525.Az

"Şəmkir Aqroparkı"nda beynəlxalq konfrans


 

"Şəmkir Aqroparkı"nda beynəlxalq konfrans <b style="color:red"></b>

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib.
 
Konfransda müvafiq dövlət qurumları, ali təhsil və elmi tədqiqat müəssisələri, ətraf rayonları təmsil edən fermerlər, aqrar sahədə ixtisaslaşmış aparıcı yerli və xarici şirkətlər iştirak ediblər.
 
Tədbirdə kənd təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasəti, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, ixracın düzgün formalaşdırılması və Azərbaycan kəndlilərinin istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara çıxarılması, rəqabət qabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı mallarının istehsalına dövlət dəstəyi məsələləri haqda çıxışlar dinlənilib.

Bildirilib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində mühüm nailiyyətlər əldə olunub, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. Belə ki, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerlərə dövlət tərəfindən dəstək verilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" aqrar sektorda istehsalın artırılması, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı problemlərin həllinə nail olunması, bu sahənin ixrac imkanlarının gücləndirilməsi üçün dövlət tərəfindən ciddi dəstək verilməsini nəzərdə tutur. Bu dəstəyin mühüm formalarından biri də respublikamızın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması prosesinin sürətləndirilməsidir.

Mütəxəssislərin yekdil qənaətinə görə, regionlarda belə arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, proqressiv metodların geniş tətbiqində, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparkların yaradılması və inkişafı fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq.

Konfrans "AzAqroMarket" MMC-nin texniki dəstəyi ilə keçirilib.

 

 





22.08.2017    çap et  çap et