525.Az

Bakıda Qlobal Gənc Liderlər Forumu başladı


 

"MÖTƏBƏR TƏDBİRİN AZƏRBAYCANDA KEÇİRİLMƏSİ ÖLKƏMİZİN ARTAN NÜFUZUNA VERİLƏN QİYMƏTDİR"

Bakıda Qlobal Gənc Liderlər Forumu başladı<b style="color:red"></b>

Dünən Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb.

AZƏRTAC-ın məlumatına görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin forumu açıq elan edərək bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunması baxımından bu mühüm tədbirin əhəmiyyətini vurğulayıb.

Son illər elmin, texnologiyanın sürətli inkişafının cəmiyyətdə yeni çağırışlar ortaya qoyduğunu, insanların həyatında mühüm dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıran İ.Serageldin qeyd edib ki, Bakı forumunda gənc liderlər bir araya gələrək bütün bu məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar. O, hazırkı şəraitin yeni cəmiyyətin qurulmasında bütün səylərin birləşdirilməsini tələb etdiyini bildirərək gəncləri bu prosesdə fəal olmağa çağırıb.

Sonra Makedoniya prezidenti George İvanovun forum iştirakçılarına məktubu oxunub.

Bolqarıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliev çıxışında dayanıqlı inkişafa, bəşəri dəyərlərin geniş yayılmasına nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin fəallıq göstərməsinin vacibliyini qeyd edib. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində bu məsələlərlə bağlı səmərəli ideyaların əksini tapdığını vurğulayıb. R.Plevneliev bildirib ki, bu işdə dünyanın ictimai-siyasi xadimləri gənclərlə qarşılıqlı əlaqədə, çiyin-çiyinə fəaliyyət göstərməlidirlər. O, Bakı Forumunu gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkan kimi dəyərləndirib.

Ukraynanın sabiq birinci xanımı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Katerina Yuşenko cəmiyyətdə daha sürətli və dayanıqlı inkişafa nail olmaq üçün müxtəlif yanaşmalardan istifadə edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məsələdə yeni innovasiyaların tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan gənc liderlərin üzərinə böyük məsuliyyət düşür. Xanım Katerina Yuşenko gənc liderlərin bu sahədə yüksək fəallığının, təşəbbüskarlığının və yenilikçi ideyalarının yeni iqtisadiyyatın qurulmasında, sağlam inkişafa nail olunmasında böyük nailiyyətlərin qazanılacağına ümid etməyə əsas verdiyini deyib. Bu prosesdə təhsilin hamı üçün əlçatan olmasının, cəmiyyətdə ümumi rifahın artırılmasının insanların həyatında mühüm dəyişikliklərə səbəb olacağını bildirib.

Müasir dövrdə cəmiyyətin inkişafı ilə bağlı bir sıra fərqli yanaşmaların irəli sürüldüyünü vurğulayan Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers bildirib ki, təcrübəli insanlarla gənc liderlərin bir araya gətirilərək aktual məsələlərin müzakirə edilməsi baxımından bu Forum mühüm əhəmiyyət daşıyır. Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər.

Açılış sessiyasından sonra İsmail Serageldin "Gənc liderliyin inkişafı" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, inklüzivliyə nail olmadan cəmiyyətin inkişafını təmin etmək mümkün deyil. Bu prosesdə təhsil, geniş biliklərə yiyələnmək, mədəniyyətin və incəsənətin inkişafı böyük əhəmiyyət daşıyır. Cəmiyyətin inkişafında dərin və əhatəli elmi araşdırmaların, elmi cəmiyyətin auditoriyasının genişləndirilməsinin vacibliyini vurğulayan İ.Serageldin bildirib ki, elm cəmiyyətin əsas dəyərlərini ortaya çıxarmalıdır. Bu biliklərin cəmiyyətə ötürülməsi üçün dərin və əhatəli konsepsiyalar işlənib hazırlanmalıdır. Bu məsələdə müdrik liderlik mühüm əhəmiyyət daşıyır.

Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı iştirak edir. Həmçinin, Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramlar tədbirdə təmsil olunur.

Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da bu mühüm tədbirdə iştirak edirlər. Bundan başqa, foruma bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Tədbir iştirakçıları "Mənə görə liderlik nədir?", "Liderliyi necə öyrənmək olar?", "Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?", "Mədəniyyətlər fərqli yol göstərir?" kimi suallar ətrafında fikir mübadiləsi aparacaqlar.

Bakıda keçirilən mötəbər forumla bağlı "525"ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhsil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan son dövrlər beynəlxalq əhəmiyyətli, nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib: "Bakı isə artıq dünya tərəfindən önəmli diplomatik paytaxtlardan biri kimi qəbul olunur. Müxtəlif sahələr üzrə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm münbit şərait, həm də müvafiq kontingent var. Təsadüfi deyil ki, tədbirdə iştirak edənlər dünyanın tanıdığı, fikirlərinə hörmətlə yanaşdığı simalardır".

Deputatın sözlərinə görə, Qlobal Gənc Liderlər Forumunun ölkəmizdə keçirilməsi dünyanı düşündürən aktual məsələlərin həllində Azərbaycanın da rolunun olduğunu əyani sübut edir: "Çünki Azərbaycanda gələcək liderlərin yetişməsi üçün müvafiq şərait var. Ölkə universitetlərində ildən-ilə tədris keyfiyyətinin yüksəlməsi, gənclərin bir neçə xarici dil bilməsi, beynəlxalq tədbirlərdə könüllülük institutunun bərqərar olması, gənclərin idarəçilik və təşkilatçılıq təcrübəsinə yiyələnməsi dünya tərəfindən təqdirlə qəbul edilir. Həmçinin, Azərbaycan gəncləri bu gün xaricdəki beynəlxalq konfranslarda iştirak edir, əcnəbi ölkələrdə öz karyeralarını qurur, peşəkarlıq dərəcələrini artırırlar".

Mötəbər tədbirin Bakıda keçirilməsinin təsadüfi olmadığını deyən A.Mirzəzadə hesab edir ki, bu praktiki əhəmiyyət daşıyır: "Həm Azərbaycan tədbirə gələn xarici ölkə liderləri, tanınmış simaların fikirlərindən yararlanır, həm də dünya ölkəmizi daha dərindən tanımağa başlayır. Yəni, bu gün Azərbaycan Qərbdə Şərq, Şərqdə Qərb ölkəsi kimi qəbul edilir. Hazırda Azərbaycan modernləşmənin çox uğurlu formatıdır. Vaxtilə dünyada İsveçrə, İsrail, Sinqapur, Cənubi Koreya, Çin və digər inkişaf modellərindən söhbət açılırdısa, artıq Azərbaycanın inkişaf modelindən danışılır".

Bu gün Azərbaycanın təkcə diplomatik tədbirlərin keçirildiyi məkan olmadığını deyən deputat qeyd edib ki, respublikamız cəmiyyət və dövlət qarşısında duran problemlərin həll edildiyi ölkə kimi tanınır: "Ümumi iqtisadiyyatın inkişafı, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, müasir ordu quruculuğu, uğurlu xarici diplomatiya, cəmiyyətin rifah halının yüksəldilməsi dövlətin daimi diqqət mərkəzində olan və beynəlxalq birliyin böyük maraqla izlədiyi məsələlərdir. Ona görə də, hesab edirəm ki, Qlobal Gənc Liderlər Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzuna verilən böyük qiymətdir. Azərbaycan dünya üçün daha da cəlbedici ölkəyə çevrilir. Bu da özünü ölkəmizə təhsil almaq, istirahət etmək üçün gələn əcnəbilərin sayının artmasında, eləcə də iş qurmaq istəyən xarici investorların sərmayə qoyuluşlarının yüksəlməsində göstərir".

Ümumilikdə tədbiri yüksək qiymətləndirən deputat əlavə edib ki, Qlobal Gənc Liderlərin Forumunun həm nəzəri, həm də praktiki əhəmiyyəti çoxdur.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı isə bildirib ki, Qlobal Gənc Liderlər Forumunun Bakıda keçirilməsinin böyük əhəmiyyəti var: "Bu, bir daha göstərir ki, Azərbaycan təkcə indiki deyil, gələcəkdə dövlət, siyasi və ictimai xadimlər olacaq şəxslərin toplaşaraq mühüm məsələlərə dair müzakirələr apardıqları bir dünya mərkəzi, birləşdirici funksiyanı uğurla yerinə yetirən bir ölkədir. Azərbaycanı belə bir mərkəzə çevirən isə heç şübhəsiz, prezident İlham Əliyevin yürütdüyü siyasətdir. Aydındır ki, Azərbaycan dövlətinə, onun rəhbərinə, ölkəmizin gələcəyinə inam və etimad olmasaydı, xarici ölkələrdən gənc liderlər Bakıya gəlməzdilər. Onların Bakıda olmaları Azərbaycan haqqında düzgün məlumat almalarına və dostlar qazanmalarına kömək edəcək".

Qeyd edək ki, Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 24-də başa çatacaq. Forum gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platformadır.

Ceyhun ABASOV

 





22.08.2017    çap et  çap et