525.Az

Türkiyə Avrasiya İttifaqına üzv ola bilərmi?


 

"ANKARANIN BİRLİYƏ QOŞULMASI BU QURUMUN REAL GÜCƏ ÇEVRİLMƏSİ DEMƏKDİR"

Türkiyə Avrasiya İttifaqına üzv ola bilərmi?<b style="color:red"></b>

"Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Almaniya kansleri Angela Merkelə verdiyi cavab xeyli müddətdir ki, gündəmi zəbt edib. Merkelin "Türkiyə ilə Gömrük Birliyi anlaşmasını təsdiq etməyi düşünmürük" bəyanatının qarşılığında Nihat Zeybekçi Türkiyənin Avrasiya Gömrük İttifaqına üzv ola biləcəyi ehtimalını irəli sürüb".

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Nihat Zeybekçinin açıqlamasının reallığa nə qədər yaxın olub-olmadığını deyə bilməz, amma məsələyə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçaryanın verdiyi tələsik və aqressiv reaksiya düşündürücüdür: "Köçaryanın qənaətinə görə, Türkiyənin Gömrük İttifaqına qoşulmasına mane olan iki əsas səbəb var. Bunlardan birincisi Türkiyə-Ermənistan sərhədinin bağlı olması, digəri isə Avrasiya İqtisadi İttifaqı haqqında müqavilədir. İkinci məsələdə Köçaryan qismən haqlıdır. Çünki Gömrük İttifaqı Avrasiya İqtisadi İttifaqının tərkibində olan bir birlikdir və Avrasiya İqtisadi İttifaqının Hökümətlərarası Şurasının, Avrasiya Ali İqtisadi Şurasının və Avrasiya İqtisadi Komissiyasının qərarlarına tabedir. Yəni, Avrasiya İqtisadi İttifaqına qoşulmayan dövlətlər heç bir halda Gömrük İttifaqına da qoşula bilməzlər. Köçaryanın birinci bəhanəsi isə siyasi avantüradır. Çünki Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasının yeganə səbəbi Azərbaycan torpaqlarının işğalı ilə bağlı olan məsələdir. Əgər Ermənistan beynəlxalq öhdəliklərinə əməl edib işğala son qoyarsa, o zaman şübhəsiz ki, sərhədlər də açılacaq".

Türkiyənin Avrasiya İqtisadi İttifaqına üzvlüyünə gəldikdə isə politoloq qeyd edib ki, bu, yalnız ittifaqa üzv dövlətlərin başçılarının konsensus əsasında qəbul etdiyi qərar nəticəsində baş tuta bilər: "Yəni, Ermənistanın formal da olsa, bu və ya digər qərarın qəbul olunmasına veto qoymaq hüququ var.  Lakin Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin qurulması üçün başqa yollar da var. Bu qurumun ayrı-ayrı üzvləri ilə imzalanan ikitərəfli və çoxtərəfli beynəlxalaq müqavilələr əsasında baş tuta bilər".

E.Mirzəbəylinin sözlərinə görə, doğrusu Nihat Zeybekçinin nə üçün belə bir açıqlama ilə çıxış etdiyinin izahını da tapmaq çox çətindir: "Ola bilsin ki, hörmətli nazir Merkelin "acığına" başqa alternativlərinin olduğunu demək istəyir. Şərq siyasətində belə detallarla qarşılaşmağın mümkünlüyünü nəzərə alıb, "Merkelin acığına" məsələsini də istisna etmirəm. Çox güman ki, Zeybekçinin açıqlamasının Rusiyaya pomidor ixracı sevdası ilə də bir o qədər də ciddi əlaqəsi yoxdur. Əks təqdirdə, siyasi terminalogiyamıza "futbol diplomatiyası"ndan sonra "pomidor diplomatiyası" sözlərini də əlavə etmək məcburiyyətində qalmalı olacaqdıq".

Politoloq hesab edir ki, Türkiyə Avrasiya İqtisadi İttifaqına üzv ola bilər: "Buna Ermənistanın maneə yaratmaq imkanları demək olar ki, yox dərəcəsindədir. İrəvanın son dövrlərdə bu və ya digər məsələlərlə bağlı yenidən Qərblə Rusiya arasında manevr etməyə cəhd göstərməsi də nəzərə alınması vacib olan məqamlardandır. Amma Ermənistan indi elə bir durumdadır ki, Moskvanın iradəsindən kənar istənilən addım bu ölkəni hətta forpost statusundan da məhrum edə, ayaqaltı statusu üçün yalvarmağa möhtac qoya bilər. İndiki halda hər şey Ankara və Moskvanın hansı prinsiplər əsasında razılığa gələ biləcəklərindən asılıdır.

Türkiyənin Avrasiya İqtisadi İttifaqına qoşulması bu qurumun formal təşkilat statusundan qurtulması və real gücə çevrilməsi deməkdir. Rusiya üçün bu, indi ətrafındakı təzyiq həlqələrinin sıxıldığı bir zamanda xilas yolu deməkdir. Moskvanın geosiyasi maraqlarında Ermənistan sadəcə bir vasitə və alətdir. Alətin funksiyası isə onu tutan əlin sahibinin iradəsindən asılıdır. Unutmaq lazım deyil ki, sərhədlərin açılma məsələsini Ermənistanın xarici işlər nazirinin müavini dilə gətirib. Bu məsələ ilə bağlı Türkiyə hakimiyyətinin mövqeyi bəllidir. Türkiyə prezidentinin bu mövqedən geri çəkiləcəyi isə inandırıcı deyil. Bu baxımdan da Nihat Zeybekçinin açıqlamasının Şavarş Köçəryanın cavabı kontekstindən şərh olunmasını tamamilə yanlış hesab edirəm".

Ceyhun ABASOV

 





24.08.2017    çap et  çap et