525.Az

Bakı Forumu: gənc liderlər üçün unikal təşəbbüs


 

"QLOBAL GƏNC LİDERLƏR FORUMU DÜNYANIN HƏR YERİNDƏN - AFRİKA, ASİYA, AMERİKA, AVROPADAN OLAN GƏNCLƏRİ BİR ARAYA GƏTİRƏRƏK ONLARA MÜHÜM PROBLEMLƏRİ MÜZAKİRƏ ETMƏK İMKANİ YARADIR"

Bakı Forumu: <b style="color:red">gənc liderlər üçün unikal təşəbbüs</b>

Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən Qlobal Gənc Liderlər Forumu davam edir.

Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı iştirak edir. Həmçinin, "Şvarzman", "Rodos", "Fulbrayt", "Marşal", "Truman", "Mitcel", "Geyts" kimi nüfuzlu proqramlar tədbirdə təmsil olunur. Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da bu mühüm tədbirdə iştirak edirlər. Bundan başqa, foruma bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin, liderliyin daxili və xarici hüdudları müzakirə olunur, debatlar təşkil edilir.

Dünən, forumun ikinci fəaliyyət günündə "Qadın və kişilər fərqli şəkildəmi liderlik edir? Mədəniyyətlər fərqli şəkildəmi liderlik edir? Nəyi mənimsəyib, nəyi öyrənə bilərik?" mövzusunda seminar təşkil olunub. AZƏRTAC-ın məlumatına görə, tədbirdə Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev və Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi çıxış ediblər.

K.Yuşenko dünyada baş verən proseslərə qadınların təsirindən, onların iqtisadiyyatın bir çox sahələrinə verdikləri töhfələrdən, ailədə oynadıqları mühüm roldan danışıb. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib.

Ukraynanın sabiq birinci xanımı bildirib ki, müstəqil olmağa üstünlük verən kişilərdən fərqli olaraq, qadınlar problemləri daha çox birlikdə həll etməyi xoşlayırlar: "Qadınlar daha çox transformasiya liderliyini həyata keçirirlər. Onlar kreativ olmağa təşəbbüs göstərirlər. Təcrübəmə əsasən deməliyəm ki, dünyada lider qadınların sayının çoxalması vacib məsələdir. İnanıram ki, 2024-cü ilədək lider qadınların sayı artacaq. Dünyada qadınlara olan münasibət tarix boyu daim dəyişib. Bu, bizim həyat tərzimizə böyük təsir göstərib. Bu həm də ölkələrin milli mədəniyyətindən asılıdır". O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib.

Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev qadınların siyasətdə, cəmiyyətdə oynadığı rolu xüsusi vurğulayıb. O, idarəçilikdə kişilərin və qadınların komanda kimi birlikdə çalışmalarının vacibliyinə toxunub. Vurğulayıb ki, bu, ən yaxşı nəticələr əldə etməyə kömək edəcək.

R.Plevneliev diplomatik fəaliyyəti dövründə lider qadınlarla əməkdaşlığından danışıb. Bildirib ki, prezident seçildikdən sonra onun komandasında daha çox qadınlar vəzifədə olublar. İnanıram ki, kişilərdən daha çox qadınlar daha məsuliyyətli olurlar. Sabiq prezident qadınların hökumət strukturlarında təmsil olunmasının daha da genişləndirilməsini vacib hesab edir: "Düzdür, kişilər daha dəqiqdirlər və işə başlayanda daha həvəslə çalışırlar, amma təəssüf ki, bir qədər sonra bu həvəs onlarda azalmağa başlayır. Qadınlarda isə işə olan münasibət daim fərqli olub, onlar daha məsuliyyətlidirlər".

Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi da qadınların liderlik xüsusiyyətlərindən söhbət açıb. O, liderlik edən qadınların daha demokratik olduğunu bildirib. F.Allaghi, həmçinin gənclərin, xüsusən də gənc qadınların cəmiyyətdə oynadıqları rolu qeyd edib, onların siyasi məsələlərin həllinə töhfələrini yüksək qiymətləndirib. Bir çox ölkələrdə qadınların yüksək vəzifələr tutduqlarını, lakin medianın bunu kifayət qədər işıqlandırmamasının təəssüf doğurduğunu bildirən F.Allaghi deyib ki, kişilər dünyada mühüm rola malikdirlər, vacib işlər görürlər, qərarlar qəbul edirlər, lakin qadınları yaddan çıxarmamalıyıq, qadınlar heç vaxt kənarda qalmamalıdırlar: "Bu gün dünyada baş verən proseslərə təsir etmək, böhrandan çıxmaq üçün səylərimizi birləşdirməliyik. Gender bərabərliyi gələcəyimiz üçün çox vacibdir".

Forum gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platformadır. Bu təşəbbüsü yüksək qiymətləndirən xarici qonaqlar gənc liderlərin hazırlanması baxımından forumun işini vacib hesab edirlər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının sabiq direktoru İsmail Serageldin bildirib ki, sözügedən mərkəzinin Bakıda Qlobal Gənc Liderlər Forumunu təşkil etməsindən çox məmnundur: "Adətən cəmiyyətdə təcrübəsi olan insanlardan, o cümlədən, siyasi, ictimai xadimlərdən, sabiq dövlət və hökumət başçılarından və digər nüfuzlu şəxslərdən nə isə öyrənilir. Lakin gələcəyin liderlərini də yaddan çıxarmaq olmaz".

İ.Serageldin söyləyib ki, gələcəyin liderləri çox gənc, eyni zamanda, fəal insanlardır: "Onlar yeni şəbəkə yaradacaq. Bu, həm Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, həm Bakı, həm də Azərbaycan üçün dost olan yeni şəbəkə olacaq. Bir yerdə işləmək və ideyaları bölüşmək çox qısa müddətdə öz faydasını verəcək".

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin isə qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı önəmli tədbirlərdən biridir: "Gələcəyə baxmaq, problemlərin həllinə müxtəlif baxışlardan, nöqteyi-nəzərlərdən yanaşmaq lazımdır. Bu gün dünyamız bir çox problemlərlə qarşılaşıb. Elə problemlər var ki, həllini tapmayıb. Müharibələr, eləcə də etnik, məzhəb qarşıdurmaları mövcuddur. Bəzi həll olunmamış problemlər var ki, onların həllində ümid gənclərədir. Ona görə də gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir".

Sabiq nazir bildirib ki, Qlobal Gənc Liderlər Forumu dünyanın hər yerindən - Afrikadan, Asiyadan, Amerikadan, Avropadan gəncləri bir araya gətirərək onlara mühüm problemləri müzakirə etmək imkanı yaradır: "Daha yaxşı dünya qurmaq üçün nə etmək lazımdır? Dünyanın gələcəyi gənclərə bağlıdır. Gənclərin bacarığına inanıram. Bu baxımdan Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə böyük töhfə verəcək. Bu Forum həm Azərbaycan, həm bölgə, həm də dünya üçün çox önəmlidir".

Qlobal Gənc Liderlər Forumunun ölkəmizdə təşkilini yüksək qiymətləndirən ABŞ təmsilçisi Daniel Qoldstern qeyd edib ki, Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu gənclərin öyrənmələri üçün çox yaxşı platformadır: "Dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərlə görüşmək həyəcanvericidir. Bu, həm də fərqli baxışlara, mədəniyyətlərə malik insanlarla tanış olmaq deməkdir. Biz bu forumda qlobal siyasi məsələləri də öyrənməkdə maraqlıyıq".

Amerikalı gənc qeyd edib ki, Bakı Forumu gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkandır: "Forumun daha bir əhəmiyyəti ondan ibarətdir ki, burada gənc liderlər təcrübəli insanlarla bir araya gələrək aktual məsələləri müzakirə edirlər". O, əmin olduğunu bildirib ki, forumda aparılan fikir və təcrübə mübadilələri faydalı nəticələr verəcək.

D.Qoldstern Azərbaycana ilk dəfədir gəldiyini, Bakının gözəlliyinə valeh olduğunu, insanların qonaqpərvərliyinin onda zəngin təəssüratlar yaratdığını söyləyib.

ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən Kornell Universitetində biologiya üzrə tədqiqatçı Svati Sureka isə hesab edir ki, dünyanın müxtəlif ölkələrindən fərqli mədəniyyət və düşüncəyə malik gəncləri bir forumda toplamaq çox gözəl ideyadir: "Biz burada müxtəlif peşə sahibləri ilə tanış olur, təcrübələrimizi bölüşür, yeni ideyalar irəli sürürük. Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər. Bu baxımdan forumun böyük əhəmiyyəti var".

S.Sureka qeyd edib ki, forumun panel iclaslarının mövzuları günümüzün aktual məsələlərini əhatə edir: "Burada təcrübəli insanlarla müzakirələrin aparılması biz gənclərin fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə kömək edir".

Azərbaycana ilk dəfə gəldiyini deyən qonaq Bakıda keçiriləcək bu cür tədbirlərdə məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb.

Qeyd edək ki, Qlobal Gənc Liderlər Forumu avqustun 24-də başa çatacaq.

Ceyhun ABASOV

 





23.08.2017    çap et  çap et