525.Az

Kənd təsərrüfatı sahəsində böyük nəticələr əldə ediləcək


 

Kənd təsərrüfatı sahəsində böyük nəticələr əldə ediləcək<b style="color:red"></b>

Azərbaycanda qeyri-neft sektorunun əsas sahələrindən biri olan kənd təsərrüfatının inkişafı üçün vacib tədbirlər həyata keçirilir. Bu tədbirlər birbaşa dövlət başçısının nəzarəti altındadır.

Prezident mütamadi olaraq regionlara səfərlər edir, görülmüş işlər, problemlərlə maraqlanır və onların həlli üçün göstərişlər verir. Ölkədə kənd təsərrüfatının inkişafı üçün bütün şərait var, üstəlik dövlət başçısının xüsusi diqqəti yaxın gələcəkdə bu sahənin daha da inkişaf edəcəyini göstərir. Həmçinin, Azərbaycanın kənd təsərrüfatı məhsullarına xarici ölkələrdə də böyük tələbat var. İndi qalır həmin məhsulların xarici bazarlara çıxarılmasını sürətləndirmək.

Millət vəkili Azər Badamov deyib ki, Azərbaycanın hər bir regionunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. Onun sözlərinə görə,  ölkədə 40 aqropark kompleksinin yaradılmasının nəzərdə tutulması və icrası ərzaq təhlükəsizliyini təmin etməklə, əhalini etibarlı kənd təsərrüfatı məhsulları ilə təmin edəcək, həm də yüksək standartlarla istehsal olunmuş məhsullar xarici bazarlara ayaq açmağa başlayacaq: "Cari ilin 6 ayında kənd təsərrüfatı məhsullarının ixracının ötən dövrlə müqayisədə 40% artması, Azərbaycanda kənd təsərrüfatı sahəsində yaxın gələcəkdə böyük nəticələrin əldə ediləcəyindən xəbər verir. İstehsal olunan məhsullar, "Made in Azerbaycan" brendi ilə xarici bazarlara çıxarılacaq və bu da ilk növbədə Azərbaycan brendini dünyada tanıdacaq.

Kənd təsərrüfatı məhsullarının müasir innovasiya və elmi əsaslarla istehsalı, emalı, və ixracı regionlarda işsizlik problemini aradan qaldıracaq, ölkənin ərzaq təminatını təmin edəcək və ixrac olunan mallardan valyuta axının olması manatın gücünü daha da artıracaq. Bu da ümumilikdə ölkə iqtisadiyyatının inkişafı və insanların yaxşı yaşamasının təminatı deməkdir".

Deputat əlavə edib ki, ölkə başçısı regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq proqramlar təsdiq edir, tapşırıqlar verir, maliyyə vəsaiti ayırır və icra vəziyyətini şəxsən rayonlara səfərlər etməklə yerində yoxlayır.  Onun sözlərinə görə, regionlarda həyata keçirilən layihələr icraçıların məsuliyyətini artırır, yerlərdə insanlarda işləmək və yaratmaq həvəsini yüksəldir: "Dövlət başçımızın göstərdiyi yüksək diqqət sayəsində regionların sosial infrastrukturu müasirləşib, kənd təsərrüfatının və sənayenin inkişafına təkan verib".

Milli Məclisin deputatı Rauf Əliyev isə hesab edir ki, postneft dövründə də həyata keçirilən yeni iqtisadi kursda götürülən başlıca prinsiplərdən biri sosial siyasətlə bağlıdır. Bu, o deməkdir ki, yenə də qəbul olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanır. Onun sözlərinə görə, ölkənin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb: "Bütün sahələrdə, o cümlədən, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Bu, ona dəlalət edir ki, hökumət ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır. Nəzərinizə çatdırım ki, neft hasil edən və ya mövcud durumdan əziyyət çəkən heç bir ölkədə belə sosialyönümlü addımlar atılmır. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Onun sözlərinə görə, qeyri-neft sektorunun, həmçinin kənd təsərrüfatının inkişafı həm də yeni iş yerlərinin açılmasına səbəb olub: "Ölkəmizdə iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi prioritet hədəflərdən biri kimi müəyyənləşdirilib. Yəni respublikamızda iqtisadiyyatın inkişafına güclü şəkildə siyasi və maddi dəstək verilir, konkret məqsədlərə hesablanan proqramlar qəbul edilir.

Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması isə öz növbəsində sosial məsələlərin həllinə müsbət təsir göstərir. Bütün respublika boyu iqtisadi aktivliyin davamlı şəkildə artması fonunda insanlar layiqli iş yerləri ilə təmin olunurlar və buna paralel şəkildə də onların həyat səviyyəsi yüksəlir.

Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə göstərdiyi siyasi iradə öz müsbət nəticəsini verib. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur".

Deputat əlavə edib ki, ölkədə 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır: "Bu Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Eyni zamanda, ölkə üzrə yaradılan yeni iş yerlərinin böyük əksəriyyəti bölgələrin payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb. Azərbaycan dövləti yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də xüsusi diqqət mərkəzində saxlayır. 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla gedir.

Regionlarda yeni iş yerlərinin yaradılmasının başqa bir önəmini də xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, bölgələrdə yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri doğulduğu bölgələrə möhkəm bağlayır".

PƏRVANƏ

 





29.08.2017    çap et  çap et