525.Az

Çayçılığın inkişafı yeni mərhələdə: Tənəzzül artıq aradan qaldırılıb


 

Çayçılığın inkişafı yeni mərhələdə: <b style="color:red">Tənəzzül artıq aradan qaldırılıb</b>

Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün ardıcıl islahatlar həyata keçirilməkdədir. Artıq bu islahatlar öz bəhrəsini verməkdədir.
 
Yaxın gələcəkdə isə biz daha böyük nəticələrin şahidi olacağıq. Kənd təsərrüfatının ənənəvi sahələrdən biri də çayçılıqdır. Azərbaycan çayın vətəni hesab olunur. Ölkəmizdə çox gözəl çay ənənəsi mövcuddur. Evə gələn qonağa ilk olaraq çay təklif olunur. Çay həm də bir mədəniyyətdir. Azərbaycanın çay mədəniyyəti, qonağa təqdim olunan çay dəstgahı isə çox fərqli və özünəməxsusluğu ilə fərqlənir.

Xatırladaq ki, çay bitkisinin ilk dəfə Azərbaycana XIX əsrin sonlarında gətirildiyi deyilsə də, rəsmi mənbələrdə bu, 1912-ci il kimi göstərilir. Belə ki, həmin ildə Azərbaycanın Lənkəran bölgəsinə çay bitkisi  gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Respublikamızda çayçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilib və çayın istehsalı 26 min tona çatıb. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib. Azərbaycanda yerli çayın istehsalı 1980-ci illərin ortalarında maksimuma çatıb. Həmin vaxt bu göstərici 8,6 min ton, çay kolluqları sahələri isə 13,4 min hektar olub. 300 milyon əhalisi olan SSRİ-nin çaya təlabatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilib. O dövrdə Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik var idi. Eyni zamanda, Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərir, bu müəssisələrdə minlərlə işçi çalışırdı.

Daha sonrakı dövrdə bu sahədə bir durğunluq müşahidə olunsa da, indi vəziyyət dəyişib. Ölkəmizdə postneft dövrünün elan edilməsindən sonra qeyri-neft sektoru, o cümlədən, kənd təsərrüfatı, onun ənənəvi sahələri də dirçəlməyə başladı. Bu gün Azərbaycanın kənd təsərrüfatında çayçılıq öz yerini tutmaqdadır. Ötən həftə sonu Azərbaycan prezidentinin sədrliyi ilə Lənkəranda keçirilmiş çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində  dövlət başçısı vurğulayıb ki, ölkədə çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir. İlham Əliyev vurğulayıb ki, ötən əsrin 80-ci illərindən fərqli olaraq, bu gün bu sahə üzrə kənd təsərrüfatı elmi inkişaf edib. Dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır.

Prezident  nəzərə çatdırıb ki, 2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib: "Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək. Başqa sahələrdə olduğu kimi, nəzərə alsaq ki, indi Azərbaycanda çayçılıq geniş vüsət alır, bir neçə çayçılıq təsərrüfatı yaradılır, hesab edirəm, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması məsələsinə də baxmaq olar. Digər sahələrdə belə assosiasiyalar bizim tövsiyəmizlə yaradılıb. Onlar, əlbəttə ki, o sahələrin inkişafına xidmət göstərir".

Dövlət başçısı deyib ki, ölkəmizdə istehsal olunan məhsulların böyük həcmdə xarici bazarlarda təqdim olunması ilə bağlı tədbirlər görülür: "Çayçılıqda yaşanan tənəzzül artıq aradan qaldırılıb, bu sahənin inkişafı ilə bağlı tədbirlər görülür. Hazırda min hektarda çay plantasiyaları salınır, bu göstəricinin artırılması qarşıda bir məqsəd kimi dayanır. Çay plantasiyalarının su təminatının həyata keçirilməsi, qabaqcıl texnologiyanın tətbiqi, bu sahədə idxaldan asılılığın azaldılması və ixracın artırılması vacib şərtdir”.

Millət vəkili Tahir Mirkişili deyib ki, çayçılıq cənub bölgəsi üçün ənənəvi bir sahədir. O xatırladıb ki, vaxtilə bu bölgədə 12 min hektardan 26 min ton çay tədarük edilirdi: "Amma hazırda 1000 hektarda çay əkilir və əkin sahələri getdikcə artırılır. Çayçılıq xüsusi yanaşma tələb edir, çay kolları 7 ildən sonra tam məhsuldarlığa çatır. Dövlət başçısının göstərişi ilə iri çayçılıq təsərrüfatlarının yaradılması, innovativ texnikanın cəlb olunması və elmi yanaşmaların tətbiqi bu sahənin də ciddi inkişafına səbəb olacaqdır".

T.Mirkişili ölkəmizdə aqrar sektorun inkişafına diqqət çəkərək vurğulayıb ki, əhalinin özünüməşğulluq səviyyəsinin artırılması prioritet məsələlərdəndir. Onun sözlərinə görə, 2004-cü ildən başlayaraq həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" aqrar-sənaye kompleksinin böyük həcmdə inkişafına artıq zəmin yaratmaqdadır: "İlk öncə ərzaq təhlükəsizliyi məsələlərini həll edən aqrar sektorun qarşısında hazırda mövcud potensialı kommersiyalaşdırmaq kimi mühüm bir vəzifə durur. Bunun üçün mühüm dövlət dəstəyi də göstərilir. Son 1 ildəki rəqəmlər göstərir ki, aqrar sektorda istehsal və ixracın həcmi artmaqla yanaşı, məhsulun kommersiya dəyəri artır. Regionlarda yaşayan əhalinin gəlirlərində dəyişiklik nəzərə çarpır. Məhz bu göstəricilərin artması aparılan aqrar siyasətin bəhrəsidir. Azərbaycanın regionları həm iqlim, həm də torpaq ehtiyatlarına görə müxtəlif məhsullar üzrə ixtisaslaşırlar. Elmi araşdırmaların tətbiq olunması, regionun şəraitinə uyğun məhsulların becərilməsi effektivlik üçün mühüm şərtdir və cənab Prezident müşavirədə bu məsələlərə xüsusi diqqət yetirdi".

Millət vəkili Azərbaycanın cənub bölgəsində ənənəvi olaraq çay, çəltik və sitrus meyvələrinin becərildiyini qeyd edərək, vurğulayıb ki, vaxtilə bu bölgədə 70 mindən çox insan bu məhsulların becərilməsi ilə məşğul olub: "Həm də, bu məhsullar əhaliyə kifayət qədər maliyyə vəsaiti əldə etməyə imkan verir. Orta hesabla çəltik əkilməsindən bir fermerin qazandığı məbləğ 8000 manatdan çoxdur. Bu, onu deməyə əsas verir ki, potensial böyükdür, bu potensialı reallaşdırmaq üçün fermerlərə lazım olan dövlət dəstəyi verilir və yeni dəstək formalarının da tətbiq olunması üçün ölkə başçısı müvafiq göstərişlər verib".

Onu da qeyd edək ki, Azərbaycanda çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

Bu sahənin inkişaf etdirilməsi üçün "Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı"nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq.

PƏRVANƏ

 





06.09.2017    çap et  çap et