525.Az

Milli mədəni irsin böyük qayğıkeşi


 

Milli mədəni irsin böyük qayğıkeşi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünyada yeganə Birinci xanımdır ki, həyat yoldaşı və məsləkdaşı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə çiyin-çiyinə öz xalqının rifahı, vətəninin tərəqqisi naminə yorulmadan çalışır.

Bundan əvvəl Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri kimi böyük missiya həyata keçirərək, bütün dünyada vətənimizi yüksək səviyyədə təmsil edib. Onun yüksək təşəbbüsü, dəstəyi ilə istər ölkə daxilində, istərsə də xaricdə son dərəcə böyük və önəmli layihələr gerçəkləşdirilib.

Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq Birinci xanım statusunu məhz Mehriban xanım Əliyeva formalaşdıraraq, bu mövqeyi dünya miqyasında da yüksəldib.

Xeyirxahlığı ilə könüllərə yol tapan Mehriban xanım Əliyevanın qayğısı sayəsində minlərlə insan şəfa tapıb, ailələrə hədsiz sevinc bəxş edilib. Mehriban xanım Əliyeva öz zəngin bilik və bacarığını çoxşaxəli humanitar təşəbbüslərin yüksək səviyyədə reallaşmasına yönəldərək, doğma vətəninə, xalqına, bütün insanlığa əzmlə xidmət edir.

Xüsusən milli mədəni irsin təbliğində, Azərbaycan xalqının mənəvi sərvəti olan muğamlarımızın daha da mükəmməl formada təqdim edilməsində, tanıdılmasında Mehriban xanım Əliyevanın rolu, zəhməti misilsizdir. Mehriban xanım Əliyeva istər ustad sənətkarlarımızı, istər istedadlı gənclərimizi diqqət və qayğı ilə əhatə edib. Onun davamlı fəaliyyəti, böyük zəhməti sayəsində Azərbaycan muğamı özünün intibah dövrünü yaşayır. Dünyanın möhtəşəm konsert salonlarında Azərbaycanın muğamları, xalq mahnılarımız dünya musiqisevərlərinə ən yüksək səviyyədə təqdim edilir.

Muğam sənətimizin sütunlarından biri olan atam - dahi xanəndə Xan Şuşinski 1971-ci ildə Azərbaycan Dövlət Filormaniyasında, ustad tarzən Qurban Pirimovun təbirilə desək, “ Fərhad kimi külüng çaldığı” səhnədə keçirilən 70 illik yubiley tədbirinin sonunda möhtəşəm “Qarabağ şikəstəsi”ni ifa edəndən sonra üzünü tamaşaçılara tutaraq demişdi: “Əzizlərim, muğamlarımızı, xalq musiqimizi uzun illər yad əllərdən, yad nəfəslərdən qoruyaraq bu gün də estafeti verirəm gənclərə. Sizdən bir ricam var: qoruyun muğamatı!”


Bu gün isə mən, Xan Şuşinskinin qızı olaraq deyirəm, ruhun şad olsun, ata! İndi Mehriban xanım Əliyeva böyük dəyanətlə, mətanətlə muğam sənətimizin keşiyində duraraq, onun yaşamasında, dünyaya daha da tanıdılmasında, ən yüksək zirvələrə qalxmasında müstəsna xidmətlər göstərir. Dünyada analoqu olmayan, Bakının yaraşığına, mədəniyyət ünvanına çevrilmiş Beynəlxalq Muğam Mərkəzinin yaradılması, fəaliyyət göstərilməsi, Azərbaycanda beynəlxalq muğam müsabiqələrinin, festivallarının keçirilməsi də bu şəfqət və qayğının nəticəsidir.

Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalça-toxuculuq ənənəsi, tar aləti, çovqan oyunu, kəlağayı, Lahıc misgərliyi, lavaş - bütün bu mədəni-tarixi incilərimiz UNESKO tərəfindən, dünya miqyasında öz layiqli qiymətini alıb. İndi gənc nəslin milli mədəni nümunələrə, muğamlarımıza, aşıq sənətinə, başqa bu kimi sahələrə meyil və rəğbət göstərməsi də buradan qaynaqlanır.

Bu gün - 26 avqust Azərbaycan milli mədəniyyətinin, xalq musiqimizin böyük qayğıkeşi Mehriban xanım Əliyevanın doğum günüdür. Bu, əslində, bütövlükdə xalqımız üçün milli mədəni irsin, muğamın təntənəsi, əlamətdar günüdür. Ürəyimdən bir arzu keçir ki, bu dəyərli gün bizim mədəni ictimaiyyət, sənət mühiti tərəfindən layiqincə, nəhayətsiz sevinc hissilə qeyd olunsun.

Millətimizin, bütün azərbaycanlıların sonsuz sevgisini, dərin hörmətini qazanmış nəcib və xeyirxah insana, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya doğum günü münasibətilə öz adımdan, ailəmiz adından səmimi, hərarətli təbriklər ünvanlayıram! Ona möhkəm can sağlığı, uzun ömür, sonsuz və parlaq səadət, çoxşaxəli fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram!

 





26.08.2017    çap et  çap et