525.Az

Hidayətdən iki esse


 

Hidayətdən iki esse <b style="color:red"></b>

Sentyabrın 5-i Azərbaycanın tanınmış ədibi və ictimai xadimi Hidayətin doğum günüdür.

Ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına layiqli töhfələr vermiş Hidayət bu sahədəki özünəməxsus mövqeyini, fəallığını indi də qoruyub saxlamaqdadır.
 
Doğum günü münasibətilə onu səmimiyyətlə təbrik edir, yaradıcılığından nümunə olaraq iki essesini oxucularımızın diqqətinə çatdırırıq.

HİDAYƏT

İntellektimizin Ağamusa Axundov abidəsi

Artıq uzaqlarda qalmış 1963-cü ilin sentyabrında, Azərbaycan Dövlət Universitetinin tələbəsi olmağa alışmağa başladığım ilk günlərdə məndən bir kurs yuxarıda oxuyan tanış tələbə önümüzdən surətlə addımlayıb ötən gənc, yaraşıqlı, çox cazibədar nəfəri mənə göstərib: “Müəllimimizdir. Bilirsən, nə xoş diksiyası, maraqlı danışıq tərzi var?!” deməsi indiyəcən yadımdadır, gözlərimin önündədir. O vaxtacan - hələ orta məktəbin son  siniflərində ikən filologiya fakültəsinin korifeyləri - Mir Cəlal, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Hadi Mirzəzadə, Əli Sultanlı, Səlim Cəfərov, Bəxtiyar Vahabzadə, Əlövsət Abdullayev, digərləri barədə oxumuşdum, eşitmişdim. O “xoş diksiyalı, maraqlı danışıqlı” gənc, yaraşıqlı, çox cazibədar Ağamusa Axundov barədə isə heç nə bilmirdim.
Gənc yaşlarında filologiya elmləri namizədi, dosent idi. Doktorluq işini tamamlayırdı.

Cəfər Xəndan, Əli Sultanlı dünyasını dəyişmişdi. Ağamusa Axundovdan böyüklər və ya onun yaşıdları Nəsir Məmmədov, Yusif Seyidov, Raifə Həsənova, Pənah Xəlilov, Təhsin Mütəllibov, Firidun Hüseynov, Fərhad Zeynalov, Vaqif Vəliyev, Cəlal Abdullayev, İnayət Bəktaşi, Firuz Sadıqzadə, Xalid Əlimirzəyev və digərləri fakültədə möhkəmlənir, yerlərini tuturdular.

Bu professorların çoxu mənə dərs dedi, məzmunlu mühazirələrini, tələbkarlıqla götürdükləri imtahanları xoş təəssüratla  xatırlayıram. Ancaq  adlarını çəkdiklərim, sonralar hamısı tanınmış olan pedaqoqlardan üçü-dördü mənə dərs demədi, o sırada - “Bir gəncin manifesti”nin, “Yolumuz hayanadır”ın, “Dirilən adam”ın... onlarla hekayənin müəllifi kimi tanıdığım, bütün Azərbaycanın sevdiyi, Hadi Mirzəzadə, Pənah Xəlilovla birlikdə məndən qəbul imtahanı götürən Mir Cəlal və qeyri - adi istedadına, yüksək intellektinə görə,  bu sözüm mübaliğə kimi səslənməsin, - o illərdə bütün Universitetin vurulduğu gənc Ağamusa Axundov!

Mənsə böyük yazıçı, pedaqoq Mir Cəlalı və gənc istedad Ağamusa Axundovu mütləq dinləməliydim. İcazə alıb başqa kurslarda mühazirələrinə qatılmaqdan başqa yol qalmırdı. İcazə verdilər, necə mühazirə dinlədim, seminarlara qatılmaq isə... məsləhət bilinmədi. İllər ötəndən sonra jurnalist, Ağamusa Axundovdan soruşmuşdu: “Hidayət başqa kursdan gəlib Mir Cəlalın və Sizin mühazirələrinizi dinləyirdi. İndi belə hallar olurmu?” Ağamusa müəllim cavab verməyə çətinlik çəkmişdi.

Yalnız mühazirələri deyil, onun qatıldığı, çıxış etdiyi hər tədbir  mənə çox maraqlıydı. Yadımdadır - onun Nəriman Həsənzadənin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin qonağı olması, oxunan şeirləri diqqətlə, səbrlə dinləməsi, peşəkar tənqidçi fikirləri... Onu da yaxşı xatırlayıram - o illərdə cavan olan Fikrət Sadığın yenicə çapdan çıxmış “Cığır” adlı ilk şerlər kitabını utana - utana ona bağışlamasını, oxuyub mütləq fikrini bildirəcəyini söyləməsi... Bir tədbirdə isə... səlis rus  dilində çıxışı məni heyrətləndirdi. Axı,  ana dilimizdə elə təbii intonasiya, elə poetik notlarla danışırdı - inana bilmirdim ki, başqa dildə də belə təsirli danışa bilər!

Bir çıxışı və qeydlərə, suallara tutarlı cavablar verməsi də unudulmazdır: Universitetin (indiki İqtisadiyyat Universitetinin) birinci mərtəbəsindəki akt salonunda keçirilən doktorluq dissertasiyası müdafiəsi. Mən “çağırılmamış qonaq” idim. Təbiidir - dəvət edilməmişdim. Öz təşəbbüsümlə icazə alıb ora qatılmışdım - görüm bu qeyri-adi istedadın müdafiəsi necə keçir?  O günkü çıxışlarında  sevimli dissertant iradlara, qeydlərə necə cavab verir?  Fikirlərinin dərinliyi, məntiqi, mətləbə ünvanlanması, konkretliyi hamını heyran edirdi.

Mən tələbə olanda bilmirdim - elmlər doktoru, professor Ağamusa Axundov da tələbədir. Universitetdə əvəzsiz fəaliyyəti ilə paralel olaraq Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsində (ingilis dili bölümü üzrə) təhsil alır. İnstitutun o vaxtkı bir baməzə yəhudi xanım dosentinin sözü auditoriyaları, dəhlizləri dolaşırmış: “Xarici Dillər İnstitutunda bircə nəfər elmlər doktoru var, o da... tələbədir!”

Tale elə gətirdi - mən gəncliyimdən başlayan illər boyunca Azərbaycandan kənarda yaşadım. Ancaq Ağamusa Axundovla maraqlanırdım. Bilirdim - kafedra müdiridir, filfakın dekanıdır. Əlbəttə, doğma fakültəmin rəhbəri olmağı mənə çox xoş idi, ancaq bu vəzifədə, arada fasilə ilə olsa da, çox qaldı. Anlayırdım - o illərdə adətən istedadlıların, idarəolunmaz gənclərin çox olduğu bu fakültəyə Ağamusa Axundov kimi görkəmli alim, nüfuzlu şəxsiyyət rəhbərlik edə bilərdi. Belə də oldu. Ancaq çox narahat idim: kafedra da, dekanlıq da belə hüdudsuz miqyaslı Alimə, İntellektuala, Şəxsiyyətə çox darısqallıq edər. O, geniş əhatəli işdə, çox yüksək, məsul vəzifədə ölkəmə və xalqıma daha çox xeyir verər, şərəf gətirərdi.

1984-cü ildə Bakıya köçəndən sonra Ağamusa müəllimlə görüşlərimiz intensivləşdi. Bu da taleyin işidir - üç-dörd il yayda o vaxtlar “Leçkomissiya” deyilən qurumun Zaqulbadakı dincərliyində ailəlikcə eyni vaxtda istirahət etdik. Ailələrimiz bir-birini yaxından tanıdılar, sevdilər. Ağamusa müəllimin evində sanki hamı bir-birini tamamlayırdı. Həyat yoldaşı Elmira xanım, qızları Aytəkin, Aygül Flora xanım və Səhərlə şəhərdə də müntəzəm əlaqə saxladılar, görüşdülər. Bizim evdə həmişə onlar haqqında xoş sözlər-söhbətlər olurdu və indi də davam edir.

 Dincərlikdə olanda asudə vaxtlarımız yalnız dənizdə keçmirdi, gəzə-gəzə, ya süfrə  önündə ətraflı söhbət edirdik. Ağamusa müəllim hələ də Akademiyaya  seçilməmişdi. O,  bizim söhbətlərimiz içində yalnız bu  mövzuya son dərəcədə etinasız idi. Demə, Akademiyaya müxbir və ya həqiqi üzv seçilmək üçün heç vaxt müraciət etməyib və buna heç hazırlaşmırdı da.

Sonralar Dilçilik İnstitutuna rəhbərlik etdi, Ulu Öndərimiz ölkəmizə rəhbərliyə qayıdandan sonra müxbir üzv də oldu, həqiqi üzv də, Akademiyada məsul vəzifə tutdu, “Şöhrət” ordeni ilə təltif olundu. Bu titullar və mükafatlar Onun halal haqqıydı, gec də olsa, özünə çatdı.

Bir epizod unudulan deyil. 2000 - ci ildə mənim səksəninci illərin əvvəllərində yazılan, lakin sovet senzurasının qadağa qoyduğu “Bu dünyanın adamları” tragi - komediyam Milli Akademik Dram Teatrımızda tamaşaya qoyuldu.
 
Premyera tamaşalarından birinə Ağamusa Axundov da gəldi. Tamaşadan sonra mənə yaxınlaşdı. Elə bil içi dolmuşdu, ya həyəcanlıydı, çöhrəsi qızarmışdı. Nə isə bəlkə də təsvir edə bilməyəcəyim narahatlıqdan  sonrakı tamam başqa ovqatda idi.

Bir - iki sözlə təbrik etdi.

Sonra tamaşanın proqramını istədi. Proqramı verdilər.

Ayrıldıq.

Bir neçə gün sonra  (15 iyul, 2000) “Mədəniyyət” qəzetində “Qəmli komediya” məqaləsi dərc edildi. O tamaşa haqqında çox yazıldı - hamısını bir yerə yığsaq, pyesin həcmindən 8-10 dəfə çox olar. O müəlliflərin içində professional teatrşünaslar, görkəmli sənət adamları, tanınmış publisistlər var. O yazılardan hansınınsa dəyərini azaltmadan deməliyəm ki, “Qəmli komediya” ən sanballı rəylərdən biriydi. Məqalədə müəllifin professional ədəbiyyatşünaslığı, teatrşünaslığı və düşündürücü publisistikası qabarıq nəzərə çarpır. Bu yazı sanki dörd istedadlı mütəxəssisin qələmindən çıxmışdı: teatrşünasın, ədəbiyyatşünasın, dilçinin və publisistin.

Tamaşadan sonrakı ovqatının səbəbini isə həmin məqalənin ilk sətirlərində özü açır: “Yaradıcılığına və şəxsiyyətinə həmişə böyük hörmət bəslədiyim Hidayətin “Bu dünyanın adamları” pyesinin Akademik Milli Dram Teatrında tamaşasına baxmağa nigarançılıq hissi ilə getdim. Şeir və nəsr əsərlərini oxusam da, nigaran olmağımın səbəbi vardı. Teatr və tamaşaçı probleminə yaxından bələd olduğum, surətli dövrümüzün kino və telefilm imkanlarına öyrəşmiş tamaşaçıya teatr tamaşasının, nə qədər məzmunlu olursa - olsun, yorucu təsir bağışlamasını təcrübəmdən bilirdim.

Şükürlər olsun ki, nigarançılığım bütün tamaşa boyu yavaş-yavaş azaldı; teatrı gözəl bir təəssürat və ovqatla tərk etdim”...

Ağamusa müəllimə zəng çaldım. Dərin təşəkkür etdim. Dedi: “Bu tamaşa uzun  illər boyu repertuarda qalacaq. Rekord göstəriciləri olacaq. Çoxdandır teatrda əllinci, yüzüncü tamaşa bayramı olmayıb. Bu onları keçəcək. 8-10 il... Bəlkə daha çox”.

Bu sözlər illər sonralar yadıma düşdü. Ondan öncə “bağlı tamaşaya”, premyeraya baxan professional teatr xadimlərindən neçəsi mənə deyirdi: “Bu əsər 3-4 il repertuarda qalacaq.” Ağamusa müəllim isə... “8-10” deyir.
Dediyi düz çıxdı: repertuarda səkkiz ildən çox qaldı, 116 tamaşası göstərildi. Subyektiv  münasibətlər, qısqanclıqlar meydan sulamasaydı, azı 150-ci, bəlkə də daha çox tamaşası da göstərilə bilərdi.

Ağamusa Axundov hələ Universitetin son kurslarında oxuyanda fəlsəfə kafedrası onunla çox maraqlanırdı, gələcəkdə bu kafedrada aspirant olmasını istəyirdilər . Estetika mövzusunda da elmi axtarışlar aparması təklif olunurdu. Ədəbiyyat tarixi kafedrası onu öz aspirantı kimi görmək istəyirdi. Digər kafedralardan da təkliflər vardı.

Ancaq dilçiliyi seçdi.

Uzun illər onu müşahidə edəndən, yaxından tanıyandan sonra belə bir qənaətə gəldim: əgər o, hər hansı başqa sahəyə getsəydi, yenə Ağamusa Axundov olacaqdı. Çünki nadir istedadlardan idi. Dərin, dolğun, aydın təfəkkür sahibiydi, mülahizələri, nəzərləri möhkəm məntiqə söykənirdi, kimisə təkrarlamırdı, nəyi vardısa özününkü idi, özgür idi, qabiliyyəti ilə zəhməti vəhdətdəydi, çağdaş düşüncəli, ancaq klassik təvazökarlıq nümunəsiydi.
Belə İnsanlar həyatdan gedəndə dünyada yerləri boş qalsa da, xatirələri ürəkləri doldurur və... ürəklərə sığmır, tunclaşır, həmişəyaşar gerçək obraza çevrilir.

Mənim nəzərimdə hər əsrdə ölməz simaları olan qədim elm  və mədəniyyət tariximizdə o yeni abidədir: intellektimizin Ağamusa Axundov abidəsi!

12 fevral, 2017.
Bişkek.

Ceviz ağacı

“İLLƏR - DÜŞÜNCƏLƏR...” DƏFTƏRİNDƏN

İstanbul kimi nəhəng şəhərə (əslində mən ona “məmləkət” deyirəm) ilk səfər şübhəsiz, unudulmaz olur. Ancaq bir məqam ömrüm boyu unudulmayacaq. Bu “məmləkətlə” mənim tanışlığım ora ilk səfərimdən xeyli-xeyli öncə, yeniyetməlik çağlarımdan müxtəlif tarix, coğrafiya kitablarıyla birgə Nazim Hikmətin, Orxan Vəlinin şeirləri ilə başlamışdı. Ona görə də tarixi abidələrin, məbədlərin önündə ehtiramla baş əyə-əyə, sivilizasiyaların ensiklopediyası olan İstanbulu sanki Nazimlə, Orxanla birlikdə gəzirdim, Orxanın özünü atdığı körpünü, onların gördükləri, təsvir etdikləri küçələri, məhəllələri, ağacları axtarırdım.  

Mən bir ceviz ağacıyam, Gülhanə Parkında,
Nə sən bunun farkındasın, nə də polis farkında... 

...Ona görə də məni ilk dəfə İstanbula dəvət edən Türk Dünyası Araşdırmaları Vəqfinin başkanı Turan Yazqanın “hara getmək, haranı görmək istərdiniz?” sualının “cavab siyahısının” ilk sətirlərinə Topqapı Sarayı, Gülhanə Parkı da daxil edilmişdi. Əlbəttə,  “ceviz ağacı”nın adını da çəkməmişdim. Çünki Turan bəy, indi bilmirəm, o illərdə Nazim Hikməti sevməzdi. O, Nazimin “kommunistliyini”, Türkiyəni tərk edərək əvvəlcə Şərqi Avropanın o vaxtkı sosialist ölkələrinə, sonra isə Moskvaya getməsini, ömrünün sonunacan orada yaşamasını bağışlaya bilmirdi. Ona görə də qəlbimdə bəlkə də qeyri-adi fenomenə çevrilmiş Gülhanə Parkındakı ceviz ağacı barədə nəyisə açıb-ağartmadım. 

...Əvvəlcə Topqapı muzeyində sehrlənirəm. Mehmet Fatehin qılıncını da mənə göstərirlər. Deyirəm, ona şeir yazacağam (amma nədənsə, indiyəcən yaza bilmirəm)... Topxananın sehrlərindən özümə gəlməmiş, əlbəttə, Gülhanədə Ceviz ağacını axtarıram. Düşünürəm: altında əyləşib fikrə dalacağam, Nazimi xatırlayacağam.

Fikirləşirdim: görəsən, Zəngəzurun ceviz ağacları qocamandır, yoxsa Gülhanə Parkının? Həmişə mənə elə gəlib ki, Maralzəmidə, arxa bağçamızdakı ceviz ağacı qocamandır Gülhanə Parkındakından. İçimdə Nazimin şeirinin digər misraları səslənir:

Budak-budak, şehram-şehram ihtiyar bir ceviz... 

Parkda ixtiyar, qocaman ceviz ağacı olar? Özü də dənizlərin qovşağındakı parkda?! Parkda ceviz ağacı deyəndə mənim təsəvvürümə həmişə gənc, heç olmasa, qocalmamış ceviz ağacı gələ bilər. Maralzəmidəki ata-baba evimin arxa baxçasındakı ceviz ağacı qocamandır. Ancaq dibindən axan kənd arxı onu bir az da ixtiyarlaşdırıb, qocaldıbdır. Arxın suyu Maralzəmi dağlarının sərin, saf bulaqlarından olsa da.  

Gəzirəm, axtarıram, balaca Yüksəl demişkən, gah torpağa baxıram, gah göylərə.  Yerdə də ceviz ağacını axtarıram, göylərdə də.

Ceviz ağacı isə ... sadəcə ... yoxdur... Necə ola bilər? Əlacsız qalıb məni müşayiət edən Turan Yazqanın əməkdaşından soruşdum (əlbəttə, ağacın Nazimin şeirlərindən gəldiyini demirəm, axı, onun Nazimə münasibəti mənə məlum deyil). Əməkdaş sualımdan təəccüblənir və qətiyyətlə:

- Hidayət bəy, burada ceviz ağacı yoxdur! - deyir.

 -Siz əvvəllər bura bir neçə dəfə gəlibsiniz?

-Bəli, bəy, tez-tez gəlmişəm. Bu elə parkdır, bir dəfə gələn, yenə gəlmək istəyər. Həm də Turan bəyin ən hörmətli mehmanlarını mən müşayiət edirəm, hamı Topqapı Sarayına baxmaq istəyir, ordan çıxanda isə... çox vaxt bu parkdan keçirik.

“Burda ceviz ağacı ...yoxdur”u təkrarlamaq istəmir, çiyinlərini çəkir, qaşlarını çatır. ... Yenə inanmıram.

Əvəzində “Ceviz ağacı” bütöv səslənir ürəyimdə:

Başım köpük-köpük bulut, içim, dişim deniz, 
Ben bir ceviz ağacıyım Gülhane Parkında.
Budak-budak, şehram-şehram ihtiyar bir ceviz,
Ne sen bunun farkındasın, ne polis farkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkında,
Yapraklarım suda balık gibi kıvıl-kıvıl,
Yapraklarım ipek mendil  gibi tiril-tiril
Koparıver, gözlerinin, gülüm, yaşını sil.
Ben bir ceviz ağacıyım Gülhane Parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında. 
Yapraklarım əllərimdir, tam yüz bin elim var, 
Yüz bin elle dokunurum sana, İstanbula;
Yapraklarım gözlerimdir, şaşarak bakarım,
Yüz bin gözle seyr ederim seni, İstanbulu,
Yüz bin yürek gibi çarpar-çarpar yapraklarım. 
Ben bir ceviz ağacıyım Gülhane Parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında.

Hələ düşünürdüm ki, burda təsadüfən bir polis də qarşıma çıxa bilər, xəyalən, ya gerçəkdə belə bir söhbətimiz olar: - Burda Nazim qarşınıza çıxsaydı, neylərdiniz?

Əlbəttə, polis anlamayacaqdı. “Ceviz ağacı”ndan bir-iki misra deyəcəkdim. Onun Nazim Hikmətə münasibəti necədir, Allah bilir. Sinirlənməsin deyə söyləyəcəkdim: - Nazimi müxtəlif vaxtlarda istintaq edən, ona üst-üstə iyirmi beş il “yatmaq” cəzası kəsmək üçün “əsaslar” hazırlayan müstəntiqdən soruşurlar: “bir insan kimi Nazim Hikmətə münasibətiniz?”

“Onu mən bir kommunist kimi özüm öz əllərimlə güllələyərdim. Bir şair kimi məzarı önündə diz çöküb hönkür-hönkür ağlayardım”, -deyir.

Polis nə qədər sinirlənsə də bu xatirəni eşidəndə bəlkə bir az yumşalacaqdı..

İstanbula gələnə qədər olmamış və indi məlumdur - heç vaxt olmayacaq belə bir epizod da gəlirdi ağlıma. 

Doğurdanmı Gülhanədə ceviz ağacı yoxdur və ... nə Nazim bunun farkındadır, nə də polis farkında. Aralıqda mən qalmışam. Bir az aralıda öz işini görən ixtiyar bağbanı işindən ayırıram:  - Ağsaqqal, qüsura baxmayın, burda bir ceviz ağacı olmalıdır... - Ceviz ağacı? - təəccüblə soruşur qoca bağban, - hayır, əfəndim, hayır... - Siz neçə ildir burda çalışırsınız? - Çoxdan, əfəndim, qırx yıldır.  - Bəlkə əvvəllər burda ceviz ağacı olub? - Hayır, əfəndim, olmayıb, yoxdur. Az qaldı desin: “Olmayacaq da!” Əvvəlcə anlamadım.Sonra anladım - məyus oldum.  Sarsıldım. Göylərə baş vuran ceviz olmayan ağaclara baxa-baxa qaldım.

... Axşam şam süfrəsi ətrafında, özümü saxlaya bilməyib başıma gələnləri Turan bəyə danışdım. Nazim Hikmətin üstündə (əvvəllər neçə dəfə söhbətimiz - mübahisəmiz olmuşdu) məni qınamaq üçün Turan bəyin əlinə sanki fürsət düşmüşdü:  - Nazim Hikmət Türkiyəni elə bilir, elə tanıyır. Nazim Hikmət Sizin qafanızı elə aparıb... - Bizim nəsil Türkiyəni Nazim Hikmətin əsərləri ilə yenidən tanıyıb, sevib... Köhnə öcəşimiz təzədən başladı, uzun çəkdi. Sonra Gülhanədə Ceviz ağacını tapmadığım üçün çox pərt olduğumu və heyrətləndiyimi görüb məni sakitləşdirmək, bəlkə də pərtliyimi soyutmaq üçün: - Sabah mən Sizi bir ceviz ağacının kölgəsinə dəvət edərəm, hesab edin ki, Hikmətin yazdığı ceviz ağacıdır.  Ertəsi gün, nahar sona çathaçatda Turan bəy gerçəkdən dedi: “Çayı Nazimin Ceviz ağacının altına içəcəyik”.

Məni Süleymaniyyə camesinin beş addımlığında olan kafesinə dəvət etdi. Kafe zirzəmi qatındaydı. Ensiz daş pillələrlə xeyli endik. Həyətdəki nazik, demək olar, “gövdəsiz” ceviz ağacı günəşə boylanmaq üçün çox boy atmışdı. Biz onun altında əyləşib pürrəng türk çayı içə-içə o ceviz ağacı boyunca göylərə boylandım, Nazimi xatırladım. - Nazim Hikmət XX yüzilliyin ən böyük şairidir, - deyirəm, - bütün cahanda. Bu əsrdə böyük şairlər çoxdur. Elə Azərbaycanda - Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə..., Rusiyada - Sergey Yesenin, Braziliyada - Jorj Amadu... Səməd Vurğunun misralarını xatırlayıram:Nazim də ucaltsın haqqın səsini  Dəmir pəncərəli zindan içindən. Qatsın nəfəsimə öz nəfəsini  Qavalos Romadan, Siya-U Çindən...

XX əsrdə çoxdur böyük şairlər.  Ancaq ən böyüyü Nazim Hikmətdir.  ... Turan bəyin Nazimə kəskin mənfi münasibəti hiss edilmədən zəifləyirdi.

lll

Nazim o şeiri 1957-ci ildə yazıb, deyəsən Varnada (o Varşavada, Budapeştdə, Parisdə, Praqada da yaşayıb). İstanbulun həsrətiylə. Sonra Moskvada şeirlər yazıb. Səhvlərini anlaya-anlaya.  Moskvada yalnız Leninə, kommunizmə təriflər qoşmayıb.  Vera Tulyakovaya- üçüncü xanımına üz tutub acı-acı söyləyirdi:

Gəlsənə - dedin bana,
Kalsana - dedin bana,
Gülsənə - dedin bana,
Ölsənə - dedin bana...
Gəldim,
Kaldım, Güldüm, Öldüm.

Yenə düşündürücü, həm də kədərli bir epizod düşdü yadıma: Münəvvər xanım Nazimin hüznü günlərində Moskvaya gəlir, “Novo-Deviçye” məzarlığına gedir, orada (düşünülmüş, ya təsadüfən?) Olqa və Vera ilə görüşür. (Olqa Nazimin Moskvada ilk xanımıydı, həkim idi. Həm həkim kimi, həm də ömür-gün yoldaşı kimi şairə çox diqqətlə qulluq edirdi. Sonra Nazim nədənsə Veranın “toruna” düşdü, Olqadan ayrıldı). Üç xanım eyni anlarda Nazimin məzarı önündə dayanırlar, ən çox kövrələni, həyəcanlananı və düşünəni Münəvvər xanım idi! Veraya o şeiri yazanda artıq anlayırdı: Moskvaya ölməyə gəlib...

Anlayırdı: təsəvvür etdiyi, inandığı kommunizm, kommunistlik gördüyü “kommunizmlə”, “kommunistliklə” tərs mütənasibmiş. Bakıda, Akademik Milli Dram Teatrında “Unudulmuş adam”a baxandan sonra aktyor oyunundan, rejissor işindən danışmaq əvəzinə salondolu tamaşaçı önündə uca səslə deyirdi: “Biz Kommunist Partiyasına keçəndə bilirdik: bu yol ölümə, həbsxanaya aparır, amma yolumuzdan dönmürdük. Sizsə  (oxu: bütün SSRİ) vəzifə almaq üçün Kommunist partiyasına keçirsiniz!” Əkslikləri, ziddiyyətləri görürdü. Anlayırdı. Ona görə elə yazırdı: Mən bir ceviz ağacıyam Gülhanə Parkında...  Gülhanədə həqiqətən ceviz ağacı yoxdur. Bəlkə Nazimin bir fanatı haçansa Gülhanədə bir ceviz ağacı əkib gövdəsində o misranı yazacaq.... Və Nazim də həqiqətən İstanbulda deyil.

23 noyabr, 2011.

 





04.09.2017    çap et  çap et