525.Az

Türkiyə-Ermənistan sərhədlərinin açılması qeyri-mümkündür


 

"ERMƏNİLƏRİN YAYDIĞI İNFORMASİYALARIN ƏSASI YOXDUR"

Türkiyə-Ermənistan sərhədlərinin açılması qeyri-mümkündür<b style="color:red"></b>

Türkiyə ilə Rusiya arasında əlaqələrin müsbət məcrada davam etdiyi dövrdə Ankaranın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi gündəmə gəlib.
 
Türkiyə sözügedən qurumla gömrük sahəsində anlaşma müqaviləsi imzalamaq niyyətini ortaya qoyub. Lakin Ankara-Avrasiya İttifaqı əlaqələri fonunda, Ermənistan mediasında yayılan bəzi xəbərlər Azərbaycan ictimaiyyətində müəyyən narahatlıqlara səbəb olub. Düşmən mətbuatının iddialarına görə, guya Türkiyənin Avrasiya İttifaqına yolu Ermənistan sərhədlərindən keçir. Yəni, İrəvan Ankara qarşısında iki ölkə arasında 25 ildir bağlı olan sərhədlərin açılmasını şərt kimi ortaya qoyacaq. Ermənistan Avrasiya İttifaqında bütün qərarların konsensusla qəbul olunduğu əsas tutsa da, unutmaq olmaz ki, Dağlıq Qarabağ münaqişəsi həll olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərilən təşəbbüslərin səmərə vermədiyi dəfələrlə müşahidə edilib. 2009-cu ildə imzalanan Türkiyə-Ermənistan protokollarının icra edilməməsinin iki əsas səbəbi məhz Azərbaycan və Türkiyə ictimaiyyətlərinin məsələyə reaksiyaları idi. Türkiyənin Avropa Birliyinə üzv kimi qəbul edilməsi yolunda rəsmən açıqlanmayan əsas şərtlərdən biri Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılması idi. Buna baxmayaraq, 2009-cu il mayın 13-də, o zaman Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanat mövcud şərtlər altında - Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədlərin açılmayacağanı göstərdi. Türkiyənin digər rəsmi şəxsləri də dəfələrlə Dağlıq Qarabağda işğal dayandırılmadan sərhədlərin açılmayacağını bəyan ediblər.

Eyni zamanda, unutmaq olmaz ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması yalnız Azərbaycanla əlaqəli deyil. Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan protokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunurdu. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq, ermənilərin nə uydurma "soyqırımı"nın tanınması, nə təzminat almaq, nə də ərazi iddialarından geri durmaq fikirləri var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Bakıya gerçəkləşdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir. Məhz Türkiyə-Ermənistan sərhədlərinin açılmasıyla bağlı xəbərlərin bu ərəfələrdə tirajlanmasının arxasında bir məqsəd dayanır: Ankara-Bakı münasibətlərinə xələl gətirmək, prezidentlərin Bakı görüşünə mənfi təsir etmək. Lakin həmişə olduğu kimi, düşmənlərimizin bu çirkin niyyəti heç bir nəticə verməyəcək.

Türkiyə prezidentinin 10-11 sentyabr tarixlərində gerçəkləşdirəcəyi Bakı səfərinin iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafı, daha da yüksəldilməsi baxımından mühüm məsələləri əhatə edəcəyi gözlənilir.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə Azərbaycana iki il əvvəl, 2015-ci ilin iyunun 12-də "Bakı-2015" Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi ilə bağlı səfər etmişdisə, daha sonrakı il iki dəfə planlaşdırılan səfər konkret səbəblərə görə baş tutmamışdı. R.T.Ərdoğan 2016-cı ilin fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi üçün geniş nümayəndə heyəti ilə Gəncəyə səfər edəcəkdi. Lakin Ankarada terror aktının törədilməsi səbəbindən səfər təxirə salınmış, daha sonra martın 15-ə təyin olunmuşdu. Ancaq martın 13-də Ankarada yenidən terror hadisəsi baş verdi. Bu da səfərin yenidən təxirə düşməsinə ciddi səbəb idi. Ancaq Azərbaycan prezidenti İlham Əliyev qardaş Türkiyə xalqı ilə terrorla mübarizədə həmrəylik nümayiş etdirərək görüşün təyin olunduğu gün Bakıda deyil, Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Nəticədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyə paytaxtında baş tutmuşdu. Bu mənada, Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycana səfərini çoxdan gözlənilən görüş kimi xarakterizə etmək olar. Geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur. O, "Trend"ə bildirib ki, əvvəla, Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması məsələsi Türkiyə rəhbərliyində öz təsdiqini tapmayıb: "Hətta Türkiyə belə bir addım atarsa, bu, heç bir halda Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanla Türkiyənin sərhədlərinin açılması anlamına gələ bilməz. Bu, qeyri-mümkündür. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə, eyni zamanda, Milli Məclisdə çıxışı zamanı bəyan edib ki, nə qədər ki işğala son qoyulmayıb, nə qədər ki Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb, heç bir halda Türkiyə-Ermənistan sərhədləri açıla bilməz. Digər tərəfdən, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ona görə də Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz".

Deputat əlavə edib ki, erməni tərəfi bu səpkili informasiyalar yaysa da, heç bir real əsası yoxdur.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rövşən Rzayev isə qeyd edib ki, Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə söylənən fikirlər düşmən ölkənin təxribatından başqa bir şey deyil. O, SİA-ya bildirib ki, əgər Ermənistan dünyəvi dövlət olmaq istəyirsə, o zaman orta əsrə aid olan düşüncələrindən əl çəkməlidir: "İşğalçılıq siyasətindən əl çəkərək silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxartmalıdır. Yalnız bundan sonra Ermənistan sərhədlərin açılması ilə bağlı hər hansı düşüncə irəli sürə bilər. Düşmən ölkə ərazilərimizi işğaldan azad etmək əvəzinə, hər hansı bir addımın Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcəyini düşünürsə, demək bu, təxribat xarakteri daşıyır".

R. Rzayev qeyd edib ki, Azərbaycan-Türkiyə, eləcə də dövlət başçıları arasında olan qardaşlıq, birlik münasibətləri əbədidir: "Çünki həm dövlət, həm də xalqlar arasında o qədər sıx əlaqə var ki, bu münasibətlərə heç bir qüvvə xələl gətirə bilməz. O ki qaldı Türkiyənin sərhədlərin açılması ilə bağlı mövqeyinə, həm dövlət başçısı, həm də digər rəsmi şəxslər bəyan ediblər ki, Türkiyə-Ermənistan sərhədləri yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra açıla bilər. Çünki sərhədlər işğal faktoruna görə bağlanıb, yalnız məsələ həllini tapdıqdan sonra gündəmə gələ bilər. Bu baxımdan hesab edirəm ki, düşmən ölkə tərəfindən yayılan informasiyaların heç bir əsası yoxdur".

Politoloq Qabil Hüseynli isə bildirib ki, Avrasiya İqtisadi İttifaqında işğalçı Ermənistan da təmsil olunduğundan düşmən ölkə hesab edir ki, Türkiyə sözügedən ittifaqla gömrük sazişini bağlasa, sərhədlər açıla bilər: "Düşmən ölkənin fikrincə, Türkiyənin Avrasiya İqtisadi İttifaqına üzv olması üçün Ermənistanın da səsi ona lazım olacaq. Hər kəsə məlumdur ki, Rusiya Avrasiya İqtisadi İttifaqına hansı ölkənin qəbul edilməsini özü həll edir və belə olan halda, Ermənistanın hər hansı səsvermə hüququ heçə enmiş olur".

Politoloqun sözlərinə görə, Ermənistanın sərhədlə bağlı yaydığı informasiyalar növbəti təxribatdır və onun reallaşması mümkün deyil: "Türkiyə heç bir zaman Azərbaycanın ziyanına olan və xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində problem yaradacaq məsələlərə yol verməz. Türkiyə hökuməti bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyini dəfələrlə bəyan edib. Bu baxımdan düşünürəm ki, Ermənistan tərəfindən qaldırılan məsələ sadəcə hay-küy yaratmağa yönəlib".

Q. Hüseynli əlavə edib ki, Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağladığı təqdirdə sərhədlərin açılması məsələsi gündəmə gələ bilər, amma reallaşa bilməz: "Çünki bu, qardaş Türkiyənin tutduğu mövqedir və heç zaman buna razı olmaz. Geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir".

Ceyhun ABASOV

 





25.08.2017    çap et  çap et