525.Az

Xalça Muzeyində ustad dərsləri


 

Xalça Muzeyində ustad dərsləri<b style="color:red"></b>

Sentyabrın 5-də Azərbaycan Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində "Kaytaq" tikməsi üzrə sərgi və ustad dərslərinə start verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova və Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Qeyd edilib ki, Azərbaycan və rus dillərində təşkil olunan kursda iştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar. Dərslərdə bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi və bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyəti olan şəxslər iştirak edə bilərlər.

Ustad dərsləri ilə yanaşı, sentyabrın 20-dək Azərbaycan Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi də təşkil olunacaq. Burada müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim ediləcək.

Diqqətə çatdırılıb ki, Xalça Muzeyi tərəfindən həyata keçirilən "Azərbaycanın mədəni sərvəti" layihəsinin məqsədi unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. Ölkəmizə xas olan tikmə növləri, xovsuz xalçaların toxunması, misgərlik, zərgərlik, dulusçuluq və digər sənət növləri bu layihəyə daxildir.

Parça, tikmə və milli geyimlərin bərpası "Azərbaycanın mədəni sərvəti" layihəsinin bir proqramıdır. Proqram UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların hazırlanması və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.

Qeyd edilib ki, dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisat İsmayılova tərəfindən aparılacaq.

Sonda iştirakçılar sərgi ilə tanış olublar.

 





06.09.2017    çap et  çap et