və Sizin bu mənada düşüncələriniz olduqca dəyərlidir.

İnanıram ki, çağdaş ədəbiyyatımızın təbliği, yeni nəşr olunan kitabların Yardımlı oxucularına çatdırılması,kitab dükanlarının açılması, müəlliflərlə görüş və xüsusilə onların kitablarının alınması və digər məsələlər gələcəkdə öz həllini daha yaxşı tapacaq.

Yardımlı Xeyriyyə Cəmiyyəti ilə Yardımlı İcra Hakimiyyətinin əməkdaşlığı çox sevindiricidir. Ölkəmizin bütün bölgələrinə və dünyanın bir çox ölkələrinə səpələnmiş əslən Yardımlıdan olan həmvətənlərimizlə mütəmadi əlaqələrin saxlanması, qurulması, koordinasiyası işində cəmiyyətin və cəmiyyətin sədri Elman Mustafayevin fədakar zəhməti vardır, Sizin bu fəaliyyətə diqqətli münasibətiniz təqdirəlayiqdir və gələcəkdə Yardımlı rayonunun inkişafı üçün daha əlverişli, rasional məcraya yönələ bilər.

Əziz Sevindik müəllim!

Şəxsi söhbətlərimiz zamanı məndə oyatdığınız xoş təəssürat barədə çox yazmaq istəmirəm, bu həm də bir qədər düzgün qarşılanmaz, bir daha minnətdarlığımı qəbul edin, işinizdə Sizə yorulmazlıq və müvəffəqiyyət arzulayır, dostca əlinizi sıxıram.

Hörmətlə

Sizin Səlim Babullaoğlu”.

 





22.05.2013    çap et  çap et