525.Az

Lənkəran müşavirəsi: bölgənin ənənəvi aqrar sahələri dirçəldilir


 

"REGİONLARIN İNKİŞAF ETDİRİLMƏSİ VƏ ƏNƏNƏVİ SEKTORLARIN DÖVLƏT TƏRƏFİNDƏN DƏSTƏKLƏNMƏSİ AZƏRBAYCANDA QEYRİ-NEFT İXRACATININ ARTMASINA GƏTİRİB ÇIXARACAQ"

Lənkəran müşavirəsi:<b style="color:red"> bölgənin ənənəvi aqrar sahələri dirçəldilir</b>

Məlum olduğu kimi, sentyabrın 2-də prezident İlham Əliyev cənub bölgəsinə səfər edib.

AZƏRTAC-ın məlumatına görə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə yerində tanış olmaq, növbəti dövr üçün yerli və mərkəzi icra hakimiyyəti orqanları qarşısında yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən səfər çərçivəsində ölkə başçısı əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı, 32,2 kilometrlik Masallı-Cəlilabad hissələrinin açılış, Cəlilabadda içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimlərində iştirak edib, Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub. Bundan başqa, dövlət rəhbəri Cəlilabadda "Avanqard" Məhdud Məsuliyyətli Cəmiyyətinin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsinin açılışında iştirak edib,  "Günəşli-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkında yaradılan şəraitlə tanış olub. Daha sonra ölkə başçısı Lənkəranda "Yaşıl Çay", "Astaraçay"  plantasiyalarında görülən işlərə baxış keçirib, "Cənub-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik sahələri ilə yerində tanış olub və çəltik zavodunun açılışını edib.

Prezident İlham Əliyev cənub bölgəsində həyata keçirilən bir sıra sosial-iqtisadi layihələrlə yaxından tanış olduqdan sonra sentyabrın 3-də çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib. Yerli və mərkəzi icra oqranlarının rəhbər şəxsləri, iş adamlarının iştirakı ilə Lənkəranda baş tutan toplantıda çıxış edən ölkə başçısı son dövrlər ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlara, görülən işlərə toxunub, cənub zonası üçün ənənəvi kənd təsərrüfatı sahələri hesab olunan çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələləri ilə bağlı fikirlərini bildirib: "Şadam ki, son vaxtlar ölkəmizdə bu sahələrə dövlətin dəstəyi hesabına diqqət artır. Bu, çox sevindirici haldır. Ümumiyyətlə, kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir. Əlbəttə, ilk növbədə, biz ərzaq təhlükəsizliyi məsələlərini həll etməli idik və bu istiqamətdə çox önəmli addımlar atılıb. Bununla bərabər, biz kənd təsərrüfatının bütün ənənəvi sahələrini inkişaf etdirməli idik. Əslində, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf gedib və bu gün də bu inkişaf davam edir".

Prezident bildirib ki, bu illər ərzində iqtisadi inkişafın əsası qoyulub: "Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Biz özümüzü elektrik enerjisi, qazla təmin edə bilmirdik, idxaldan asılı idik. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. İlk növbədə inkişaf üçün baza yaratdıq. Son illərdə 20-dən çox elektrik stansiyası tikilib. İndi nəinki özümüzü təmin edirik, elektrik enerjisini xarici ölkələrə də ixrac edirik. Azərbaycanda qazlaşdırma çox aşağı səviyyədə idi. Xatırlayıram, 2000-ci ildə parlament seçkiləri ərəfəsində mən Lənkəran rayonuna gəlmişdim. O vaxt vətəndaşlarla görüş zamanı ən çox qaldırılan məsələ təbii qazın olmaması idi. Ancaq bu gün Lənkəran rayonunun təxminən 90 faizi qazlaşdırılıb. Ölkə üzrə isə qazlaşdırma 93 faizə çatıb. Növbəti illərdə bütün bölgələrdə qazlaşdırma işləri davam etdiriləcək. Biz təbii qazı ixrac etməyə başlamışıq və ölkəmizə çox lazım olan valyuta gəlir". Son illər ərzində ölkədə 11 min kilometrdən çox avtomobil yolunun salındığını deyən İlham Əliyev qeyd edib ki, bu yollar bütün bölgələri bir-biri ilə bağlayır: "Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar, kənd yolları ilə bağlı işlər çox geniş vüsət alıb. Bu, həm sosial, həm də iqtisadi layihələrdir. Çünki fermerlər, sahibkarlar yaxşı bilirlər ki, yol olmadan inkişafdan söhbət gedə bilməz. Gözəl yol kənd təsərrüfatının da, turizmin də inkişafına çox böyük təkan verir. Bu gün biz bunu əyani şəkildə görürük. Bir sözlə, biz sürətli iqtisadi inkişaf üçün əvvəlki illərdə yeniləşmiş, müasir infrastruktur yaratdıq ki, bundan sonra bunun əsasında uğurla inkişaf edə bilək".

Paralel olaraq sosial infrastruktur məsələlərinə də böyük diqqət göstərildiyini deyən prezident bildirib ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olub. Son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradıldı və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıb, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb".

Dövlət başçısı qeyd edib ki, fermerlər və sahibkarların işini yüngülləşdirmək üçün bir çox önəmli tədbirlər görülüb: "İlk növbədə onlara maddi resurs verilməli idi. Biz də bunu edirik. Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib. Əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub. Kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb. Metodik tövsiyələr verilir. Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük. Bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb. Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir. Bir sözlə, 2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır. Beləliklə, biz gələcək inkişaf üçün də gözəl şərait yaradırıq".

Müşavirədə bölgənin ənənəvi kənd təsərrüfatı sahələri hesab olunan çay, çəltik və sitrus meyvələri istehsalı sahələrinin inkişafı ilə bağlı məsələləri müzakirəyə çıxaran prezident bildirib ki, Azərbaycanda bu sahələrin böyük ənənələri var: "Son vaxtlar bu istiqamətdə də önəmli addımlar atılır. Əminəm ki, bu müşavirədən sonra bu üç önəmli sahənin inkişafına yeni təkan veriləcək. Çünki dövlət artıq bu sahələrə öz dəstəyini çox ciddi şəkildə ortaya qoyur".

Ölkə baçısı qeyd edib ki, təcrübə göstərir ki, dövlət dəstəyi olmadan kənd təsərrüfatı uğurla inkişaf edə bilməz: "Çünki dövlət bütün lazımi tədbirləri görür, vəsait qoyur, infrastruktur yaradır, texnika ilə, gübrələrlə təmin edir, laboratoriyalar təşkil edilir. Bütün ölkə üzrə toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları təşkil olunub. Metodik tövsiyələr verilir. Eyni zamanda, bu yaxınlarda yaradılmış tədarük-təchizat qurumu da fermerlərə kömək göstərir, məhsulu onlardan alır. Ona görə bu üç ənənəvi sahəyə çox böyük diqqət göstərilir və göstəriləcək. Əminəm ki, müşavirənin nəticəsində biz bu sahələrdə daha da sürətli inkişafı görəcəyik".

Dövlət rəhbəri vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır: "Eyni zamanda, qeyd etdiyim kimi, kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Kənd təsərrüfatının bütün sahələri bizim üçün əhəmiyyətlidir. Biz ölkəmiz üçün ənənəvi olan sahələri dirçəldirik, bərpa edirik, yeni sahələr yaradılır. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə çox böyük nəticələr əldə edilib. Bunu həm statistik göstəricilər, həm də real həyat göstərir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir".

Müşavriədə prezident qarşıya bir sıra vəzifələr də qoyub: "Ənənəvi olan sahələrin bərpası, dirçəldilməsi prosesi növbəti illərdə daha da sürətlə getməlidir ki, biz tezliklə bu ənənəvi sahələri bərpa edə bilək. Bu gün müzakirə mövzusu olan ənənəvi sahələrin bərpası artıq böyük bir canlanmaya gətirib çıxarıb. Bu siyasət fermerlər tərəfindən bəyənilir. Artıq yüzlərlə, minlərlə yeni iş yeri yaradılır. Vaxtilə baxımsız olan, istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir, insanlar işə cəlb olunublar. Beləliklə, biz kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirərək bir neçə məqsədə çatmış oluruq. Ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılır və Azərbaycan dünya bazarlarına öz keyfiyyətli məhsulunu təqdim edir. Onu da qeyd etməliyəm ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük. Azərbaycanın ticarət evləri yaradılır. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir. Mən də xarici səfərlərimdə və həmkarlarımı Azərbaycanda qəbul edərkən bu məsələləri daim qaldırıram ki, Azərbaycan məhsulları müvafiq ölkələrə ixrac edilsin".

Prezidentin sədrliyi ilə Lənkəranda keçirilən respublika müşavirəsində müzakirə olunan məsələlərlə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü. deputat Vahid Əhmədov qeyd edib ki, son dövrlər qeyri-neft sektorunun inkişaf ilə bağlı ciddi addımlar atılır: "Artıq Strateji Yol Xəritəsi təsdiq olunub. Prezident İlham Əliyev administrasiya ilə birlikdə bu məsələlərlə çox ciddi şəkildə məşğul olur. Xüsusilə, kənd təsərrüfatı qeyri-neft sektoru sahəsi olduğu üçün bunun inkişafına diqqət artırılır. Pambıq, barama, tütün, çay, çəltik və digər sahələr inkişaf etdirilməlidir. Ölkə başçısı müşavirədəki çıxışında bu məsələlərə geniş şəkildə yer ayırıb və bu sahələrinin inkişafının davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib".

Son vaxtlar qeyd olunan sahələrdə inkişafın qeydə alındığını deyən deputat bildirib ki, prezident İlham Əliyev kənd təsərrüfatının inkişafını diqqət mərkəzində saxlayır, şəxsən bögələrə səfər edir, sahibkarlarla görüşür, vəsait ayırır, görülən işlərlə yerində tanış olur. Yəni, dövlət başçısı bu sahələrin inkişafına konkret olaraq dəstək verir".

V.Əhmədovun sözlərinə görə, ilin birinci yarısında ixrac ilk dəfə olaraq idxalı üstələyib: "Əsəs məqsəd idxalı artırmaqdan ibarətdir. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi qeyri-neft sektorunun inkişafını labüd edir. Prezident ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına diqqət ayrımaqla bərabər, emal sənayesinin də yaradılması istiqamətində müvafiq tapşırıqlar verib. Yaxın vaxtlarda bu işlərlə əlaqədar xüsusi bir proqram işlənib hazırlanacaq. Ümumi götürdükdə isə Strateji Yol Xəritəsi mövcuddur və buna uyğun olaraq fəaliyyət aparılır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, artıq ənənəvi olaraq regionlarda bu cür tədbirlər həyata keçirilir: "Ölkə prezidenti respublika müşavirələrində iştirak edir, hökumət və yerli icra hakimiyyəti orqanları qarşısında öz tapşırıq və göstərişlərini verir. Bu mənada, Qax, Yevlax, Saatlı və Lənkəranda keçirilən müşavirələrdə bir qayda olaraq qeyri-neft sektoru, o cümlədən, aqrar sahədə prioritet istiqamətlər üzrə həyata keçirilən tədbirlər müzakirə olunur və qarşıya yeni tapşırıqlar qoyulur".

V.Bayramov qeyd edib ki, təşkil olunan sonuncu müşavirə Lənkəran iqtisadi rayonunun inkişafı üçün əhəmiyyətli tədbir kimi qiymətləndirilməlidir: "Müşavirədə çayçılıq, çəltikçilik və sitrus meyvələri üzrə bölgənin potensialı və icrac imkanları müzakirə olunub və buna uyğun olaraq prezident İlham Əliyev Azərbaycan hökuməti, eləcə də Kənd təsərrüfatı və İqtisadiyyat nazirlikləri qarşısında müvafiq tapşırıqlar qoyub".

İqtisadçı alimin sözlərinə görə, çayçılıq Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrindən biridir: "Ölkəmiz çay istehsalı və emalında üstünlüyə malikdir. Bu gün dünya bazarında çayın qiymətində artımlar müşahidə olunur. 1 kiloqram çay 3,8 dollara qədər yüksəlib. Bu da yalnız 2017-ci ilin ötən aylarında 30 faizlik qiymət artımından xəbər verir. Eyni zamanda, çay istehlakı üzrə qlobal xəritəyə diqqət yetirsək, Rusiya, Qazaxıstan və Türkiyə kimi Azərbaycana yaxın ölkələr adambaşına düşən çay istehlakına görə dünyada ilk 15-liyə daxildir. Regionun çaya tələbatının yüksək olması Azərbaycanda istehsal edilən çayın emal edilərək ixrac imkanlarının artmasına şərait yaradır. Azərbaycanın çayçılıq sahəsində ixracının olmasına baxmayaraq 2016-cı ildə 45 milyon dollar dəyərində çay idxal edilib. Bu mənada, əsas məqsəd idxaldan aslılığı azaltmaq, ölkədən əlavə vəsait axının çıxmasının qarşısını almaqla, qonşu və yeni bazarlara çay məhsullarının çıxarılmasını təmin etməkdir. Hazırda Rusiya, Qazaxıstan, Türkiyə və Gürcüstanda "Azərçay" markasının satışı təşkil edilməkdədir. Bu, Azərbaycan çayının satış dairəsinin genişlənməsindən xəbər verir".

Ekspert bildirib ki, çəltik, tütün istehsalı, sitrus meyvələr istehsalında Azərbaycan həm iqlim, həm də müqayisəli üstünlük baxımından kifayət qədər əlverişli mövqedə yerləşir: "Ötən il təxminən 37 milyon dollarlıq düyü idxal edilib. Çəltik və düyü istehsalının artırılması ona görə vacibdir ki, məhz idxaldan asılılığı aradan qaldırmaq mümkün olsun və ixrac imkanları yaransın".

V.Bayramovun sözlərinə görə, müşavirədə diqqətçəkən məqamlardan biri də ölkə başçısı Lənkəranda yeni emal müəssisəsinin yaradılması ilə bağlı tapşırıq verib: "Bu da nəticə etibarilə istehsal edilən məhsulların xammal formasında deyil, emal edilərək dünya bazarına çıxarılması və eləcə də daxili təlabatların ödənilməsinə imkan yaradacaq. Bununla da ölkədə yeni iş yerlərinin yaradılmasına müsbət təsir edəcək".

Mərkəz sədri hesab edir ki, müşavirədə ortaya qoyulan məsələlər, hədəf və prioritetlər həm regionların inkişafı, həm də bölgələrdə yeni iş yerlərinin yaradılması, məşğulluğun təmini baxımından vacibdir: "Regionların inkişaf etdirilməsi və ənənəvi sektorların dövlət tərəfindən dəstəklənməsi nəticə etibarilə Azərbaycanda qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq".

Ceyhun ABASOV

 





06.09.2017    çap et  çap et