Avqustun 26-da Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEM) təşkilatçılığı ilə regionların inkişafına alternativ enerji ilə töhfə vermək məqsədilə media nümayəndələri və dövlət agentliyi əməkdaşlarından ibarət 50 nəfərlik nümayəndə heyəti ilə Qobustan rayonuna ekspedisiya yürüşü təşkil edilib.
Qobustan Eksperimental Poliqonu və təlim-tədris mərkəzindən başlayaraq, Qobustan rayonunun ən yüksək zirvəsi adlanan Xilə dağına qədər 8 km məsafəni əhatə edən yürüşdə jurnalistlər müəyyən olunmuş marşrut üzrə ətraf əraziləri, coğrafi landşaftı müşahidə ediblər, təbii göllərdən, çaylardan və digər təbii resurslardan gələcəkdə alternativ enerji qaynaqları kimi istifadə olunması ilə bağlı araşdırmalar aparıblar. Bundan əlavə, jurnalistlərə sözügedən ərazidə müasir infrastrukturun yaradılması və sosial yönümlü layihələrin həyata keçirilməsi potensialı haqqında məlumat verilib. Ekspedisiya üzvləri təxminən 1200 m hündürlükdə yerləşən dağın zirvəsinə qalxaraq günəş enerjisi ilə işıqlanan gecə fənərini və Dövlət Agentliyinin bayrağını sancıblar.
Qobustan rayonu ərazisini əhatə edən yürüşün son dayanacaq nöqtəsi Xilmilli kəndi olub. KİV nümayəndələri orada cari yarımillikdə ABOEM-in ölkəmizdə yenilənə bilən enerji potensialının artırılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr barəsində agentlik sədrinin müavini Cəmil Məlikovun hesabatını dinləyiblər. Sonra sədr müavini jurnalistlərin suallarını cavablandırıb.
Şahanə MÜŞFİQ
çap et