Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Komitədən verilən məlumata görə, tədbirdə sözügedən qurumun Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, icma sədrləri, həkimlər və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov tədbirin mahiyyəti barədə məlumat verib.
Dini icmanın sədri Zeynəb Quliyeva “İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkədəki dini durum və İslam həmrəyliyi ilə bağlı çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlər silsiləsindən dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, prezident İlham Əliyevin “2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” sərəncamı İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədinə xidmət edir. Bu sərəncam mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür. İslama, eləcə də digər dinlərə mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Təyyar Hacıyev deyib ki, dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov İslam dininin bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını, onlarla dialoqa, əməkdaşlığa önəm verdiyini bildirib, “İslam Həmrəyliyi İli” çərçivəsində radikalizm və ekstremizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən keçirilib.
Ceyhun ABASOV
çap et