525.Az

Hollandiyada Azərbaycan Mədəniyyəti günü


 

Hollandiyada Azərbaycan Mədəniyyəti günü <b style="color:red"></b>

Hollandiyanın Bildts mərkəzi kitabxanasında Azərbaycan Mədəniyyəti günü keçirilib.

Diaspor Jurnalistləri Birliyindən verilən məlumata görə, “Niderland-Azərbaycan Evi” Təşkilatının sədri Elxan Mirhəşimli tərəfindən keçirilən tədbirdə Azərbaycan mətbəxi, brend məhsulları təqdim olunub və ölkəmizin turizm potensialından danışılıb.

Tədbirə Hollandiyanın KİV nümayəndələri və bələdiyyə üzvləri də qatılıb. Mədəniyyəti günü çərçivəsində Bildts mərkəzi kitabxanasına Azərbaycanın tarixi, diasporu, mədəniyyəti haqqında, həmçinin, Qarabağ həqiqətləri və erməni terrorundan bəhs edən kitablar hədiyyə olunub. Bütün kitablar kitabxanada elektron formada qeydiyyatdan keçirilib.

E.Mirhəşimlinin verdiyi məlumata görə, Bildts mərkəzi kitabxanasında Azərbaycan guşəsi açılacaq.

Bildts mərkəzi kitabxanasında araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı da olub. Əsasən hollandların iştirak etdiyi təqdimat mərasimində E.Mirhəşimli çıxış edərək kitabın özəlliyi və əhəmiyyəti haqqında məlumat verib.

E.Mirhəşimli qeyd edib ki, kitabda dünya ölkələrində yaşayan 173 azərbaycanlının müsahibəsi yer alıb: “Kitabda ən çox (11 nəfər) Niderlandda yaşayan Azərbaycan diaspor üzvlərinin müsahibəsi var. Həmçinin, kitabda Niderlandın “Connect” təşkilatının həmtəsisçisi və katibi Vim van Embden də müsahibəsi verilib. 11 nəfər soydaşımızın diaspor olaraq Niderland-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində, adət-ənənələrin qorunmasında əhəmiyyətli rolu var. Onlar, həmçinin, Niderlandın iqtisadi, elmi-texniki, mədəni inkişafına öz töhfələrini verirlər”.

Mədəniyyəti günü çərçivəsində Azərbaycanının tanınmış rəssamı İntiqam Ağayevin “İrs” jurnalının da təqdimatı olub.

Ceyhun ABASOV

 





07.09.2017    çap et  çap et