Yazıçı-publisist, prezident təqaüdçüsü Böyükxan Bağırlı uzun sürən xəstəlikdən sonra avqustun 26-da 71 yaşında vəfat edib.
21 avqust 1946-cı ildə Cəlilabad rayonunun Alar kəndində anadan olan yazıçı Böyükxan Bağırlı (Bağırov Böyükxan Yadulla oğlu) Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1971-ci ildə Respublika Teleradio şirkətində redaktor kimi başlayan B.Bağırlı həmin vəzifəsini 1981-ci ildən Cəlilabad rayonunun "Yeni yol" qəzetində davam etdirib.
AYB-nin və Jurnalistlər Birliyinin üzvü olan Böyükxan Bağırlı cəsarətli yazılarına görə "Qızıl Qələm" mükafatı alıb. Gənclik illərindən bədii yaradıcılıqla məşğul olan Böyükxan Bağırlı şeir və hekayələr yazıb, "Azərbaycan", "Ulduz", "Ədəbiyyat qəzeti" kimi ədəbi orqanlarda, müxtəlif ədəbi toplularda çap etdirib. 1985-ci ildə "Yazıçı" nəşriyyatı "Müəllifin ilk kitabı" rubrikasından onun "Aynalı gölün payızı" adlı hekayələr kitabını çap etdirib. Bundan başqa, Böyükxan Bağırlının 1982-ci ildə "Cəlilabad" şəkilli bukleti, 2001-ci ildə isə tibb elmləri namizədi Xazay Təhməzova həsr olunmuş "Yaşayın, insanlar" publisistik kitabı işıq üzü görmüşdür. Mətbuat səhifələrində özünə yer almış "Qanlı düzlər" povesti ötən yüzilliyin əvvəllərində Muğanda baş verən siyasi hadisələrdən bəhs edir. Böyükxan Bağırlı "Alar köçü" adlı tarixi-etnoqrafik roman yazıb, 1990-cı illərdə Cənub bölgəsində baş verən siyasi hadisələri dram əsəri kimi qələmə alıb. Onun çoxlu radio hekayələri, ədəbi ssenariləri vardır.
Mir Cəlal, Xalid Əlimirzəyev, Xalidə Hasilova, Əkrəm Əylisli, Vilayət Quliyev, Tehran Əlişanoğlu, Nizaməddin Şəmsizadə, Sabir Əhmədov, Sabir Rüstəmxanlı kimi tanınmış ədəbiyyatşünaslar Böyükxan Bağırlı haqqında tənqidi fikirlər söyləyiblər. Onun hekayələri AYB-də müzakirə olunub, "Nəğməli gecə" hekayəsi xalq artisti Rasim Balayevin ifasında səslənib və Respublika Radiosunun Qızıl Fonduna daxil edilib.
Allah rəhmət eləsin!
çap et