525.Az

Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni tapıntılar


 

Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni tapıntılar<b style="color:red"></b>

2017-ci ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli Tarix bədii qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində "Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi" çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatı işini davam etdirirlər.
 
Builki çöl tədqiqatların başlanmasından qısa müddət keçməsinə baxmayaraq, artıq 6 yeni təsvirli daş aşkar edilmişdir. Bu 6 daşda yeni aşkar olunmuş 20-dən artıq qayaüstü təsvirlər əsasən Yazılıtəpə üçün xarakterik olan Tunc Dövrünə aid keçi təsvirləri, antropomorflar, maral təsviri və geometrik işarələrdən ibarətdir. Bununla yanaşı, əvvəllər qeydə alınmış qayalarda müasir qeydiyyat metodlarının tətbiqi nəticəsində yeni təsvirlər qeydə alınmışdır. Əldə olunan bu nəticələr laboratoriya şəraitində digər daşların eskizlərinin hazırlanması zamanı daha çox yeni təsvirlərin müəyyən ediləcəyini güman etməyə əsas verir.

2016-cı ildə Qobustan qoruğunda qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsinə başlanılmışdır. Layihənin məqsədi müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaqdır. İlk olaraq Cingirdağ-Yazılıtəpə sahəsindəki təsvirli daşların sənədləşdirilməsinə başlanılmışdır. Sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunmuşdur

Hər bir təsvirli daşın fotoları çəkilmiş, 3D modeli düzəldilmiş, yeni formatda hazırlanmış qeydiyyat vərəqi doldurulmuş, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilmiş və yeni rəqəmsal metodla eskizləri çıxarılmışdır. Tədqiqat zamanı müasir metodların tətbiqi nəticəsində yeni təsvirlər aşkar edilmişdir.

2016-cı ildə tədqiqat layihəsinin ilkin nəticələri albom-kitab şəklində nəşr edilmişdir. Kitabda nəşr olunmuş 14 təsvirli daşın 3-ü 2016-cı ildə çöl-tədqiqatı zamanı aşkar olunmuşdur. Bu 3 daşın üzərində ümumilikdə 44 təsvir müəyyən edilmişdir. Digər 11 daşda isə əvvəllər məlum olan 112 təsvirdən əlavə 94 yeni təsvir aşkar edilmişdir. Ümumilikdə, bu kitabda nəşr olunmuş 250 təsvirin 138-i yeni aşkar olunmuşdur və ilk dəfə "Qobustan. Yeni baxış, Cingirdağ-Yazılıtəpə 2016-cı il çöl tədqiqatları" kitab-albomunda nəşr olunmuşdur.

Yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır.

 





25.08.2017    çap et  çap et